Əməkdaşımızın Türkiyəyə səfər edən xarici ölkə mediasının təmsilçiləri ilə təmaslarından maraqlı qeydlər; özbək jurnalist: "Biz çox istərdik ki, Özbəkistan hökuməti də jurnalistlərə mənzil hədiyyə etsin”
Türkiyə hökumətinin dəvəti və təşkilatçılığı ilə bir həftə qardaş ölkəyə etdiyimiz səfər çərçivəsində digər 31 ölkəni təmsil edən media mənsubları ilə təmasda olub onların Azərbaycan, Qarabağ torpaqlarının işğalda olması kimi məsələlərə münasibətini öyrənməyə çalışdıq.
Səfər qrafiki çox sıx tərtib olunsa da, təyyarədə, yaxud avtobusda da yol yolçuluğumuz zamanı xaricilərlə ünsiyyət qurub həm onların düşüncələri ilə tanış olmağa, həm də Azərbaycan həqiqətlərini yaymağa çalışırdıq. Hər halda, ABŞ, İtaliya, Rusiya, Argentina, İspaniya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, bir sıra ərəb ölkələri daxil onlarla ölkədən gəlmiş mətbuat nümayəndələrinin geri dönəndən sonra Türkiyə ilə yanaşı, Azərbaycan haqqında da nələr yazacağı bizi vətəndaş olaraq çox qayğılandırırdı. Amma etiraf edim ki, bir çox jurnalistlərdən müsahibə almaq çox çətin oldu. Hətta əslən Lerik rayonundan olan, babaları repressiya dövründə Qazaxıstana sürgün edilən xanım həmkarımız birmənalı şəkildə müsahibədən imtina etdi. ABŞ-dan olan həmkarımız Ned Levin də öz aramızda söhbətimizə razılaşsa da, dediklərinin ictimailəşməsinə razı olmadı. Həmkarlarımız bura danışmaq üçün yox, yazmaq üçün gəldiklərini dedilər. Həmsöhbət olduqlarımız da oldu.
![]()
Gleb Şelkunov: "Qarabağ bizdən uzaqdır”
"Kommersant” qəzetinin əməkdaşı Gleb Şelkunovdan Rusiya-Azərbaycan münasibətləri barədə soruşanda nikbin danışdı: "Elə bilirəm ki, Rusiya ilə Azərbaycan arasında normal, dostluq münasibətləri var və hər hansı problem yoxdur”. Sözarası dedi ki, iki il əvvəl Azərbaycanda olub: "Azərbaycanda rusdilli əhalinin kompakt yaşadığı bir neçə kənddə olduq, İsmayıllı rayonunun İvanovka kəndində, Nikitin adına sovxozda olduq. Rus əhali orada normal yaşayır, kənd təsərrüfatı ilə məşğul olanlar çoxdur. Rus olduqları üçün onlara hər hansı problem yaradılmır”. Moskvanın işğalçı Ermənistana dəstəyi, Qarabağın işğalı barədə də həmkarımın münasibətini öyrənmək istədim. Lakin "bu, prezidentlərin, siyasətçilərin işidir” deyərək cavab verməkdən yayındı. Ardinca da "Qarabağ bizdən uzaqdır. Ona görə mən şəxsən onunla maraqlanmıram. Bütün münaqişələr ölkələr arasında danışıqla həll olunmalıdır”-deməklə kifayətləndi.
Rus jurnalistlərin təəccübü
Qəzetin digər əməkdaşı Kirill Krivoşeyev isə dedi ki, ötən il Tərtər bölgəsində, həmçinin Füzulinin Alxanlı kəndi, həmçinin Ağdam rayonunun bir sıra yaşayış məntəqələrində olub, baş verənləri öz gözləri ilə görüb. Yenidən Azərbaycana gəlmək istəyini də ifadə etdi. Azərbaycan prezidentinin sərəncamı ilə işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpa olunmasından da xəbərdardır: "Mən bu dəfə Cocuq Mərcanlıya getmək istəyirəm”. Qarabağ məsələsinin həll yolu ilə bağlı mövqeyini soruşanda isə deyir ki, tərəflərin qarşılıqlı güzəştləri münaqişəyə son qoya bilər. Hətta o, Laçın dəhlizini "Ermənistana verməyin zəruriliyindən” də danışır. Rus jurnalistə Bakıda 30 min erməninin təhlükəsiz yaşadığını və işğala son qoyulduğu halda, Qarabağ ermənilərinin də təhlükəsiz yaşayacağını deyəndə bir az da təəccübləndi.
![]()
Baş redaktoru erməni olan "İzvestiya” qəzetinin əməkdaşı Nikolay Surkov isə Azərbaycana qarşı daha sərt mövqedədir. Qarabağın işğaldan azad edilməsini mümkün saymayan, Rusiyanın Ermənistanı tək qoymayacağını deyən rus jurnalist açıq şəkildə ermənipərəst mövqe sərgilədi. Lakin uzun çəkən söhbətimiz zamanı Ermənistan prezidentinin uşaq qatili olması, Xocalı soyqırımında şəxsən iştirakı ilə Tomas De Vala etiraf etməsini deyəndə Nikolay təəccübləndi. Söz verdi ki, Sərkisyanın həmin müsahibəsini tapıb oxuyacaq. Bunlar isə onu deməyə əsas verir ki, Azərbaycanın müvafiq qurumları ölkə rəhbərliyinin bəyan etdiyi kimi, xarici media ilə intensiv işləməli, erməni vəhşilikləri ilə bağlı həqiqətləri mütəmadi şəkildə yaymalı, diaspora təşkilatlarımız və diplomatik nümayəndələrimiz bir an belə bu istiqamətdə fəaliyyətini dayandırmamalıdır.
![]()
"Bakıdakı Qız qalasını görmək həsrətindəyəm”
Azərbaycan həqiqətlərindən kifayət qədər məlumatlı olan həmkarlarımızla da ünsiyyətdə olduq. Məlum oldu ki, Azərbaycanı, Bakını görmək istəyənlər kifayət qədərdir.
Özbəkistanın tinews.us saytı və "Darakçi” qəzetinin müxbiri Abduvali Saybnazarov "Yeni Müsavat”a açıqlamasında dedi ki, Azərbaycan, onun turizmi haqqında çox məqalələr yazıb: "İndi Azərbaycanda yeni beşulduzlu hotellər tikilir, bundan da xəbərim var. Ermənistan-Azərbaycan konflikti barədə də kifayət qədər məlumatlıyam. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə yaxından əməkdaşlıq edirik. İyul ayında 10 nəfərlik nümayəndə heyəti ilə Azərbaycanın Bakı, Qəbələ və başqa görməli yerlərinə səfər edəcəyik, parlamentdə, ziyalılarla görüşlərimiz olacaq. Mümkündür ki, jurnalistlərlə də görüşümüz olsun. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun təşkilatçılığı ilə özbək media mənsubları Azərbaycanı daha da yaxından tanımaq imkanı əldə edəcəklər. Eşitdiyimə görə, Azərbaycan müstəqillik dövründə çox dəyişib, Bakı kifayət qədər gözəlləşib. Bu barədə mənə dostlar danışıb və oxumuşam, amma Bakıya ilk dəfə gələcəyəm. Bakıdakı Qız qalasını görmək həsrətindəyəm”.
![]()
Özbək jurnalist Xocalı soyqırımı haqda kitab yazır
Abduvali Saybnazarov dedi ki, Xocalı soyqırımı haqqında kitab yazmağa başlayıb: "Bu səfərdə əlavə məlumatlar əldə etmək üçün Xocalı şahidləri ilə görüşmək niyyətindəyəm”. Qarabağın işğalı barədə danışan özbək jurnalist dedi ki, bu, Rusiya və Ermənistanın davam edən təcavüzüdür: "Bu konflikt 250 ildir davam edir. Onlar dünya birliyinə bəyan edirlər ki, türklər və azərbaycanlılar işğalçıdır. Amma əslində genosidi ermənilər törədib, Xocalıda dinc insanları qətlə yetiriblər. Özbəkistan həmişə olduğu kimi, bundan sonra Azərbaycanın mövqeyini müdafiə edəcək. Bu günə qədər Daşkənd İrəvanla diplomatik əlaqələr qurmayıb. Keçmiş prezident İslam Kərimovun dövründə belə idi, indiki prezident Şövkət Mirzioyev də həmin kursu davam etdirir”. Həmkarımız İ.Kərimovdan sonrakı dönəmlə bağlı da danışdı və ciddi dəyişikliklərin olduğunu vurğuladı: "Yeni prezidentin dövründə çox dəyişikliklər oldu. Bütün sahələrdə dəyişikliklərə gedildi, iqtisadi, siyasi islahatlar aparıldı. Xalqla birbaşa rabitə yaradılması üçün virtual qəbul yaradılıb. Problemi olan şəxs prezidentlə virtual əlaqə yaradıb ona sözünü deyə bilir. Vilayət və rayonlarda xalq üçün qəbullar keçirilir. Əvvəlkindən fərqli olaraq, mətbuat prezidenti də, məmurları da tənqid edir”.
"Biz çox istərdik ki, Özbəkistan hökuməti də jurnalistlərə mənzil hədiyyə etsin”
Özbək jurnalist mətbuatın durumundan danışarkən Özbəkistan və Azərbaycan mediası arasından paralellər apardı, həmçinin Azərbaycan dövlətinin mətbuat nümayəndələrinə mənzil hədiyyə etməsindən xəbərdar olduğunu bildirdi: "Bizdə ”Altın kalam" ("Qızıl Qələm”-E.P.) müsabiqəsi var jurnalistlər üçün. Bu müsabiqə hər il keçirilir və qaliblərə prizlər verir. Jurnalistlərə qrant da ayrılır. Amma Azərbaycandan fərqli olaraq bizdə jurnalistlərə mənzil hədiyyə olunmur. Azərbaycan dövlətinin jurnalistlərə mənzil verməsi barədə eşitmişəm. Bu, çox yaxşı hadisədir. Biz çox istərdik ki, Özbəkistan hökuməti də jurnalistlərə mənzil hədiyyə etsin". Özbək jurnalist onu da dedi ki, Daşkənddəki Azərbaycan səfiri Azərbaycan haqqında ən yaxşı yazan jurnalistlər üçün müsabiqə elan edir və sonda onları mükafatlandırır.
"Gülnarə Kərimova sakit həyatını yaşayır”
Həmsöhbətimdən eks-prezidentin qızı, qalmaqalları ilə xeyli müddətdir dünya mediasını məşğul edən Gülnarə Kərimova barədə də soruşuram. "Gülnarə Kərimova da sadə Özbəkistan vətəndaşıdır, sakit həyatını yaşayır, hakimiyyətin də onunla heç bir işi yoxdur. Düzdür, onun nə işlə məşğul olduğunu bilmirəm, amma azadlıqdadır, həbsdə deyil”-deyir. Əlavə edir ki, ölkədə İslam Kərimov adına Beynəlxalq Fond var, onun sədri Gülnarənin bacısı Lalə Tillayeva Kərimovadır: "Onlar iki bacıdırlar, indiki prezidentimizin də onlara münasibəti yaxşıdır, hörmətlə yanaşır. Gülnarə Kərimova mənim üçün maraqlı deyil, ona görə də ondan müsahibə götürməmişəm. Amma məncə, indi onun özü də mətbuatla ünsiyyətə maraq göstərmir”.
Hacımurad Atakulov: "Biz də Azərbaycan torpaqlarının işğalına görə üzülürük”
Özbəkistanı təmsil edən digər həmkarımız Hacımurad Atakulov isə 36 ildir mətbuatdadır. Müstəqil ORİAT Teleradiokompaniyasının baş redaktorudur. Deyir ki, SSRİ dövründə Azərbaycanda olub: "Onda Bakıda bütün dinlər üzrə beynəlxalq konfrans keçirilirdi. Azərbaycan xalqı çox yaxşı xalqdır, qonaqpərvər, səmimidir”.
Qarabağın işğalına son qoyulmasını da çox arzulayır: "Təbii ki, başqa ölkənin sənin torpağını işğalı etməsi və geri qaytarmaması çox pisdir. Bu mənada biz də Azərbaycan torpaqlarının işğalına görə üzülürük. Ancaq bütün məsələləri sülh yolu ilə, konstruktivcəsinə həll etmək lazımdır. İnsan dünyaya bir dəfə gəlir, niyə müharibə etməlidir? Biz hamımız bir planetdə yaşayırıq, bizim planet balaca kənddir. Necə ki, biz 5 saatdan sonra başqa yerdə ola bilirik, qısa müddətdə bir neçə min kilometr qət edirik. Ona görə hamımız bu kiçik planeti qorumalıyıq”.