Yolların bağlanmasına görə işə gecikənlər - qanun kimin tərəfindədir?

"Əgər işçi işəgötürənə sübut edə bilirsə ki, o, işə gələrkən yolların bağlı olması səbəbindən...”


İyunun 22-dən 25-dək Azərbaycanda keçiriləcək "Formula-1" Azərbaycan Qran-prisinə hazırlıq işləri sürətləndirilib. Artıq təşkilati məsələlər də həll olunub və bu səbəbdən bir çox yollarda hərəkət məhdudlaşdırılıb. Nəticədə paytaxt sakinlərinin gediş-gəlişində çətinliklər yaranıb. Xüsusən yarışların keçirildiyi əraziyə yaxın yerlərdə yaşayan sakinlərin səhər saatlarında işə getməsi problemə çevrilib.

Bu mənada idarə və müəssisələrdə işçilərlə problemlər yaşanması ehtimalı da gündəmə gəlir. Bəs görəsən, bu məsələ Əmək Məcəlləsində necə nəzərdə tutulub? İşçi ölkədə keçirilən beynəlxalq tədbirlər səbəbindən yollarda yaranmış tıxacda qalaraq işə gecikərsə, bu zaman işəgötürən necə davranmalıdır? Belə olan vəziyyətdə işçiyə töhmət və ya cəza verilə bilərmi?

Qanunda hansı güzəştlər nəzərdə tutulub?

Image result for Müdafiə Liqasının sədri Sahib Məmmədov


"Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirdi ki, bu məsələ qanunvericilikdə birbaşa qeyd olunmayıb: "Ancaq belə bir məsələ var ki, işçi əmək müqaviləsində nəzərdə tutulan əmək funksiyalarını yerinə yetirməyə borcludur. O, işə gəlmədikdə, gecikdikdə bu, əmək müqaviləsinin şərtlərinin pozulması kimi qiymətləndirilir. Burada əsas məsələ işə gecikmənin üzürlü və ya üzürsüz səbəbdən olmasıdır. Üzürsüz səbəbdən olanda işəgötürənin işçini inzibati qaydada tənbeh etmək hüququ yaranır. Bu zaman işəgötürən töhmət verə bilər, tənqid edə bilər, son xəbərdarlıq və şiddətli töhmət verə bilər. Ən nəhayət, Əmək Məcəlləsinin 70 C bəndinə görə əmək müqaviləsinə xitam verə bilər. Əgər işçi sistemli və zərərli şəkildə öz əmək funksiyalarını yerinə yetirmirsə, bu halda müqaviləyə xitam verilə bilər. Bunlardan biri də işə daimi gecikmək ola bilər, gəlməmək ola bilər. Bunun nəticəsində işəgötürənə maddi ziyan dəyə bilər. Belə olan halda işəgötürən işçini uzaqlaşdıra bilər”.


Konkret olaraq, "Formula-1" yarışları ilə bağlı yaranmış situasiyaya gəlincə, Sahib Məmmədov bildirdi ki, bu tədbirlərin keçiriləcəyi ərazinin radiusuna düşən iş yerlərində, ümumiyyətlə, fəaliyyət dayanıb: ”Həmin idarə və müəssisələrdə işçilərə çox böyük güzəştlər edirlər, ya işdən evə tez buraxırlar, ya gecikməsinə göz yumurlar. Eləcə də digər iş yerləri 5-6 günlük bir tədbiri nəzərə almalıdırlar və güzəşt etməlidirlər. Əgər işçi işəgötürənə sübut edə bilirsə ki, o, işə gələrkən yolların bağlı olması səbəbindən, nəqliyyatın dayanması səbəbindən gecikib, o zaman bu nəzərə alınmalıdır. Onu nəzərə almadan işəgötürən hansısa inzibati tənbeh metodu tətbiq etsə, işçinin şikayət hüququ yarana bilər, işəgötürəni məhkəməyə verə bilər".


Ekspert bu məsələdə hər iki tərəfin anlayışlı davranmasını vacib saydı: "Mən indiki halda hansısa müəssisə rəhbərinin işçisi ilə bu məsələyə görə pis davranacağını gözləmirəm. Əgər kimsə işçi ilə münasibətlərini pozmaq üçün bəhanə axtarırsa, bu başqa məsələdir. İşçilər də bu məsələdə məsuliyyətli olmalıdırlar. Bəzən elə ola bilər ki, işçinin gecikməsi müəssisə rəhbərinə maddi ziyan vura bilər. Ona görə də bugünlərdə əvvəlki vaxtdan da 1 saat tez evdən çıxıb işə vaxtında çatmağa çalışmalıdır. Tərəflər bu məsələni dostcasına həll etməlidir, nəinki qanunvericilik çərçivəsində...”





[email protected]