Azərbaycan neftinin dünya bazarına çıxmasından artıq 20 ilə yaxın vaxt ötür. Bu müddət ərzində neftin qiyməti dəfələrlə dəyişikliyə uğrayıb. Hətta bəzən iki il öncəki qiymətlə 100 dollar fərq yaşanıb.
Bəs görəsən, son 20 ildə dünya bazarında neftin ən ucuz və ən bahalı qiyməti neçə olub?
Bu sualı "Yeni Müsavat”a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, neftin bir barelinin 8 dollara satıldığı vaxtlar da olub: "Azərbaycan nefti dünya bazarına 1998-ci ildən çıxıb. ”Azəri-Çıraq-Günəşli" yatağından çıxarılan neft 1998-ci ilin martından hasil edilməyə başlanılıb. Dövlət Neft Şirkətinin hasil etdiyi neft isə 1997-ci ilin dekabrında satılıb. Dünya bazarında neftin ən ucuz dövrü 1998-ci ildə olub. O zaman Azərbaycan nefti Novorossiyskdən ixrac edilirdi. Orada Rusiya xam neftinin qarışığı kimi bazara çıxarılırdı. O, "Brent” markalı neftdən 1,5-2 dollaracan ucuz olurdu. Həmin ilin 3-cü rübündə "Brent” markalı neftin qiyməti 10 dollara kimi ucuzlaşmışdı. Onda demək olar ki, Azərbaycan 8-8,5 dollar ətrafında neft ixrac etmişdi. Ancaq 1998-ci ildə neftin bir barelinin orta qiyməti 14 dollar olub. Azərbaycan nefti o zaman 12 dollardan bir qədər baha qiymətə satılırdı".
Ekspert vurğuladı ki, dünya bazarında neftin ən bahalı dövrü 2012-ci ildə olub: "O zaman neftin bir barelinin orta ixrac qiyməti 112 dollar idi. Artıq Bakı-Tiflis-Ceyhandan gedən neft il ərzində orta hesabla bu qiymətə satılırdı. Satdığımız neftin ən baha qiyməti isə 2008-ci ildə qeydə alınıb. Həmin il ”Brent" markalı neftin ən yüksək qiyməti 148 dollar olmuşdu".