Hazırda müqəddəs Ramazan ayını yaşayırıq. Oruc tutmaq hər bir müsəlmanın əməl etməli olduğu beş vacib şərtdən biri sayılır. Ramazan ayının əsas xüsusiyyətlərindən biri də oruc tutanlar üçün iftar süfrələrinin açılmasıdır. Adətən müsəlman ölkələrində, o cümlədən qardaş Türkiyədə dövlət qurumları, partiyalar və digər təşkilatlar tərəfindən kütləvi iftar məclisləri təşkil edilir. Məclislərdə rəsmilər də yaxından iştirak edir, sadə vətəndaşlarla birgə iftar açırlar. Ölkəmizdə də hər il müxtəlif partiyalar iftar məclisləri təşkil edir. Bəs bu il hansı partiyalar iftar süfrəsi açacaq?
Mövzu ilə bağlı "Yeni Müsavat” bir sıra partiyalar arasında sorğu keçirib.
Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyev qeyd edib ki, partiyanın bu haqda qərarı tezliklə açıqlanacaq: "Bilirsiniz ki, belə bir ənənə Ümid Partiyasında olub. Belə ki, əvvəlki illərdə Ramazan bayramı münasibətilə partiyamızda bayram süfrəsi təşkil olunub. Bu il belə bir tədbirin olub-olmaması haqda indidən nəsə demək çox tezdir. Bayram ərəfəsində bu məsələ yəqin ki, bir daha dəyərləndiriləcək. Partiyanın qərarı haqda da o zaman ictimaiyyətə məlumat veriləcək”.
AG Partiyanın sədri Tural Abbaslı isə bildirib ki, partiyanın iftar süfrəsi açılması ilə bağlı planı var:
"Əvvəla, fürsətdən istifadə edərək bütün mömin və inanclı həmvətənlərimizi müqəddəs Ramazan ayı münasibətilə təbrik edirəm. Uca Allahdan hamımızın bütün ibadətlərinin, oruc və dualarının qəbulunu diləyirəm. Bizim AĞ Partiya olaraq Ramazan ayında iftar süfrəsi açmaq planımız var. Ancaq bu məsələlər siyasi partiyalar üçün o qədər də asan deyil. Çünki iftarı təşkil edənin müxalifyönümlü partiya olduğunu bilən kimi məkan sahibləri ehtiyatlanır və müxtəlif bəhanələrlə imtina edir. Hələ Ramazan ayının ortasındayıq, ümud edirəm ki, uyğun məkan tapa biləcəyik. Ancaq bundan əlavə olaraq dostlarımız mütəmadi kiçik iftar süfrələri təşkil edirlər və hamımız bu iftarlarda iştirak etməyə çalışırıq. Unudulmamalıdır ki, iftar süfrələri həm də həmrəylik, bütövlük, birlik üçün lazım olan tədbirlərdir. Qismət olsa AĞ Partiya adından da təşkil edəcəyik, inşallah”.
Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatını rəhbəri Samir Əsədli qeyd etdi ki, hələ ki partiyada iftar süfrəsi ilə bağlı məsələ müzakirə edilməyib:
"Sadəcə, partiya rəhbərliyinə daxil olan şəxslər iftar süfrəsi təşkil edib, oruc tutan yoldaşları dəvət ediblər”.
KXCP sədrinin müavini Xəzər Teyyublu: "Partiya səviyyəsində bu haqda danışmağa çətinlik çəkirəm. Lakin partiyada oruc tutan əməkdaşlarımız var və onlar müxtəlif məclislərə dəvətlər alırlar”.
ADP sədrinin müavini Həsrət Rüstəmov da hələlik partiyanın bu haqda qərarı olmadığını bildirdi:
"Ötən illərdə partiya oruc tutan əməkdaşları üçün iftar süfrəsi açıb. Lakin bu il bu cür məclisin keçiriləcəyi haqda dəqiq heç bir məlumat yoxdur”.