“Hədəfə gələ bilərik”

İlham İsmayıl parlamentin terror təşkilatlarını tanımasına zərurət görmür, çünki...

Son zamanlar terror təşkilatlarının və terrorçuların əhatə dairələrinin genişləndiyinin şahidi oluruq. Artıq terror təhlükəsinin cənub sərhədlərimizə yaxınlaşdığını görürük. Son olaraq, İranda baş verən məlum terror aktından çıxış edərək bunu söyləmək mümkündür.


Bütün bunların fonunda Azərbaycanda terror təşkilatları, eləcə də terrorçularla bağlı parlamentdə qanun layihəsinin müzakirəyə çıxarılmaması və bu istiqamətdə qanunların qəbul edilməməsi daim suallar doğurur. Ekspertlərin bununla bağlı fikirləri birmənalı deyil. Bəziləri düşünür ki, belə məsələlərin böyüdülməməsi doğru addımdır. Bunu deyənlər təhlükəsizlik və hədəfə gəlməmə baxımından fikirlərini əsaslandırırlar.


Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl terror təşkilatları və terrorçularla bağlı qərarların dövlətlərin apardıqları siyasətlə bağlı olduğunu söylədi:"Dövlətlər var ki, terror təşkilatları və terrorçularla bağlı qanunlar qəbul edirlər, dövlətlər də var ki, belə qanunlar qəbul etmirlər. Bu hər bir dövlətin siyasəti ilə bağlıdır. Daha çox böyük dövlətlər, məsələn, Rusiya, ABŞ və digər bu kimi ölkələrin götürdükləri xəttə uyğun da başqa dövlətlər siyasət yürüdürlər. İŞİD Rusiya və Amerikada qadağan olunmuş terror təşkilatı kimi tanınır. Azərbaycanda niyə belə deyil? Çünki dövlətin siyasəti var. Hamımız bilirik ki, İŞİD terror təşkilatıdır. Onu qanunvericiliyə salmaq üçün gərək dünyada olan bütün terror təşkilatlarının adları bizə verilsin ki, biz də onların adlarını salaq. O zaman gərək Azərbaycanla bağlı, ölkəmizə təhlükə törədəcək təşkilatlarla bağlı qərarlar qəbul edək. Məsələ qanunların qəbul edilməsindən getmir. Məsələn, qonşuluğumuzda olan PKK-nı terror təşkilatı kimi tanıyaq ya yox? Burada tanıyıb-tanımamaqdan söhbət getməməlidir. Əsas məsələ terror təşkilatına qarşı mübarizənin təşkilindən gedir. Düzdür, terrorizmə qarşı beynəlxalq konvensiyanın üzvüyük. Dünya ölkələri ilə birlikdə fəaliyyət göstəririk. Qanunvericilik əsas deyil, əsas olan mübarizə, digər dövlətlərlə bu istiqamətdə fəaliyyət göstərmək, fikir mübadiləsi aparmaqdır”.


Təhlükəsizlik eksperti təhlükəsizlik, ehtiyat etmək baxımından belə qanunların qəbul edilməməsini istisna saymır: "Deyilən fikirlərdə həqiqətlər var. PKK-nın terror təşkilatı kimi bizdə qəbul olunması ilə bağlı konkret qanun qəbul olunmayıb. Amma PKK bizə çox yaxın olan Türkiyədədir. PKK-nın maliyyə baxımından Azərbaycanda əlaqələrinin olduğu, eləcə də onlara buradan verilən dəstək də məlumdur. Bu terror təşkilatının hədəfində olmadığımız da məlumdur. Amma sizin dediyiniz kimi, o qanun qəbul olunsa, bəlkə də hədəfə gələ bilərik. Lakin İŞİD-in terror təşkilatı kimi tanınmaması, məncə, hədəfə gəlməklə bağlı deyil. Onsuz da hamı bilir ki, İŞİD terror təşkilatıdır. Biz də hər zaman bunu yazırıq, deyirik, amma rəsmiləşmir. Qanunvericiliyə salınsa belə, terror təşkilatı bitə bilməz. Məsələn, Cənubi Amerikada da terror təşkilatı var, onun bizə nə dəxli var? İspaniyada Kataloniyanın müstəqilliyini istəyən ETO təşkilatı var, bunun bizə nə aidiyyəti? Öz siyasətimizə, geopolitkamıza uyğun hərəkətlər etməliyik. Bəzən xüsusi hədəfə gəlməmək üçün belə siyasət yürütmək lazım gəlir”.




[email protected]