İyunun 26-da Azərbaycanda Silahlı Qüvvələrin yaradılmasının 99 ili tamam olur. Bəs bu gün münasibətilə ölkədə hərbi parad keçiriləcəkmi?

Öncə xatırladaq ki, sonuncu təntənəli hərbi parad 2013-cü ildə Azadlıq meydanında Silahlı Qüvvələrin yaradılmasının 95 illiyi münasibətilə keçirilmişdi. Həmin zaman keçirilən təntənəli parada Ermənistanın dövlət rəsmiləri təlaş içərisində reaksiyalar vermişdilər. Hətta düşmən ölkədə 2013-cü ilin iyunun 28-də hava hücumundan müdafiə qüvvələrinin, aviasiya texnikasının nümayişini keçirilmişdi. 2013-cü ildən bəri isə cəbhədə Azərbaycan ordusu xeyli uğurlara imza atıb. Buna misal kimi aprel döyüşlərini göstərə bilərik.
Hərbi ekspert Üzeyir Cəfərov "Yeni Müsavat”a bildirdi ki, əslində Azərbaycanın hər bir tədbiri düşmənə mesaj, xəbərdarlıqdır: "Hərbi paradın keçirilib-keçirilməyəcəyi ilə bağlı rəsmilər qərar verirlər. Bildiyim qədərilə hansısa formada ordu gününə hazırlıq gedir. Eyni zamanda bir şeyi də qeyd edim ki, görünən budur ki, Ali Baş Komandanın da ordu ilə bağlı bəzi düşüncələri və planları var. Ümid edirəm ki, onlar yaxın zamanlarda reallaşacaq. Çünki bu planların reallaşması ordunun şəxsi heyəti tərəfindən çox müsbət qarşılanacaq və Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti də artacaq. Həmin qərarların qəbuluna böyük ehtiyac var. Elə şey var ki, biz onları açıqlaya bilmirik. Ancaq yaxın zamanlarda hesab edirəm ki, bu istiqamətdə ruhverici addımlar atılacaq. Prezidentin hərbi məsələlər üzrə müşavirinin və müdafiə şöbəsinin rəhbər şəxslərinin vəzifələrindən azad olunması onu deməyə əsas verir ki, Ali Baş Komanda ordu ilə bağlı daha mütərəqqi addımlar atmaq fikrindədir”.

Ü.Cəfərovun sözlərinə görə, hərbi paradlar və təlimlər həm də hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi və şəxsi heyətinin döyüş ruhunun artmasında çox böyük rol oynayır: "Məndə olan məlumata görə, şəxsi heyət Bakı ətrafındakı hərbi hissələrin birində Silahlı Qüvvələr günü ilə bağlı müəyyən hazırlıq işlərini həyata keçirir. İstənilən tədbir düşmənə bir mesaj olacaq ki, Azərbaycanın mövqeyi qətidir və bu mövqedən geri çəkilməyib, Silahlı Qüvvələrimizi daha da gücləndirəcəyik. Bu proses o vaxta qədər davam edəcək ki, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunacaq. Düşmən özü də anlayır ki, silahlanma baxımından Azərbaycan Ermənistanı 20 dəfə üstələyir. Sülh Araşdırmaları İnstitutunun hesabatına diqqət yetirsək, orada çox maraqlı rəqəmlərin şahidi ola bilərik. Oradan da görünür ki, düşmən silahların sayına və tərkibinə görə Azərbaycandan çox geridədir. Bütün bunlar düşmən tərəfindən də nəzərə alındığı üçün cəbhədə bir qədər sakitlik nümayiş etdirirlər”.
Ekspert bildirib ki, yaşanan aprel döyüşündə qüvvələrimiz heç müasir döyüş anlamında döyüşə qatılmamışdılar: "Həmin zaman biz yalnız düşmənin həmləsini dəf edəndən sonra onlara cavab zərbələri endirməklə bir neçə günə həm Lələtəpə, həm də Talış istiqamətində müəyyən üstünlüyə malik olub, torpaqlarımızı silahlı qüvvələrimizin nəzarəti altına qaytara bildik. Ondan sonra çox gözləntilər olsa da təəssüf ki, ermənipərəst qüvvələr, Ermənistanın havadarları prosesin irəli aparılmasına maneə oldular. Ötən illər ərzində uğurlarımızdan biri də silahlı qüvvələrimizə yeni hərbi texnikaların alınması, müəyyən işləri aparılmasıdır. Bəziləri hesab edirlərsə ki, bu qədər silah almaq nəyə lazımdır, bu, kökündən yanlış olan bir fikirdir. Biz silahlı kefimizdən almırıq. Güclü silah o deməkdir ki, düşmən anlayır ki, qarşı tərəfdə onu hər an cəzalandıracaq alətlər mövcuddur. Bu silahları mütləq şəkildə almalıyıq ki, onlar, son nəticədə bizim uğurumuzu gətirsinlər. Alınan silahlar sırf müdafiə və təhlükəsizlik tədbirlərini bir qədər də genişləndirmək məqsədilə alınır. Həmin proses bu il də davam etdiriləcək”.
Ekspert yay aylarında cəbhədə nələrin yaşana biləcəyi ilə bağlı da proqnozunu verdi:"Onsuz da cəbhədə hər an gərginlik var. Sadəcə olaraq bu gərginlik bəzən artır, bəzən isə azalır. Ancaq məsələyə birmənalı qiymət vermək də çətindir. Nəzərə alsaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona hazırlaşırlar, o zaman demək olar ki, erməni təxribatının sayı xeyli artacaq. Belə olduğu halda isə biz son dərəcə diqqətli və ehtiyatlı olmalıyıq. Bu, elə bir məsələdir ki, düşmənə etibar etmək olmaz. Düşmənin məqsəd-məramı aydındır. Onlar istəyirlər ki, cəbhədə qan tökülsün və mənasız danışıqlar prosesində yenidən nəyisə müzakirə etsinlər. Ona görə də hesab edirəm ki, baş verənlərə hazır olmaq lazımdır”.