“Lapşin məhkəmədə layiqli cəzasını almalıdır, ondan sonra...”

Məhkəməsi başlamaq üzrə olan bloggeri nə gözləyir-onun əfv edilməsi mümkündür?

Bakıda həbsdə olan İsrail əsilli Rusiya vətəndaşı, blogger Aleksandr Lapşinin istintaqı başa çatıb və yaxın günlərdə iş məhkəməyə göndəriləcək.

Hazırda əsas müzakirə olunan məsələlərdən biri də Lapşinə hansı cəzanın verilə biləcəyidir. Onun həbsxanaya, yoxsa evinə dönəcəyi suallar yaradır.


A.Lapşinə oxunacaq hökmdən sonra onun prezident İlham Əliyev tərəfindən əfv oluna biləcəyi ilə bağlı iddialar da meydana çıxıb. Özü də bir nəfərlik əfv sərəncamının imzalanacağı və həmin bir nəfərin də blogger olacağı bildirilir.


Politoloq Elxan Şahinoğlu Lapşinin hansı halda əfv edilə biləcəyinin mümkünlüyündən söz açdı: "Fikrimcə, əvvəlcə Lapşin məhkəmədə layiqli cəzasını almalıdır və bir müddət həbsdə yatmalıdır, ondan sonra onun əfvi mümkündür. Sadəcə, mənə elə gəlir ki, tələsmək lazım deyil. Elə etmək lazımdır ki, Lapşini Dilqəm Əsgərovla dəyişdirə bilək. Ən azı buna çalışmaq lazımdır. Hər ikisi Rusiya vətəndaşıdır. Həm də Lapşin sərbəst buraxılandan sonra yenidən Azərbaycanın ünvanına ağzına gələni danışacaq. Buna şübhə etmirəm. Rusiyanın Azərbaycanın daxili işlərinə qarışmasına imkan vermək olmaz. Necə ki, Moskva məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə qərar verib, eləcə də Bakıdakı məhkəmənin Lapşinə verəcəyi qərara Moskva qarışmamalıdır. Qarışmaq istəsə, Moskvaya onların konqreslə bağlı qərarını xatırlatmaq lazım gələcək. Lapşin suçludur. Birincisi, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa gəlib. Doğrudur, başqaları da Dağlıq Qarabağa icazəsiz gəlir və onların isimləri qara dəftərə salınır. Ancaq Lapşin olayı fərqlidir. Lapşin qadağaya rəğmən, ikinci pasportla Azərbaycana gəlib və bununla bizi lağa qoymağa çalışıb”.


Politoloq Azərbaycan tərəfin bloggerin ekstradisiyası zamanı onun nəticələrini düşünmək məcburiyyətində olduğunu da qeyd etdi: "Azərbaycan hüquq-mühafizə orqanları Lapşinin Belarusdan ekstradisyasına qərar verdikdə bunun nəticələrini düşünmək məcburiyyətində idi. Yəni Rusiyadakı müxtəlif mərkəzlərin Lapşinin həbsinə görə Azərbaycana təzyiq edəcəyini əvvəlcən proqnozlaşdırmalı idilər. Artıq geriyə yol yoxdur. Lapşin qısa müddətdə həbsdən azad edilsə, bu, Azərbaycanın Rusiyanın təzyiqlərindən çəkindiyi anlamına gələcək. Ona görə təzyiqlərə dözmək lazımdır”.


Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”,"Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.


O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.


A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.


Ötən ilin dekabrında Minsk məhkəməsinin qərarı ilə həbs edilən A.Lapşinin bu ilin fevralında Azərbaycan hökuməti Bakıya ekstradisiyasına nail olub.





[email protected]