5-ci dəfə aclıq aksiyası keçirən məhkumu müalicə müəssisəsinə köçürdülər

Barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il 6 ay azadlıqdan məhrum etmə cəzası çıxarılan Yan Raznobarski saxlanıldığı Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasından Məhkumların Müalicə Müəssisəsinə köçürülüb. Bu haqda məlumat verən onun xanımı Sofiya Xaliman deyib ki, Y.Raznobarski müalicə müəssisəsinə köçürülməsinin əleyhinə olub:

"Yan həbs olunandan sonra tələb edirdi ki, iş üzrə obyektiv araşdırma aparılsın, əməli düzgün tövsif olunsun. Bu gün də onun 15 il 6 ay müddətinə azadlqıdan məhrum etmə cəzasına məhkum edildiyini eşidənlər təəccüb edirlər. Səbəb də odur ki, onun odlu silahla özü də istəmədən ayağından yaraladığı şəxs sağdır. Yəni bu işdə qəsd yoxdur. Qəsd yoxdursa, Yana 29.120-ci - qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham verə bilməzdilər. Amma verdilər. İbtidai istintaq dövründə baş verən qanunsuzluqlar məhkəmədə davam etdirildi və ona çox ağır cəza təyin olundu. Yan aclıq keçirərək tələb edir ki, əməli düzgün tövsif olunsun. O, iş üzrə zərərçəkəni ehtiyatsızlıqdan yaralayıb”. 
S.Xaliman bildirir ki, Y.Raznobarski Müalicə Müəssisəsinə özünün iradəsi əleyhinə olaraq köçürülüb: "2016-cı ildə Yan aclıq etdiyi günlərdə ora köçürülmüşdü. Lakin müəssisəsdə onun aclıq etməsini qeydiyyata almaqdan imtina etmişdilər. Buna etiraz olaraq o, damarlarını doğramışdı. Yan bu gün də aclıq edir və onun aclıq etdiyini qeydiyyata almırlar. Ona deyiblər ki, şikayətlərini dayandırmasa, Vərəmli Məhkumların Müalicə Müəssisəsinə köçürəcəklər. Onun Müalicə Müəssisəsinə köçürməkdə məqsəd budur. Vərəm Müəssisəsinə köçürüb şikayətlərinin qarşısını almaq istəyirlər”.


Xatırladaq ki, Y.Raznobarski 2015-ci ilin iyununda həbs edilərkən 100 kiloqrama yaxın çəkisi olub. Həbsdə ikən 5-ci dəfədir ki, aclıq aksiyası keçirir. Hazırda isə 53 kiloqrama qədər arıqlayıb. Onun həyat yoldaşı Sofiya Xaliman S.Xaliman ədliyyə naziri Fikrət Məmmədova müraciət edərək baş verənlərə müdaxilə etməsini, yaradılan maneə və qanunsuzluqların aradan qaldırılmasını istəyib.





[email protected]