Ağaran saçlar ürək xəstəliyinin siqnalıdır?

Keçən ay Avropa Ürək Cəmiyyətinin İspaniyada keçirilən "EuroPrevent 2017” konqresində təqdim olunan prezentasiyalarından biri kişilərdə ağ saçlar ilə ürək xəstəliyi arasındakı əlaqə haqqında idi.

Tədqiqat Qahirə Universitetində aparılmışdır. Yetkinlik yaşında olan 545 kişi araşdırmaya qəbul olunmuş və onlar ürəyin tac damarlarını yoxlamaq məqsədiylə komputerli tomoqrafiya aparatı tərəfindən müayinə olmuşlar. İştirakçılar saçlarının rənginə əsasən 5 kateqoriyaya ayrılmışlar: I- təmiz qara saçlı, II- qara saçı ağlardan çox olanlar, III- qara və ağ saçı bərabər sayda olanlar, IV- ağ saçı qara saçlardan çox olanlar, V- təmiz ağ saçlı. Tomoqrafiya müayinəsi aşkar etmişdir ki, pasientin yaşından və şəkər, təzyiq, siqaret, irsi keçiş, xolesterol kimi zərərli faktorlardan asılı olmayaraq ağ saçı çox olanlarda (III kateqoriya və üzərindəkilər) ürəyin tac damar xəstəliyi ehtimalı daha yüksəkdir.

Ağ saçlar ürək xəstəliklərinin erkən siqnalı ola bilər. Tədqiqatçılar deyir ki, ürəyin tac damarlarındakı tıxanıqlıq və sərtləşmə (atherosklerosiz) prosesi ilə saçların ağarması eyni mexanizmləri paylaşır. İrsi informasiyanı saxlayan və nəsildən nəsilə keçirən DNT turşularının özünü təmiretmə qabiliyyətinin pozulması, stress vaxtı qana ifraz olunan biokimyəvi maddələr, iltihabi proseslər, hormonal dəyişikliklər həm saçı ağardan, həm də damarda atherosklerozis yaradan səbəblərdir. 
Bu tədqiqatdan əvvəl də tibbi ədəbiyyatda ağ saçlar ilə ürək-damar xəstəliyi arasındakı əlaqədən bəhs edən yayınlar var idi. 1978-ci ildə yayınlanmış bir məqalədə 50 yaşın altında ürək infarktı keçirən kişilərin 24%-də saçlar tamamilə ağ olmuşdur. 2 il bundan əvvəl yayınlanmış bir məqalədə isə deyilirdi ki, saçların erkən ağarması gənclərdə ürək-damar xəstəliyinin erkən xəbərçisidir.

Saçların ağarmasından başqa keçəllik ilə ürək damar tıxanıqlığı arasındakı əlaqə də tibbi tədqiqatların mövzusu olmuşdur, ancaq nəticələr mübahisəlidir. Bəzi araşdırmalarda kişi tipli keçəlliyin ürək damar tıxanıqlığının bir əlaməti olduğu deyilsə də, əksəriyyət ikisi arasında bir əlaqənin olmadığını müdafiə edir.

Saçlardan söz düşmüşkən, sinəsi tüklü kişilərdə bu tüklənmənin damar tıxanıqlığı ilə arasında hansı əlaqənin mövcud olub-olmaması da tədqiqatlarda araşdırılmışdır. 1998-ci ildə Xorvatiyada aparılmış bir tədqiqatda göstərilmişdir ki, sinəsi tüklü kişilərdə ürək infarktı riski 40% artmışdır.Amma 2006-cı ildə Braziliyada aparılmış bir araşdırmada sinəsi tüklü kişilərə koronar anjioqrafiya proseduru icra olunmuş və sinəsi tüklü olmayan kişilərlə bənzər nəticələr ortaya qoyulmuşdur. 
Bütün dünyada ürək xəstəlikləri ölümlərin birinci səbəbi olduğundan, bu tip araşdırmalar aparılır, məqsəd isə ürək xəstəliklərini erkən mərhələdə yaxalamaq, ya da qarşısını almaqdır. Bu yazını yazarkən qarşıma bir xəbər çıxır: " IV İslam oyunlarında qazanılan qələbəni restoranda qeyd edən idmançımız qəfildən öldü”. Səbəb ürək xəstəliyidir. Ona görə də yuxarıda adı keçən tədqiqatların nəticələri hələ böyük araşdırmalarda sınanana qədər erkən yaşda saçları ağaran kişilərə kardiolojik "check-up” müayinələri məsləhət görmək olar.

Vüsal Vəliyev, kardioloq




[email protected]