Təhlükəsizlik eksperti: "Belə fikirlər səslənir ki, Britaniyanın Avropa Birliyindən imtinası onun hədəf seçilməsində rol oynayıb, amma...”
Dünyada təhlükəli terror qruplarının artıq təkcə zəif, daxilində qarşıdurmalar olan dövlətləri deyil, dünya siyasətində güc sahibi olan böyük ölkələri də hədəfə aldıqları müşahidə edilir. Rusiya, Fransa, Almaniya, Britaniya kimi dünya nəhəngləri də İŞİD-in hədəfindədir.
Ən son terror hədəfi olan dövlət Britaniyadır.
Britaniyanın Mançester şəhərində idman-konsert arenasında 22 nəfərin ölümünə səbəb olan terror aktı və Britaniya hökumətinin bundan sonra verdiyi bəyanatlar Avropa nəhəngi olan bu dövləti İŞİD-in silkələdiyini göstərir.
Britaniyanın baş nazir Tereza Mey təhlükəsizlik tədbirləri çərçivəsində ölkənin bəzi bölgələrinə əsgər yerləşdiriləcəyini deyib. Mey ölkədə terror təhdidinin ən yüksək səviyyə olan "kritik” səviyyəsinə yüksəldiyini və bunun yeni hücumların olmasının mümkün olması mənasına gəldiyini bəyan edib.
Xatırladaq ki, hələ 2016-cı ilin dekabrında İŞİD-in Böyük Britaniyanı terror aktlarının törədildiyi ölkələrin sırasına qatmağı planlaşdırdığı barədə xəbər yayılmışdı. Qeyd edilirdi ki, ən güclü hücum təhlükəsi 2017-ci ildə olacaq. Bu barədə "The Guardian” nəşrinin məlumatında bildirilirdi. Nəşr qeyd edirdi ki, Böyük Britaniyada 30 ay ərzində 11 terror aktının qarşısı alınıb. Onlardan bir neçəsi İŞİD-lə birbaşa əlaqəli olub.
Bəzi siyasi ekspertlər isə İŞİD-in yaranmasında əli olan dövlətlərdən birinin Britaniya olduğuna işarə edərək bildirirlər ki, indi İŞİD-in silahı məhz bu ölkəyə çevirməsi maraqlı suallar doğurur.
Bəziləri isə iddia edir ki, Britaniya hansısa addımlarına görə İŞİD-in əli ilə cəzalandırılır.
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl isə "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, İŞİD-in yaradılmasında Böyük Britaniyanın maliyyə dəstəyinin rol oynadığını söyləmək üçün əsaslar yoxdur. İŞİD-ə qoşulanların əksəriyyətinin ideoloji hazırlığı olmasa heç bir maliyyə dəstəyinin ciddi nəticəsi olmaz. İdeoloji hazırlıq olmadan heç kim yalnız pula görə özünü partlatmaz. Britaniyada son teraktda da canlı bombadan istifadə olunub.
İŞİD-in arxasında konkret hansısa dövlətin dayandığını da söyləmək düzgün olmazdı: "İŞİD yarandı və onun yaranmasına hansı dövlətdə yaşayan hansı zəngin ailələrin dəstək verdiyi bəllidir. Təbii ki, bəzi ölkələrin xüsusi xidmət orqanlarının da rolu var. Lakin onlar İŞİD yaranandan sonra dəstək verməyə başlayıblar, gizli əlaqələr qurublar. Lakin konkret heç bir dövlət, o cümlədən Britaniya İŞİD-in yaranmasında xüsusi təşəbbüsçü olmayıb. İŞİD Fransada da, Almaniyada da terror aktları həyata keçirib. İŞİD konkret bir dövlət tərəfindən birbaşa idarə olunan terror təşkilatı deyil. Terror təşkilatları yaranır. Sonradan bəzi dövlətlər onlardan istifadə etməyə çalışır. İŞİD də yarandı və sonradan, həmçinin indi bəzi dövlətlər onlardan istifadə edir. Xüsusilə Suriya ilə bağlı məsələlərdə hiss olunur ki, burada təkcə İŞİD-in yox, eyni zamanda supergüclərin təsirləri var. Bu, olmasaydı, İŞİD çoxdan darmadağın olub bitə bilərdi”.
Ekspertin fikrincə, İŞİD təhlükəsi təkcə Britaniya üçün deyil, əksər dövlətlər üçün real olaraq qalır: "İŞİD-in hələ sıradan çıxarılmaması bəzi qüvvələrə sərf edir. Çünki Bəşər Əsədin, bölgənin perspektiv taleyi həll olunur. Ona görə də İŞİD-dən istifadə edirlər. Bəzi dövlətlər İŞİD-in ələ keçirdiyi neftayırma zavodlarından hələ də ucuz neft almaqda davam edirlər. Şərqi Avropa ölkələri isə İŞİD-ə silah satmaqda davam edirlər. Hər şeyin əsasında maliyyə dayanır, amma İŞİD-də həm də ideologiya var. Gücü həm də bundadır. Təhlükə hələ də qalır. Britaniyanı İŞİD-in yaradılmasında ittiham etmək mümkün və düzgün deyil”.
İlham İsmayıl İŞİD-in Britaniyanı hədəf seçməsində müxtəlif ehtimalların səsləndirildiyini, həmin ehtimalların bəzilərinin əsaslı görünmədiyini qeyd etdi: "Belə fikirlər səslənir ki, Britaniyanın Avropa Birliyindən imtinası onun hədəf seçilməsində rol oynayıb. Amma bu ehtimalı irəli sürənlər yada salmalıdırlar ki, Avropa Birliyinin ən qatı tərəfdarı olan üzvlərindən Almaniya və Fransada da İŞİD terror aktı həyata keçirib. Britaniyada terror aktı o demək deyil ki, onu Avropa Birliyindən çıxdığı üçün qorxudurlar, cəzalandırırlar. Belə bir şey yoxdur”.