Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə məhkəməsi keçirilən sabiq polis əməkdaşı Samir Əliyevin yaxınları Avropa Məhkəməsinə müraciət yollayıblar.
İttihama görə, S.Əliyev keçmiş həyat yoldaşı Natəvan Əliyevanı qətlə yetirdikdən sonra yandırıb. N.Əliyevanın yanmış meyiti 2015-ci il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində tapılıb. N.Əliyeva Bakıda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. S.Əliyev isə Şabran Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru olub.
S.Əliyevin hazırkı həyat yoldaşı Zəminə Əliyeva bildirib ki, Avropa Məhkəməsində yoldaşının qanunsuz həbsdə saxlanılmasını mübahisələndirirlər: "Samirin həbsinin 13-cü ayı tamamlandı. Mövcud qanunlara görə həmin ay onu ya azad etməli, ya da işi məhkəməyə göndərməli idilər. Amma onu nə azad etdilər, nə də işi məhkəməyə göndərdilər. Samir faktiki olaraq 19 ay girov saxlanılıb. Qanuna görə 13-cü ayın tamamında təcridxana rəisi onu açıb buraxmalı idi. Müraciətlərimizə baxmayaraq 3 saylı İstintaq Təcridxanasının rəisi, sonradan Ədliyyə Nazirliyi heç bir reaksiya vermədilər, hərəkətsizlik etdilər. Buna görə də biz azadlıq hüququnun pozulmasının tanınması üçün Avropa Məhkəməsinə müraciət etmişik”.
Z.Əliyeva bildirib ki, S.Əliyev ittihamları qəbul etmir, saxta və qondarma olduğunu bildirir.