ABŞ-ın xüsusi prokuroru Ziya Məmmədovu araşdıra bilər

Okeanın o tayında sabiq nazirin də taleyini həll edəcək proseslər başlandı

ABŞ-da prezident Donald Trampın Rusiya ilə əlaqələrini və Moskvanın Amerika seçkilərinə müdaxiləsini araşdırmaq üçün xüsusi prokuror təyin olunub. Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Robert Müller Trampın Rusiya ilə birbaşa və dolayısı təmaslarına dair bütün faktları, o cümlədən onun müxtəlif ölkələr üzrə şübhəli biznes sövdələşmələrini araşdıracaq.


Bu araşdırmalar Azərbaycanın sabiq nəqliyyat naziri, onun ailəsinin sahib olduğu "Garant holdinq” üçün də yaxşı nəticələr verməyə bilər. Sabiq nəqliyyat naziri hakimiyyətdaxili oyunlardan nisbətən az itki ilə çıxa bilsə də, belə görünür ki, qlobal araşdırmaların qurbanına çevirilə bilər.


Məlumdur ki, Məmmədovlar Trampın icazəsi ilə Bakıda "Trump Hotel” inşa etdiriblər.


ABŞ-ın "The Daily World” nəşrinin yazdığına görə ədliyyə nazirinin 3915 saylı əmrinə əsasən Robert Müller Trampın özünün və yaxın ətrafının, habelə onun "Trump Organization” şirkətinin "Rusiya hökuməti və ona bağlı şəxslərlə istənilən əlaqəsini və ya koordinasiyalı fəaliyyətini”, habelə araşdırmanın gedişində meydana çıxan və ya çıxa biləcək istənilən sualları araşdırmaq səlahiyyətindədir. Bu isə o deməkdir ki, Trampın və adamlarının 2016-cı il prezident seçkiləri ərəfəsində atdığı bütün addımlar, bütün biznes sövdələşmələri araşdırma predmetidir. 
Beləliklə, keçmiş FTB direktoru Trampın, komandasının üzvlərinin və ailə üzvlərinin Cənubi Floridadakı Mar-a-Laqo iqamətgahında Rusiya nümayəndələri ilə görüşlərini, kürəkəni Cared Kuşnerin prezident seçkilərindən dərhal sonra Nyu-Yorkdakı "Trump Tover”də Rusiya səfiri Sergey Kislyakla görüşünü və bütün digər təmasları araşdıracaq.


Trampın şəxsi hüquq müşaviri Maykl Koen də xüsusi prokurorun potensial təhqiqat obyektidir. Maykl Koenin Bakıdakı "Trump Hotel”in fonunda Trampın qızı İvanka və digərləri ilə çəkilmiş fotosu internetdə resurslarında yer alır.


Yada salaq ki, Bakıda "Trump Hotel”i Ziya Məmmədovun ailəsi "Trump Organization”la françayzinq müqaviləsi əsasında tikmişdi. Lakin seçkilərdən 1 ay sonra Tramp bu müqaviləni ləğv etdi. Buna baxmayaraq Trampın Bakıdakı otelə onun adının verilməsi və layihənin idarə edilməsi üçün Məmmədovlardan 2 milyon 800 min dollar aldığı məlumdur. Sənədlərdə "Trump Hotel”in sahibi kimi Ziya Məmmədovun qardaşı Elton Məmmədovun "Baku XXI Century” LLC şirkəti çıxış edir. Lakin layihənin keçmiş nazirin oğlu Anar Məmmədov tərəfindən həyata keçirildiyi məlumdur. hotel hazırda yarımçıqdır və istifadəyə verilməyib.


Xüsusi prokurorun araşdırması həm də hotelin gələcək taleyini müəyyən edəcək. Bakının mərkəzindəki hotel illərdir ki, istifadəsizdir. Təhqiqat müddətinin bir neçə aydan 1 ilə qədər uzanacağı da bildirilir. İstənilən halda yaxın 1 il ərzində ABŞ prezidenti ilə yanaşı Azərbaycanın sabiq nəqliyyat nazirinin də taleyini həll edəcək araşdırmaların nəticələri ortalıqda olacaq.




[email protected]