Özəl ali məktəblər təhsil haqlarını endirdi - nə dəyişəcək?

Ekspert: "Burada əsas səbəb əhalinin maddi durumunun aşağı düşməsi ilə bağlıdır”

Azərbaycanda bir sıra özəl ali məktəblər təhsil haqlarını 50 faizə yaxın aşağı salıblar. Fins.az saytının yaydığı məlumatda qeyd olunur ki, 2016-cı ildə keçirilən qəbul imtahanlarından sonra özəl ali məktəblərdə və dövlət müəssisələrinin ödənişli ixtisaslarında plan yerlərinin xeyli hissəsi boş qalmışdı. Ən az nəticə isə Odlar Yurdu Universitetində idi ki, burada cəmi 11% yerlər tutulmuşdu. Digərlərində isə ən yüksək nəticə 50%-ə yaxın idi.


Sayt yazıb ki, universitetlər tələbə qəbulunu artırmaq naminə bu il qiymətləri xeyli ucuzlaşdırıblar.


Belə ki, Avrasiya Universitetində təhsil haqları 300-400 manat aşağı salınıb. Qərb Universitetində də qiymətlər ötən illə müqayisədə 50% aşağı salınıb. Universitet saytında fakültələr üzrə yeni qiymətləri elan edib.


Universitet rəsmiləri qiymət ucuzlaşmasını tələbələrin rahat təhsil almalarına şərait yaratmaq istəyi ilə izah ediblər.


Onu da qeyd edək ki, ictimaiyyətdə bir müddət öncə məcburi köçkünlərə təhsil haqqı ilə bağlı tətbiq olunan güzəştlərin də aradan qaldırılacağı haqda məlumatlar dolaşırdı. Lakin bu məlumatlar öz təsdiqini tapmadı və güzəştlər hələ də tətbiq olunur. Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən də açıqlama verilərək qeyd olunub ki, dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan məcburi köçkünlər ölkə prezidentinin sərəncamı ilə ödənişdən azad olunub:


"Bu səbəbdən də dövlət ali təhsil müəssisələrində təhsil alan məcburi köçkün tələbələr təhsil haqqını ödəməkdən azaddırlar. Bu barədə bəzi saytlarda yazılanlar yalandır”.


Mövzuya qayıdaraq özəl ali təhsil müəssisələrində təhsil haqlarının nə üçün aşağı salınmasına diqqət edək. İctimaiyyətdə səslənən fikirlər arasında qeyd olunur ki, bu, ilk növbədə özəl ali təhsil müəssisələrinin gələcək aqibəti və təhsilin səviyyəsinin aşağı olması ilə bağlıdır. Belə ki, məlum olduğu kimi, son zamanlar Azərbaycanda ard-arda bir neçə özəl ali təhsil müəssisələri bağlanıb. Bildirilir ki, bu halın özü insanlarda özəl ali məktəblərə qarşı müəyyən inamsızlıq yaradıb.


Təhsil eksperti Məlahət Mürşüdlü "Yeni Müsavat”a bildirib ki, əslində əsas problem insanların maddi vəziyyətinin çətinləşməsi ilə bağlıdır: "Əhalinin iqtisadi vəziyyəti ağırlaşdığı üçün bu, təhsil haqlarının ödənilməsinə də təsir göstərib. Hesab edirəm ki, bunun heç də təhsilin səviyyəsi ilə əlaqəsi yoxdur. Çünki belə faktlar çoxdur ki, insanlar heç adı olub, özü olmayan universitetlərə belə sənəd verib, diplom almaq istəyirlər. Ona görə burada başqa səbəblər axtarmağa dəyməz. Özəl universitetlərin bağlanmasının da təhsil haqlarının aşağı salınmasına təsiri yoxdur. Bizdə xeyli sayda məlumatlar var ki, ailələr təhsil haqlarını ödəyə bilmədiyi üçün tələbələr 1-ci, 2-ci kursdan təhsillərini yarımçıq qoymaq məcburiyyətində qalırlar. Yaxud da ümumiyyətlə, heç universitetə gəlmirlər. Universitetlərdə təhsilin keyfiyyətini qiymətləndirmək üçün gərək ciddi araşdırmalar aparasan. Araşdırmalar aparmadan hansısa özəl təhsil müəssisəsi haqqında konkret fikir söyləmək doğru deyil. Bizdə özəl ali məktəblər var ki, həm maddi-texniki, həm də professor və müəllim heyəti baxımından olduqca güclü bazaya malikdir. Bununla yanaşı, universitetlər də var ki, orada bakalavr təhsili olan adamlar mühazirə söyləyib, dərs keçirlər. Bu cür hallar da var. Ancaq universitetlərin qiymətləri aşağı salması sırf olaraq maddi vəziyyətə söykənir”.




[email protected]