Prezidentin cümhuriyyətin 100 illiyinə dair sərəncamına reaksiyalar

Nəsiman Yaqublu: "Sifarişlə tarix yazan, sənədlər axtaran şəxsləri deyil, bunu daha dərindən bilən, həqiqətən tariximizə töhfələr verməyə çalışanları proseslərə cəlb etmək lazımdır”; Dilavər Əzimli: "Bu sərəncam cümhuriyyətin yüz illiyinin yüksək səviyyədə baş tutması üçün mühümdür”

 Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Ölkə başçısının bu sərəncamı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.


Bu sərəncamın cümhuriyyətə verilən ən böyük dəyər olduğu qeyd olunur və sərəncamın o böyük tarixə layiq şəkildə icra olunacağı vurğulanır. Ölkə müxalifəti, ictimai-siyasi xadimlər, tarixçi alimlər sərəncamı yüksək dəyərləndirirlər.


Rəsulzadə Araşdırmalar Mərkəzinin rəhbəri, tarixçi alim Nəsiman Yaqublu sərəncamı alqışlayır. Bu barədə "Yeni Müsavat”a danışan tarixçi alim bunları dedi: "Ölkə başçısının belə bir sərəncam verməsi, doğrudan da cümhuriyyətin 100 illiyini yüksək səviyyədə keçirməyə şərait yaradır. Bu baxımdan, sərəncamı alqışlayıram. Özü də bir il əvvəldən verilən sərəncamdır, yəni bir ilimiz var və yüksək işlər görmək imkanlarımız genişdir. Arzu edərdim ki, bu sərəncamın həyata keçirilməsi üçün ciddi işlər mexanizmi yaradılsın. İlk növbədə, bu sahəni bilən şəxslərdən ibarət bur qrup formalaşmalı, orada konkret iş planı müəyyən edilməlidir. Çünki bu yüz illiyi tək biz qeyd etməyəcəyik. O dövrdə müstəqilliklərini elan etmiş dövlətlər də yüz illiklərini keçirəcəklər. Məndə olan məlumata görə, müstəqilliklərinin yüz ili tamam olan dövlətlər də bunu qeyd etməyə yüksək səviyyədə hazırlaşacaqlar. Bu baxımdan, elə etməliyik ki, bu yüz illik bizim üçün mühüm hadisəyə çevrilsin. Bundan ötrü o dövrün həqiqi mütəxəssislərini bu işə cəlb etmək lazımdır. Yəni tez-tez mövqeyini dəyişən, sifarişlə tarix yazan, sənədlər axtaran şəxsləri deyil, bunu daha dərindən bilən, həqiqətən tariximizə töhfələr verməyə çalışanları proseslərə cəlb etmək lazımdır. İlk növbədə, cümhuriyyət dövrünə aid sənədləri ölkəmizin arxivlərindən deyil, xarici ölkələrin arxivlərindən toplayıb gətirmək lazımdır. Çünki Türkiyə və Avropa ölkələrində bu tarixlə bağlı çoxsaylı sənədlər var ki, hələ toplanıb Azərbaycana gətirilməyib. İkincisi, cümhuriyyətin qurucuları, onların irsi ilə bağlı sənədləri toplayıb ölkəmizə gətirmək lazımdır. Bu sənədlərin çoxu dövlət arxivlərində deyil, şəxsi adamlardadır ki, onları alıb gətirmək lazımdır. Digər tərəfdən, cümhuriyyət qurucularından sovet dövründə xaricdə yaşayanlar olub ki, onların orada ailə üzvləri var. Onlarda da sənədlər var, həmin sənədləri almaqla yanaşı, o insanları da bu proseslərə qoşa bilərik. Çalışmalıyıq ki, bu məsələdə onlar bizə kömək etməklə yanaşı, diqqətli olsunlar. Fransa, Polşa, Almaniya və digər Avropa dövlətlərində bu insanların qohumları yaşayır. Məsələn, Məhəmməd Əmin Rəsulzadənin polyak olan həyat yoldaşının orada qohumları yaşayır. Belə nümunələr çoxdur. Ən vacib olan məsələlərdən biri də, o dövrlə bağlı sənədli film çəkməkdir. İndiyə qədər cümhuriyyət barədə hələ bir film belə çəkməmişik, müstəqillik əldə etdiyimiz bu neçə il ərzində. İndi artıq zamanda uduzuruq, belə filmlər çəkib ictimaiyyətə təqdim etməliyik. Eyni zamanda bu insanların məzarlarını ölkəyə gətirmək lazımdır. Təsəvvür edin ki, yüz illik qeyd olunur, amma ölkədə bir dənə də cümhuriyyət qurucusunun məzarı yoxdur ki, səhəri gün gedib orada bir tədbir keçirək, yaxud məzarları üstünə bir dəstə gül qoyaq. Bunlara diqqət etmək çox vacibdir. Bunları etmiriksə, heç olmasa xarici ölkələrdə onların məzarlarına dövlət diqqətinin ayrılmasına nail olmalıyıq, onlara qayğı göstərməliyik. Çoxlarının məzarı dağılır, uçurdulur, çox diqqətsiz vəziyyətdə qalır. Avropa ölkələrində bəzi məzarlıqlar pulludur, pul ödənilməyəndə onlar məzarları dağıdırlar, yaxud oradan götürürlər. Bu səbəbləri unutmaq qətiyyən olmaz. Məsələn, Gürcüstanda olanda Fətəli Xan Xoyski və Həsən bəy Ağayevin məzarlarını gördüm, kənar bir yerə qoyublar, heç çox adam ora getmir. Onların yerinin dəyişdirilməsinə, yaxud ölkəmizə gətirilməsinə nail olmalıyıq. Yəni problemlər olduqca çoxdur. Sonuncu olaraq deyə bilərəm ki, Azərbaycanda cümhuriyyət muzeyinin yaradılması da olduqca vacibdir. Bu muzeydə qurucuların hər biri barəsində geniş məlumat yerləşdirilsin. Sərəncamın reallaşması üçün bu işlər mütləq görülməlidir. İlk növbədə, bu sahənin mütəxəssisləri ilə məsləhətləşmələr aparılmalıdır ki, sərəncamın təsiri daha çox olsun”.


N.Yaqublu ölkə başçısına bununla bağlı müraciət edəcəyini də açıqladı: "Yaxınlarda təkliflərimi hazırlayıb, ölkə prezidentinə təqdim edəcəyəm. Çox arzulayardım ki, sizin qəzet vasitəsilə də bunları edim. Hazırda təkliflərim üzərində işləyirəm, yaxın bir neçə günə mətbuata təqdim edəcəm, ölkə başçısına da rəsmi şəkildə göndərəcəyəm”.

Image result for Tarixçi alim Dilavər Əzimli


Tarixçi alim Dilavər Əzimli də sərəncamı yüksək dəyərləndirir: "Bu sərəncam olduqca yüksəkdir. Çünki Azərbaycan Cümhuriyyəti tariximizin ən şərəfli hissəsidir. Bununla bağlı atılan bu addım yalnız müsbət ola bilər. Güman edirəm ki, bu yüz illik yüksək səviyyədə keçiriləcək. Məlum sərəncam isə bu istiqamətdə olduqca mühüm rol oynayacaq”.




[email protected]