Qabil Hüseynli: "Azərbaycan onlar üçün əlverişli ölkədir”
Yəhudilərin hər zaman Azərbaycana qarşı sayğı-sevgisini müşahidə edirik. Bunu ölkəmizdə yaşayan çoxsaylı yəhudilərin olması və təşkilatlarının fəaliyyət göstərməsi ilə də sübut etmək mümkündür. İndi isə yəhudilər Azərbaycanda məktəblərinin inşasına investisiya qoymağı planlaşdırırlar.
Bunu mayın 17-də Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlayn prezident İlham Əliyevlə görüşündə bildirib. Görüş zamanı M.Honlayn mərhum prezident Heydər Əliyevlə görüşünü və onunla apardığı çox maraqlı söhbəti məmnunluqla xatırladaraq, Amerika yəhudi icmasının Azərbaycanda yəhudi məktəbinin inşasına investisiya qoymağı planlaşdırdığını diqqətə çatdırıb.
Honlayn Azərbaycan-ABŞ əlaqələrindən, o cümlədən Amerika yəhudiləri ilə ölkəmiz arasında uğurlu əməkdaşlıqdan məmnunluğunu ifadə edib və bu əməkdaşlığın daha da gücləndirilməsinin önəmini vurğulayıb.
Ölkə başçısı Honlaynın ölkəmizə böyük nümayəndə heyəti ilə bundan əvvəlki səfəri zamanı onunla görüşünü xatırladıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın yəhudi icması ölkəmizdə digər xalqların nümayəndələri ilə birlikdə dinc və əmin-amanlıq şəraitində yaşayır.
Söhbət zamanı Azərbaycanda bu ilin "İslam Həmrəyliyi ili” elan olunması, hazırda Bakıda İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsi və yüksək səviyyədə təşkil edilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası dialoqun gücləndirilməsi işinə ölkəmizin töhfəsi kimi dəyərləndirilib, Azərbaycanda multikulturalizm mühitinin təmin olunmasının əhəmiyyətindən danışılıb və bu istiqamətdə görülən tədbirlərin maraqla izlənildiyi qeyd olunub. Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi də vurğulanıb.
Göründüyü kimi, yəhudi dövləti və təşkilatlarının Azərbaycanla əlaqələri həmişə yüksək olub. Onlar ölkəmizlə münasibətlərin yaxşı olmasına ciddi önəm verirlər. Ekspertlər bunun bir sıra amillərlə bağlı olduğunu vurğulayırlar. Bu istiqamətdə ən çox səslənən fikirlər Azərbaycanın yerləşdiyi strateji mövqe, ölkə daxilindəki sabitlikdir.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli yəhudi məktəblərinin açılması ilə Azərbaycan üçün böyük perspektivlərin açıla biləcəyini vurğuladı: "Əgər Azərbaycanda öz dillərində məktəb açmaq istəyirlərsə, bunu məmnuniyyətlə qəbul etmək lazımdır. Yəhudi lobbiləri ilə əlaqələri sürətləndirmək üçün bütün imkanlardan istifadə etmək lazımdır. Doğrudur, yəhudilər azərbaycanlıları və dövlətimizi sevirlər. Yeri gələndə Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda lobbiçilik fəaliyyətlərindən istifadə edirlər. Onların açacaqları məktəblərin Azərbaycan üçün heç bir ziyanı yoxdur. Əksinə, onlar Azərbaycana daha kökdən bağlanırlar, ölkəmizlə multikultural əlaqələri daha da dərinləşir. Bu əlaqələrin dərinləşməsi Azərbaycanın, xüsusilə hərbi sənayemizin inkişafı üçün perspektivlər açır. Azərbaycan özünün hərbi sənaye kompleksini yaradır, bunu yaratmaq üçün mütləq texnoloji cəhətdən güclü dövlətlər lazımdır. Bu sahədə yəhudi dövlətlərindən ən öndə gedəni İsraildir. Ölkəmizdəki yəhudilər İsraillə əlaqələrimizə böyük töhfələr verirlər. Bir vətəndaş kimi yəhudilərin türklərlə əlaqələrinin tam yaxın olması üçün nə imkanımız varsa, ondan istifadə etməyimizlə bağlı hökumətə müraciət edirəm”.

Politoloq yəhudilərin Azərbaycan sevgilərində dövlət maraqlarının olduğunu da qeyd etdi:"Müsəlman ölkələri içərisində Azərbaycanın həm tolerantlığı, həm multikultural vəziyyətinin normal olması, həm də burada başqa ölkələrin millətçilərinə pis münasibətin olmaması yəhudilərin ölkəmizə ciddi önəm verməsinə səbəb olur. Azərbaycan millətinin xarakteri başqa millətlərə xoş münasibət göstərməklə zəngindir. Onlar görürlər ki, azərbaycanlılar başqa xalqlara münasibətdə həmişə humanizmlə yanaşırlar. Burada geosiyasi mövqeyimiz də əlverişlidir. Gələcəkdə bu mövqeyimizdən istifadə edərək, yəhudilər Orta Asiya və postsovet ölkələrinə sıçrayış edə bilərlər. Azərbaycan bütün amillərə görə yəhudilər üçün əlverişli ölkədir. Amma sözsüz ki, xalqımızın mədəniyyəti, adət-ənənələri və digər xüsusiyyətləri daim öndə gəlir. Yəhudilərin sevgilərinə bu səbəbdir. Onlar burada möhkəm oturuşublar, onlar üçün də hər cür şərait yaradılıb”.