Tanınmış politoloq: "Türkiyənin NATO kimi təhlükəsizlik çətirindən məhrum olmasını gözləyib pusquda duranlar var”
""İncirlik" aviabazasına alternativ axtarmaq məcburiyyətindəyik”. APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu sözləri Almaniya federal kansleri Angela Merkel Türkiyənin bu ölkənin deputatlarının "İncirlik” hərbi bazasında olan Almaniya hərbçilərinə baş çəkmələrinə icazə verməməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, İordaniya "İncirlik” üçün alternativ ola bilər.
Ankaranın bu addımı atmasına səbəb kimi Almaniyanın Türkiyədə "Fətullahçı terror təşkilatı”na üzv olmaqda ittiham edilən türk hərbçilərə sığınacaq verməsi göstərilir.
Xatırladaq ki, bu, Türkiyə ilə Almaniya arasında "İncirlik” bazası ilə bağlı yaşanan ikinci böhrandır. Ötən il Bundestaqın uydurma "erməni soyqırımı”nı tanımasından sonra da Türkiyə alman millət vəkillərinin "İncirlik”i ziyarət etməsinə icazə verməmişdi.
"İncirlik” NATO-nun hərbi bazasıdır və Türkiyənin Adana vilayəti ərazisində yerləşir. Ərazi həm Suriyaya, həm də İraqa yaxındır. Bazanın Türkiyədən çıxarılması məsələsi son zamanlar bir neçə dəfə ortaya atılıb. İndi isə Almaniya kanslerinin belə bir bəyanatla çıxış etməsi ortaya suallar çıxarıb. Merkel bu bəyanatla Türkiyəni şantaj edir, yoxsa bəyanatın arxasında həqiqətən də hərbi bazanın çıxarılması planı dayana bilər? "İncirlik” hərbi bazasının Türkiyədən çıxarılması baş versə, Türkiyəni nə gözləyir?
Politoloq Qabil Hüseynli "Yeni Müsavat”a öncə bildirdi ki, NATO üzvü olan hər bir ölkənin rəsmi şəxsləri, deputatları "İncirlik” hərbi bazasına gəlmək hüququna malikdir: "Xeyli vaxtdır baza ətrafında bir ajiotaj yaradılıb. Almaniya NATO-nun aparıcı üzvüdür və Avropanın mühüm dövlətidir. Bu dövlətin deputatlarının ”İncirlik" bazasına getməsinin qarşısını alınması heç uğurlu addım deyildi. Almaniya ilə münasibətlərin pisləşməsi bütün Avropa Birliyi ölkələri ilə münasibətlərə də təsirsiz ötüşmür. Türkiyə özünə dost qazanmalıdır və düşməni də dosta çevirməyi bacarmalıdır. Münasibətlərin gərginləşməsi heç kimə xeyir verməz. "İncirlik” bazası ətrafında yaranan gərginlik daha çox Türkiyəyə zərərdir. Bunu Angela Merkel də bilməmiş deyil və əslində Türkiyəni şantaj edir".
Q.Hüseynli qeyd etdi ki, həmin bazanın Türkiyədən köçürülməsi həqiqətən də reallaşsa, yerləşdirilməsi üçün alternativ variantlar mövcuddur: "Onlardan birini Merkel dilə gətirib. İordaniya hökuməti, İraqın şimalındakı Kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani, Suriyadakı kürdlərin üstünlük təşkil etdiyi bölgə də NATO-nun hərbi bazasına qucaq açmağa hazırdır. ”İncirlik"dən hərbi baza çıxarılsa, Yaxın Şərqə daha çox yaxınlaşmaq və nəzarət etmək imkanları NATO-nun əlinə keçə bilər. Türkiyə isə bundan itirər. Türkiyənin NATO kimi böyük etibarlı təhlükəsizlik çətirindən məhrum olub təklənməsini uzun illərdir bir sıra dövlətlər arzulayır və pusquda dayanaraq gözləyirlər. Ona görə də qətiyyən "İncirlik” hərbi bazasının Türkiyədən çıxarılmasına imkan yaradılmamalıdır. Çünki bu hərbi baza Türkiyədən çıxarsa, bir müddət sonra Türkiyənin NATO-dan çıxarılması məsələsi ortaya atıla bilər. Türkiyənin NATO-dan çıxarılması isə bu ölkənin böyük təhlükəsizlik çətirindən məhrum olması ilə nəticələnə bilər. Qardaş Türkiyə NATO ilə münasibətlərinin qırılmasına qətiyyən yol verməməlidir".