Elxan Şahinoğlu: "ABŞ-ın mətbuat orqanları Trampa qarşı qatı müxalifətdədir”
"Washington Post” qəzeti Amerika prezidenti Donald Trampla Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşü ilə bağlı qalmaqallı iddia ortaya atıb. Bu barədə "Qafqazinfo” xarici mediaya istinadən məlumat verib. "Washington Post” iddia edib ki, prezident Tramp rusiyalı nazirə tam məxfi məlumat ötürüb.
Məlumatın İŞİD terror qruplaşması ilə əlaqəli olduğu bildirilib. Qəzetin istinad etdiyi indiki və keçmiş amerikalı anonim məmurlar informasiyanı "tamamilə gizli” olaraq dəyərləndirsələr də, onu şərh etməkdən imtina ediblər. Qəzet isə yazır ki, həmin informasiyanın Lavrova çatdırılması İŞİD-lə bağlı kəşfiyyat xarakterli məlumat ötürən çox əhəmiyyətli mənbəni risk altında qoyub.
Həmin məlumat, hətta Amerikanın bir sıra yüksək vəzifəli məmurları üçün də sirr olub.
Ağ Ev isə qəzetin iddiasını yalan adlandırıb. Lakin bu KİV və demokratların Trampı kəskin tənqid etmələrinə mane olmayıb.
Prezidentin milli təhlükəsizlik üzrə məsləhətçisinin birinci müavini Dina Pauell isə bildirib ki, Tramp Lavrovla ancaq iki ölkənin qarşılaşdığı ümumi təhdidləri müzakirə ediblər.
ABŞ-ın nüfuzlu respublikaçı senatoru Con Makkeyn hesab edir ki, prezidentin gizli məlumatı açıqlamasına ehtiyac yox idi, lakin bütün hallarda dövlət başçısının belə bir hüququ var.
Qeyd edək ki, Tramp Amerika prezidentliyinə iddiasını qoyduğu gündən bu yana onunla bağlı iddialar səngimək bilmir. O qalib gəldi, vəzifəsinin icrasına da başladı, bunun üstündən aylar da keçdi, amma Tramp dünyanın gündəmində olan bir nömrəli ölkə başçısı olmaqda davam edir. Hər keçən gün onun barəsindəki xəbərlər azalmaq əvəzinə çoxalır ki, bu da bir sıra fikirlərə yol açıb. Ekspertlər hesab edirlər ki, Amerikanın cəmiyyətinin yarıdan çoxu kimi, dünya da hələ biznesmenin prezident olmasını həzm edə bilmir. Məhz bunun üçün onu hər an nüfuzdan salmaq üçün bu tipli xəbərlərin dövriyyəyə buraxıldığı deyilir. Günlər öncə Amerikada Trampın prezidentlik fəaliyyətinə mane olan qüvvələrin olduğu barədə yayılan xəbərlər də getdikcə öz əksini tapmaqdadır. Proseslərin bu şəkildə davamının Trampı gələcəkdə ciddi təhlükələrlə üz-üzə qoyacağı da müzakirələr sırasındadır.

Politoloq Elxan Şahinoğlu ABŞ rəhbəri ilə bağlı səslənən son iddialara şübhə ilə yanaşır:"ABŞ prezidenti Donald Trampın Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ağ Evdə görüşündə rusiyalı baş diplomata məxfi məlumatlar ötürdüyü xəbərlərinə şübhə ilə yanaşıram. Rusiyalı diplomatla bir çox mövzunu açıq danışmaq Ağ Ev sahibinin Lavrova ”məxfi məlumatlar" ötürməsi anlamına gəlmir. Trampın siyasi təcrübəsi az olsa da, bu o demək deyil ki, ABŞ prezidenti açıq məlumatla məxfi məlumat arasındakı fərqi anlamır. Sadəcə, bu haqda xəbərləri yayan ABŞ-ın mətbuat orqanları Trampa qarşı qatı müxalifətdədir. Həmin mətbuat orqanları Trampı aşağılamaq üçün bütün vasitələrdən və fürsətlərdən istifadə edirlər. Hətta məsələ qaldırmışdılar ki, necə olur, Lavrovla görüş qapalı olduğu halda onların şəkli Rusiyanın mətbuat orqanlarında yayılıb. Bunda heç bir məxfilik yoxdur. Rusiya nümayəndə heyətinin görüşdə iştirak edən istənilən nümayəndəsi həmin şəkli çəkib Rusiya mediasına ötürə bilərdi. Donald Trampın populyarlığı azdır. O Ağ Evə sahib olduğu 100 gündə reytinqi ən az olan prezident kimi qeydə alınıb. Ona qarşı güclü müxalifət var. Bu, Demokratlar Partiyası, mətbuat, televiziya, tanınmış Hollivud ulduzları və Respublikaçılar Partiyasının bir hissəsidir. Bu qüvvələr sanki gizli olaraq Trampa qarşı birləşiblər. Trampın özü də rəqiblərinin işini asanlaşdırır. Çünki onun verdiyi qərarların ciddiliyi şübhə doğurur. Məsələn, Suriyada kimyəvi silahın işlənməsi qarşılığında Əsəd rejiminə bağlı kiçik hərbi hava limanını bombaladı, ancaq ardı gəlmədi. Və ya Şimali Koreya sahillərinə Amerikanın bir neçə hərbi gəmisini göndərdi, "bu ölkənin diktatorunu cəzalandıracam” dedi, yenə ardı gəlmədi. Yəni sanki siyasəti yarımçıqdır. Ya başladığın işi tamamla, ya da bu işə heç başlama. Bu yarımçıqlıqdan da onun rəqibləri məharətlə istifadə edirlər, hətta şayiəni də bəzən doğru xəbərə çevirdikdə Trampın həmin xəbəri təkzib etməsi çətinləşir".

Politoloq onu da qeyd etdi ki, Trampın rəqibləri hər fürsətdə onun problemlərini artırmaqla məşğuldurlar: "Heç Trampdan əvvəlki prezident Barak Obamanın bu qədər problemi yox idi. Halbuki Obama da daxili və xarici siyasətdə o qədər uğur qazanmamışdı. ”Biz bacaracağıq" şüarı ilə prezident olan Barak Obama çox az işi bacardı. Trampın rəqibləri onu elə bir duruma sürükləmək istəyirlər ki, heç 4 illik prezidentlik müddətini başa çatdıra bilməsin, impiçment reallaşsın, ən pis halda isə ikinci dəfə prezident seçilə bilməsin. Çünki Tramp standart siyasətçi deyil, qırmızı çizgiləri aşmağa çalışır, mətbuatın yazdıqlarına sərt reaksiya verir, hətta deyir ki, Ağ Evdə gündəlik mətbuat konfranslarına da ehtiyac yoxdur. Donald Tramp gündəmi dəyişməsə, xarici və daxili siyasətdə uğur qazanmayacaq. Bunun üçün uğurlu gündəm mövzusu tapılmalıdır. Tramp Amerikaya uğur gətirəcək bir neçə mövzu tapıb. Məsələn, Tramp Səudiyyə Ərəbistanına yüz milyardlarla dollar civarında silah satmağa hazırlaşır ki, bu həm Amerikadakı silah lobbisinin gəlirlərini artıracaq, həm də büdcə üçün vacib gəlir mənbəyinə çevriləcək. Trampın İsraillə Fələstin arasında danışıqları intensivləşdirmək imkanı da var. Birincisi, İsrailə qarşı ən radikal təşkilat olan "Həməs” İsraili tanıdığını və Fələstinin 1967-ci il sərhədləri çərçivəsində formalaşa biləcəyini elan edib. Bu o deməkdir ki, "Həməs” daha İsraili yer üzündən siləcəyi siyasətindən əl çəkib. Bu arada, Tramp Fələstin muxtariyyətinin lideri Mahmud Abbası Ağ Evdə qəbul edib. Yəni Tramp Administrasiyası bu istiqamətdə də nəsə əldə edə bilər. Tramp Suriyada DAİŞ üzərində uğur qazanmaqla növbəti gedişini də edə bilər. Ancaq hələ ki, Tramp heç nəyə qərar verməyib. Elə bu qərarsızlığın özü Trampın reytinqini azaldır, ona müxalif olanların arqumentlərini isə gücləndirir".