Bakının Ziya Bünyadov prospektində yük maşını qəzaya uğrayıb.
İctimaifikir.az APA-ya istinadən xəbər verir ki, "KamAZ" markalı qoşqulu yük avtomobili prospektlə hərəkətdə olarkən sürücü idarəetməni itirib. Avtomobil tuneldə yol ayrıcına çırpılıb, zərbənin gücündən qarşı hərəkət zolağına keçib və hərəkətin əksinə təxminən 100 metr irəliləyib, yolun ortasında qoşqusu aşıb. Yol ayrıcına çırpıldıqdan sonra "KamAZ"ın daşıdığı taxtalar tunelə dağılıb. Qəza zamanı yük maşını prospektlə hərəkətdə olan digər avtomobillərə çırpılmayıb. Lakin yol təsərrüfatına ziyan dəyib. "KamAZ"ın aşan qoşqusu Ziya Bünyadov prospektində əsas yolu bağlayıb və yolda hərəkət tam dayanıb. Nəticədə köməkçi yollarda uzun tıxac əmələ gəlib.
Hadisə yerində Dövlət Yol Polisi və "Azəravtoyol" ASC-nin Yolların mühafizəsi xidmətinin əməkdaşları cəlb edilib. Yolu bağlayan qoşqu qaldırıcı kran vasitəsilə yoldan götürülüb. Tunelə dağılmış taxtalar da yığışdırıldıqdan sonra prospektdə avtomobillərin normal hərəkəti tədricən bərpa edilib.
"KamAZ"ın sürücüsü qəzadan dərhal sonra hadisə yerini tərk edib. Hadisə yerinə yük maşınının sahibi gəlib. Məlikov Akif Eyvaz oğlunun sözlərinə görə, avtomobil ona məxsus olsa da, hadisə zamanı sükan arxasında sürücü olub.
Faktla bağlı araşdırmalara başlanılıb. Yol polisi qəza törədən, yol infrastrukturuna ziyan vuran və hadisə yerindən qaçan sürücünü axtarır. Yol təsərrüfatına dəymiş ziyanın məbləği dəqiqləşdirilir.