"Bu, həmin ərazidə turizmin inkişafı baxımdan da uğurlu layihədir”
Mayın 11-də Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışı olub. Açılış mərasimində iştirak edən prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva Pirallahı körpüsü və yanaşma yollarında görülən işləri əks etdirən stendlə də tanış olublar.
AzərTAc-ın məlumatına görə, "Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, dəniz dalğaları Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunu yuyub sıradan çıxarırdı. Bunun qarşısını almaq üçün prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Pirallahı adasını sahillə birləşdirən yeni müasir körpü inşa edilib. Layihənin icrası nəticəsində gəmilərin körpünün altından sərbəst hərəkəti təmin olunub. Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 422, eni 14, hərəkət zolağının eni isə 12 metrdir.
Yenidən qurulan avtomobil yolu Pirallahı körpüsü və Pirallahı-Qala avtomobil yolundan istifadə etməklə, qəsəbə sakinlərinin Heydər Əliyev prospekti vasitəsilə Bakı şəhərinin mərkəzinə, eləcə də Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şüvəlan, Mərdəkan, Buzovna, Bilgəh və digər qəsəbələrə rahat çıxışına imkan verir.
İqtisadçı ekspert Fikrət Yusifov "Yeni Müsavat”a bildirib ki, bu yolun çəkilməsi eyni zamanda turizmin də inkişafı üçün faydalıdır:
"Həmin istiqamətdə gediş-gəlişdə çox ciddi çətinliklər olurdu. İndi isə bu çətinliklər də aradan qaldırılmış oldu. Ümumiyyətlə, regionlarımızın sosial-iqtisadi inkişafı bəlli proqramlar çərçivəsində aparıldığı kimi yolların da çəkilişi, abadlaşdırılması, nəqliyyat vasitələrinin hərəkətinin asanlaşdırılması nəzərdə tutulub. İnsanların hərəkətlərinin asanlaşması, müəyyən müəssisələrin fəaliyyətini normal tənzimləmək baxımından da bu yolun çəkilməsi xüsusi əhəmiyyət kəsb edir. Layihə həmin bölgənin sosial-iqtisadi inkişafı üçün böyük işdir. Ümumiyyətlə, bölgələrimizin hər birində infrastruktur layihələrin icrası, paralel olaraq həmin ərazidə iqtisadi-inkişaf üçün də zəminin hazırlanması deməkdir. Yol, elektrik enerjisi, su, qaz təchizatı olmadan hər hansı bir bölgədə biznes qurmaq da çətindir. Saydığımız infrastruktur layihələrinin içərisində ən önəmli yerlərdən biri də məhz yola məxsusdur. Yaxşı yol olarsa, həmin ərazi hərtərəfli mənimsənilə bilir. Digər tərəfdən də orada yaşayan insanların rahatlığını təmin etmək də əsas şərtdir. Vaxt itkisinə qənaət etmək baxımından da layihəni uğurlu sayıram. Pirallahı Xəzər dənizinin birbaşa içərisinə çıxan bölgədir. Ona görə də turizm zonası kimi də çox baxımlı yerdir. Bu yaxınlarda ora səfər etmişdim və bu kimi potensialları gördüm. Müşahidə etdim ki, orada xeyli sayda yaşıllaşdırma, abadlıq işləri də görülüb. Yolun da yenilənməsinə böyük ehtiyac vardı ki, bu da baş verdi”.