İşbazlar 2018-ci ildən bazarda at-eşşək əti sata bilməyəcəklər; hökumət murdar ət satanları zərərsizləşdirməyin yolunu müəyyənləşdirib
Bakı şəhərində antisanitar şəraitdə saxlanılan, yararlıq müddəti bitmiş kolbasa məmulatlarının müayinəsi başa çatıb.
Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella aboreus, salmonella typhimurium) aşkar edilib. Adı əcaib-qəraib bu viruslar insan sağlamlığı üçün zərərlidir. Bakterioloji və biokimyəvi müayinələrin nəticəsinə əsasən yoxlanılan nümunələrin insan qidası üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Yayılan rəsmi xəbərdə "kolbasa məmulatları barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir” deyə qeyd olunur. Bəs həmin kolbasa məmulatlarını qarajında saxlayan, satan şəxsin barəsində kim tədbir görəcək?
Xəbər verdiyimiz kimi, 5 may 2017-ci il tarixində alınmış məlumat əsasında Bakı Şəhər Baytarlıq İdarəsinin və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədilə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 1 ünvanında yerləşən Həsənov Fuad Alik oğluna məxsus kolbasa məhsullarının satışı anbarına baxış keçirilib. İlkin araşdırma zamanı qarajda "Payim” firmasının istehsal etdiyi yararlıq müddəti bitmiş, kiflənmiş və insan qidası üçün təhlükəli olan "Doktorskaya”, bişmiş, yarım hisə verilmiş "Krakovskaya” və yarım hisə verilmiş "Xlbmaya” kolbasa məmulatlarının olması müəyyən edilib.
Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsinə görə, aşkarlanan kolbasalar insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan viruslarla zəngindir.
Bundan əvvəl Xaçmaz rayonu Padar kəndi yaxınlığındakı meşə ərazisinə baxış keçirilib.
Baxış zamanı meşə ərazisində qeyri-qanuni, antisanitar şəraitdə, gizli şəkildə kəsilmiş, sümükdən ayrılmış, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan 100 kq çəkisində sümükdən ayrılmış at əti və 1 ədəd kəsilmiş atın başı aşkar olunub. İlkin araşdırma nəticəsində həmin heyvanın Padar kənd sakini Məmmədov İsmayıl Müzəffər oğlu tərəfindən kəsilməsi, ətin sümükdən ayrılması və həmin at ətinin Bakı şəhərində satılması məqsədilə hazırlandığı müəyyən edilib. Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən həmin nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra - yəni leş atın əti olması müəyyən edilib.
Ət məhv edilib. İ.Məmmədov isə qarajında kiflənmiş, murdar kolbasa saxlayan Fuad Həsənov kimi cərimələnib sərbəst buraxılıb. Onların yenidən leş ət alverinə qayıdacaqları şübhə doğurmamalıdır. Çünki cərimə leş ət alverindən gələn gəlirin qarşısında çox cüzidir. 500 manat qazanan leş ət alverçisi 100-200 manatlıq cəriməni ödəyib yenidən düşür yaşadığı kəndin və ətrafdakı kəndlərin canına. Leş, əldən düşmüş at, eşşək axtarışına başlayır. Çünki belə ətlərə tələbat var. Xüsusilə kolbasa və sosiska istehsalçıları belə ətlərin böyük partiyalarda alıcılarıdır.
"Azad İstehlakçılar Birliyi”nin (AİB) sədri Eyyub Hüseynov müvafiq dövlət orqanlarını bazarda belə ətlərin satıcıları ilə yanaşı, alıcılarının da müəyyən olnmasına çağırıb.
O deyib ki, dövlət qurumlarının əlində tələbkarları - yəni bazarı stimullaşdıranları müəyyən etmək çətin iş deyil.
Sitat: "Ən azı müəyyən edə bilərlər ki, tələbkar kimdir. 6-7 ton at-eşşək, murdar, ölmüş heyvanın ətini satandan soruşa bilərlər ki, ay bala, bu qədər at-eşşəyin ətini hara, kimə aparırsan? Bunu niyə soruşmurlar? Soruşurlarsa, niyə tələbkarların cəzalandırılması haqda 1 dənə olsun belə məlumat yoxdur? Olsaydı, yəqin ki, bir gün Azərbaycanda ”leş mafiyası" fəaliyyətini bu qədər şəbəkələşdirib genişləndirə bilməzdi. Atın-eşşəyin cəmdəyi azı 100 kiloqram olur. Bazarda ətin kiloqramı 10-12 manatdır. "Leş mafiyası” ətin kiloqramını 5 manatdan satır. Hər 100 kiloqram ət üçün 500 manat qazanc var. Belə ətin satışına görə cərimə dəfələrlə azdır. 50-100 manat cərimə ödəyib, yenidən qayıdırlar öz işlərinə. Tələbkarlar böyük biznes sahibləridir. Təsəvvür edin ki, Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi bugünlərdə çıxıb dedi ki, it, at, eşşək, ulaq əti də yeməlidir. Ancaq bunun üçün ətin adı deyilməlidir. Bu açıqlama ilə qətiyyən razı deyiləm. Belə açıqlama verən nazirliyin qarşısında it əti mağazası açmaq lazımdır. Bu adam erməninin əlinə bayraq verir ki, desinlər ki, azərbaycanlılar it əti yeyirlər. Bu, biabırçılıqdır. Azərbaycanda at-eşşək ferması yaradıb guya ətini xaricə göndərən adamlar da ifşa olunmalıdır. Bu məsələ birdəfəlik Azərbaycan gündəmindən çıxmalıdır. Azərbaycan vətəndaşlarının bədəninə at-eşşək, it ətinin harmonları yaddır. Bu ətlər insan bədəninə düşəndən sonra azad radikallar yaradır, bağırsaqlarda yuva salıb vətəndaşların sağlamlıqlarına xətər yetirəcək".
Qeyd edək ki, 2017-ci ilin fevralında prezident Qida Təhlükəsizliyi Agentliyinin yaradılması üçün fərman imzalayıb. 2018-ci ildə fəaliyyətə başlayacaq agentlik, adından da göründüyü kimi, qida təhlükəsizliyimizi təmin etməldir. Yəni dükan-bazara viruslu kolbasa-sosiska məmulatlarının daxil olmasının qarşısını almalı, leş ət satanları, at-eşşək ətini quzu əti adı ilə istehlakçılara sırıyanları zərərsizləşdirməlidir. 2018-ci ilə qədər isə vətəndaşların dana əti əvəzinə at-eşşək əti alıb yeməyəcəyinə təminat yoxdur. Bu səbəbdən kolbasa və sosiska məmulatlarından bacardıqca uzaq durun, dönərxanalara və yeməklərin keyfiyyətinə şübhə etdiyiniz ictimai iaşə obyektlərinə, restoranlara getməyin.