Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 30-da II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanında 700 bal toplayan abituriyentlərdən biri də Cavad Əliyevdir.
İctimaifikir.az Milli.Az-a istinadən xəbər verir ki, Dəyanət Türk Vəqfi-Bakı Türk Liseyinin məzunu olan Cavad azvision.az-a deyib ki, yüksək nəticə göstərməsində müəllimlərinin böyük əməyi olub.
"Əsas məktəb müəllimlərimlə hazırlaşmışam. Onlar 3 il mənimlə çox yaxşı məşğul olublar. Həm də məktəbdə əlaçı olmuşam, 9-cu sinifdə Coğrafiya fənni üzrə olimpiadada qızıl medal almışam. Düzü, yüksək nəticə göstərəcəyimə inanırdım, amma 700 bal toplamaq bir az şans məsələsidir. Bəxtimin gətirdiyimi qeyd etməliyəm".
C.Əliyev təhsilini iqtisadiyyat üzrə davam etdirəcəyini bildirib. Lakin, hələ ki, hansı universitetdə oxuyacağını müəyyənləşdirməyib.
"Universitet seçimində müəllim, valideyn və qohumlarımın məsləhətini gözləyirəm. Xaricdə oxumaq şansı olsa, dəyərləndirərəm".
Cavad, həmçinin Təhsil Nazirliyinin məzunlara verəcəyi qızıl və gümüş medala namizəd olduğunu vurğulayıb.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 30-da II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanında 700 bal toplayan abituriyentlərin adları məlum olub. Rekorda imza atan məzunlardan ikisi qız, biri oğlandır.
Ağcabədi şəhəri, 3 saylı məktəb-liseyin şagirdi Məmmədzadə Arzu Ramil qızı və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu olan Cavad Əliyev II ixtisas qrupu üzrə qəbul imtahanlarında ən yüksək nəticəni göstəriblər.