Hər bir məhsulu öz təbii yetişmə vaxtında yemək daha təhlükəsiz və faydalıdır

Yaz fəslini yaşadığımız üçün insanın ağlına ilk olaraq təravətli yay fəslinə məxsus meyvələr gəlir. Hər birimiz qiyməti neçəyə olursa-olsun bu meyvələrdən vaxtından əvvəl alıb dadmaq istəyirik. Ancaq süni yolla yetişdirilən elə meyvə-tərəvəzlər var ki, onları yeməklə çox ciddi problemlərlə üzləşə bilərik.
Apardığımız müşahidələr nübar meyvə və tərəvəzlərin qiymətində bir həftə öncəyə baxanda xeyli ucuzlaşma olduğunu göstərir. Bu cür nübar meyvə-tərəvəzlərin alıcıları əvvəl az idisə, indi çoxalıb. Ancaq unutmamalıyıq ki, bu cür süni yetişdirilən nübar meyvə və tərəvəzləri yemək səhhətimiz üçün zərərlidir. Hətta bəzən bu, ciddi zəhərlənmə ilə də müşahidə edilə bilir. Meyvələrlə yanaşı, bir sıra tərəvəzlər-badımcan, pomidor, xiyar və yaşıl lobya kimi məhsullar da paytaxt bazarlarının piştaxtalarını bəzəyir.
Maraqlıdır, bəs nübar meyvə-tərəvəz neçəyədir və onlar əslində nə vaxt yeyilməlidir?
İlk olaraq alçadan başlayaq. Hazırda alçanın kilosu 2 manat 50 qəpik-10 manat arasında dəyişir. Stəkanla da alça satılır ki, onun da qiyməti stəkanın ölçüsünə uyğun olaraq 20-40 qəpik arasındadır. Satıcılar kilosu 10 manata satılan alçanın Göyçə alçası olduğunu deyirlər. Göyçənin adi alçadan fərqi onun tam yetişənə qədər yaşıl rəngini qoruyub saxlamasıdır. Adətən alça tam yetişəndə qızarır. Ancaq Göyçə alçası belə olmur. Alça adətən may ayında yetişir və artıq may ayında bu meyvəni yemək tam zərərsizdir.
Ümumiyyətlə, alça bədənə güc və enerji verir. Qansızlığa yaxşı təsir edir, iştahanı açır, həzmi asanlaşdırır. Bədəndəki zərərli maddələri çölə atmaqda köməklik edir. Revmatizmə də yaxşı təsiri olduğu bildirilir. Alça A, C və B vitaminləri ilə kalium, maqnezium, fosfor və dəmirlə zəngindir.
Çiyələk də mayın sonlarında yetişir. Çiyələk siqaret tüstüsünün təsirlərini azalda bilir, yüksək atəşi salır. Şəkər nisbəti aşağı olan çiyələyin 10 dənəsi yalnız 58 kaloridir. Bununla yanaşı, çiyələk arıqlamaqda köməkçi olan hormonları da tənzimləyir. Çiyələk antioksidantdır və buna görə də immun sistemini gücləndirir. Hətta xərçəngə qarşı qoruyucu təsirinin olduğu da sübut edilmişdir.
Vitamin və mineralları: B3 və C vitamini, karbonhidrat, kalium, lif, dəmir.
Bazarlarda daha çox bu meyvələri görə bilərik. Ancaq bir sıra iri marketlərdə hazırda yetişmə mövsümü olmasa belə, ərik, üzüm kimi meyvələrə də rast gəlinir. Onların kiçik bağlaması 6 manatdan başlayır.
Tərəvəzlərə gəlincə isə hazırda marketlərdə və bazarlarda yer alan badımcanın kilosu 2 manat 50 qəpik-4 manat arasında dəyişir. İyun ayında yeyilməsi məsləhət görülən badımcan A vitamini, fosfor baxımından zəngindir. Qaraciyər və böyrəkləri qüvvətləndirir, bədəndəki çox suyu boşaldır. Qansızlığa yaxşı gəlir, qanı artırar və ürəyi sakitləşdirər. Kilosu 3-5 manat arasında satılan yaşıl lobyanı isə aprel-iyul aylarında yemək məsləhət görülür. Yaşıl lobya ürək və damarların fəaliyyətinə çox müsbət təsir edir, damarları təmizləyir, aterosklerozun inkişafının qarşısını alır. Kalsium və fosforla zəngin olan yaşıl lobya sümüklərimiz üçün də çox xeyirlidir. Fransızlar deyir ki, yaşıl lobyanı tez-tez yeyən qadın dəri, saçlar və dırnaqların vəziyyətinə görə narahat olmamalıdır, onlar hər zaman sağlam və gözəl olacaq. Lobya qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqları toksin, şlaklar və s. ziyanlı maddələrdən yaxşı təmizləyir, qəbizliyin qarşısını alır. Yaşıl lobyanın tərkibində həm fol turşusu, həm də dəmir var. Bu iki maddə qanın tərkibinə çox müsbət təsir edir. Bibərin kilosu 5 manat, badımcan, pomidor 2-5 manat arasında dəyişir.
Dolmalıq bibərin isə iyundan noyabra qədər yeyilməsi tövsiyə edilir. Kilosu 3-4 manatadır. Bazarda təzə üzüm yarpağı da satılır. Kilosu 2 manat 50 qəpik-5 manat arasında dəyişir.
Meyvələrə gəlincə isə mütəxəssislər meyvələrin aşağıdakı aylarda yeyilməsinin daha məqsədəuyğun və sağlamlıq üçün faydalı olacağını bildirirlər:
Ərik: iyun - avqust; üzüm: iyul - noyabr; armud: iyul - noyabr; alça: may - avqust; göyəm: avqust-oktyabr; şaftalı: iyun - sentyabr; albalı: iyun; vişnə: iyul-avqust; çiyələk: may - iyun; heyva: oktyabr - yanvar; qarpız: iyun - avqust; qovun: iyul -noyabr
əncir: avqust-sentyabr.
Ümumiyyətlə, hər bir meyvəni və tərəvəzi öz təbii yetişmə vaxtında yemək daha təhlükəsiz və faydalıdır.