Qabil Hüseynli: "Duqin çaplı rus politoloqları ilə işləmək hərbi əməliyyatlar kimi vacib məsələlərdən biridir”
Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri, Kremlin ideoloqu kimi tanınan politoloq Aleksandr Duqin mayın 1-dən Azərbaycanda səfərdədir. Onun Azərbaycana Azərbaycandakı rus icmasının dəvəti ilə gəldiyi bildirilir. Bəs Aleksandr Duqinin Azərbaycana gəlişinin Azərbaycan üçün hansısa əhəmiyyəti ola bilər?
Politoloq Qabil Hüseynli A.Duqini əhəmiyyətli adam adlandırdı: "Duqin öz ölkəsində və dünyada ictimai fikri formalaşdırmağa qatqısı olan politoloqdur. Belə bir adamın ölkəmizə gəlişinin əhəmiyyətinin olmadığını söyləmək yanlış olardı. Əgər bu gün ermənilər informasiya müharibəsində bəzi sahələrdə bizi qabaqlayırlarsa, onlar məhz lobbiçilik fəaliyyəti və lobbiçilik fəaliyyətinin nəticəsi kimi bu cür politoloqlara və ictimai rəyi formalaşdıran digər sənət sahiblərinə yol tapmaları, onlara təsir göstərmələri ilə buna nail ola bilirlər. Duqin Rusiyada çox tanınmış adamlardan biridir, Kremlə yaxın şəxsdir. Kremlin ”mətbəxinə" yaxın buraxılan bir adam kimi o, geniş informasiya bazasına malikdir. Bu informasiyanın çoxluğu səbəbindən də çox zaman verdiyi proqnozlar həqiqətə xeyli yaxın olur. Duqin hadisələrin inkişaf meylini modelləşdirə bilir. Bu modelləşdirmə real gerçəkliyə ya çox yaxın olur, ya da tamamilə üst-üstə düşür. Çünki o, məlumatı ilk qaynaqlardan alır. Bu cür adamlar haqqında danışarkən Vladimir Jirinovski nümunəsinin misal gətirilməsi düzgün müqayisə deyil. Çünki Jirinovski həm fırıldaqçıdır, həm də sabitqədəm adam deyil. Jirinovski alıb-aldadandır, təbiət etibarilə çox sürüşkən adamdır. Amma Duqin ciddi adamdır".

Q.Hüseynli qeyd etdi ki, Duqinlə bərabər Rusiyada xeyli ciddi politoloqlar var. Onların böyük qismi ermənipərəst mövqedədir. Duqinin özü də azərbaycanpərəst deyil: "Bax, bu nöqteyi-nəzərdən ermənipərəst mövqedə dayanan və Kremlə yaxın olan, Kremlə müəyyən qədər təsiri olan politoloqların, tanınmış jurnalistlərin Azərbaycana gətirilməsini, onlara reallıqları təbliğ edib mövqelərinə təsir edilməsini lazımlı iş hesab edirəm. Rusiyada fikir sahibləri, ictimai rəyə təsir etmək imkanı olan adamlar nə qədər çox Azərbaycana dəvət edilsə və reallıqlar onlara çatdırılırsa, Azərbaycanın xeyrinədir. Hesab edirəm ki, Duqin kimi adamları, imkan olsa, cəbhə xəttinə, cəbhəyə yaxın bölgələrə aparsalar və o cür adamlar ermənilərin o bölgələrə vurduğu zərbələri, insanları hətta su qıtlığına məhkum etdiyini öz gözləri ilə görsələr yaxşı olar. Bu cür adamların gerçəkliyi görməsi onların mövqeyinə təsir edə bilər. Bu isə gələcəkdə ictimai fikrin Azərbaycanın xeyrinə tənzimlənməsində böyük rol oynaya bilər. Bu baxımdan, Duqini Azərbaycana kim dəvət edibsə, kim onun səfərini təşkil edibsə, çox doğru hərəkət edib”.
Politoloq onu da vurğuladı ki, Duqin Bakıda olduğu müddətdə ondan maksimum istifadə etmək lazımdır: "Maksimum istifadə deyəndə mən Duqinə daha çox informasiya ötürülməsini, eyni zamanda ona Azərbaycan həqiqətlərinin praktiki surətdə çatdırılmasını nəzərdə tuturam. Yəni biz Duqini öz lobbiçilərimiz sırasına daxil edə bilsək, ən azından onun nə ermənipərəst, nə azərbaycanpərəst mövqedə olmayıb orta mövqedə dayanmasını təmin edə bilsək, bu çox böyük əhəmiyyətə malik olacaq. Bizə həqiqətlərin deyilməsi lazımdır. Odur ki, Duqin çaplı rus politoloqları ilə işləmək müharibə meydanlarında aparılan hərbi əməliyyatlar kimi vacib amillərdən biridir”.