İtlərin toyunda oxuyan aşığa sərt sözlər deyildi

Balabançı isə Aşıqlar Birliyindən qovuldu; Aşıq Ədalət:"Aşıq it olan yerə getməz, ora ancaq "çölləmə” artistlər gedə bilər”

Goranboy rayonunda iş adamı Qalib Mustafayevin itlərinə toy etməsi ilə yanaşı, bu məclisi idarə edən Aşıq Şəmmət də ictimaiyyətdə böyük qınaq obyektinə çevrilib. Sosial şəbəkələrdə, mətbuatda aşığın haqqında səslənən tənqidlər səngimir. Ən ağır sözlər isə həmkarları tərəfindən gəlib. Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı həmkarını "küçə adamı” adlandırıb. Həmçinin M.Qasımlı aznews.az-a açıqlama verərək qeyd edib ki, adıçəkilən aşıq təmsil etdiyi qurumun üzvü deyil:

"Yazırlar ki, guya Şəmməd Aşıqlar Birliyinin üzvüdür. Yalandır, onun bizim birliyə heç bir aidiyyəti yoxdur. O, küçə adamıdır, çayxana oxuyanıdır. Onun Aşıqlar Birliyində nə işi? Xahiş edirəm ki, mətbuat belə adamları bizim adımızla hallandırmasın. Birlik olaraq bu hadisəyə münasibətimiz çox pisdir”.


Məhərrəm Qasımlı qeyd edib ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edə bilmir: "Məhkəmə qanunla olmalıdır. Bizim qanunlarda yazılmayıb ki, itə toy etmək olmaz. Onu cəzalandırmağa qanun bizə imkan vermir. Deyəcək ki, azad sənətkaram, nə istəyirəm onu da edirəm. Axırda biz borclu qalacayıq”.


Məhərrəm Qasımlı həmçinin vurğulayıb ki, həmin aşığın cəzalandırılmasının bir yolu var, o da ictimai qınaqdır.


Aşıq Ədalət Nəsibov isə "Yeni Müsavat”a açıqlamasında bildirdi: "Aşığı məclisə dəvət edəndə soruşmur ki, kimin toyudur, qız, yoxsa oğlan toyudur, ad günüdür. Deyirlər ki, xeyr iş var, gedək. O aşıq nə bilsin ki, var-dövlət o biznesmeni qudurdub, indi də itini evləndirir. Axı aşıq bilmir, toy kimə edilir. Əgər aşığa deyilsə ki, ”aşıq, itimə toy edirəm, gəl gedək", aşığı öldürsələr də getməz. Dədə Qorqudun bir yadigarı var, onu da yoldan çıxartmağa çalışırlar. Aşıq it olan yerə getməz. Ora ancaq "çölləmə” artistlər gedə bilər. Mən aşığı müdafiə etmirəm, onu tanımıram, amma bu aşığın günahı yoxdur. Deyiblər ki, toydur, o da gedib. Aşığı istəməyən adamlar da bunu şişirdib".


Aşıq Zülfiyyə isə bir aşığın itin toyunda oxumasına inanmadığını bildirdi:


"İtlərə toy keçirilib? Dünyanın axırıdır, deyəsən. O aşığı dəvət ediblər, o da gəlib oxuyub. O da yəqin ki, bilməyib ki, ona qulaq asan iki ayaqlı itdir, ya dörd ayaqlı itdir. Əgər aşıq sənətini belə bir şeylə qarışdırıblarsa, bunu törədən adamın psixi problemi var. Əgər məclisə məni insan dəvət edirsə, deməli, mənə qulaq asan da insan olur... İnsan bu haqda danışıb, söz tapa bilmir. Həm adamın pisinə gəlir ki, bu necə ola bilər? O aşığı dəvət edən biznesmeni tənqid etmək lazımdır”.


Aşıq Namiq isə məsələyə bu cür münasibət bildirdi: "Aşığın orda nə günahı var? Aşığı toya, məclisə çağırarlar. Bu aşığın da kül başına olsun ki, orda görüb ki, itlərə toy edirlər, məclisdən getməli idi. 5-10 manata görə niyə orda qalırdı? Toyu da edən şərəfsizin biri, axmaq adamdır ki, itə toy edir. Bu harınlamışlıq, qudurmuşluqdur ki, itinə toy edir, üstəlik, ora aşıq və ya müğənni çağırır. O aşıq da bədbəxt adamdır. Mən bu işə çox pis baxıram. Buna söz tapıb demək olmur. Görünür ki, bu, aşıq sənətini aşağılamaq üçün edilib. O biznesmen də bu cür toy etməkdənsə gedib kasıb-kusuba əl tutardı. Hazırda o qədər adam var ki, acından ölür, evinə çörək apara bilmir. Onlara kömək edərdi də”.


"Onun şəxsiyyəti olsaydı saz götürüb belə məclisdə oxumazdı”. Bu sözləri isə aznews.az-a açıqlamasında aşıq Əli bildirib. O qeyd edib ki, həyatda özünə yer tuta bilməyən adamlardan çox şey gözləmək mümkündür:


"Bu toyun başqa adı yoxdur. Artıq qiyamətin əlamətləri yaxınlaşır. Aşıq sənəti Azərbaycan milli musiqisinin kökü, tarixi və ən ucasıdır. Kimsə şəxsiyyətini alçaldıb belə məclisdə iştirak edib. Bunun aşıq sənətinə nə aidiyyəti var? Belə insanlar şəxsiyyətində problem olanlardır”.
Goranboylu iş adamı Qalib Mustafayevin itlərinin toyunda aşığı müşayiət edən balabançı Haqverdi Kərəm oğlu Əliyev Azərbaycan Aşıqlar Birliyinin üzvü olub və təşkilatın nizamnaməsini kobud surətdə pozduğuna, sənətə və sənətkara yaraşmayan hərəkətlərə yol verdiyinə görə Azərbaycan Aşıqlar Birliyinin üzvlüyündən xaric edilib.





[email protected]