Uruqvayda yağışların yağması və Kuareym çayının daşması ilə əlaqədar baş vermiş güclü daşqınlar səbəbindən 1,7 min insan evlərini tərk edib.
Bu barədə Cənubi Amerika ölkəsinin Fövqəladə Vəziyyətlər üzrə Milli Sistemi məlumat yayıb. Məlumatda bildirilir ki, 1000-dən çox insan özü təhlükəsiz yerə gedib. Digərlərini isə yerli orqanlar təxliyə edib. Sakinlər 15 müvəqqəti sığınacağa yerləşdirilib. Onlar qida və zəruri əşyalarla təchiz olunublar.
İndi Kuareym çayının səviyyəsi 8,8 metr, yaxud çərşənbə günü ilə müqayisədə 3 metr aşağıdır. Hakimiyyət orqanları hesab edir ki, əgər daşqınlar yenidən başlamasa, sakinlər 2 gün ərzində evlərinə qayıda bilərlər.