Tanınmış mətbuat və ictimaiyyət nümayəndələri Türkiyədəki seçkilərə “evet” deyir

Azərbaycanın media və ictimaiyyət mənsubları Türkiyədə prezidentli idarəçiliyin tərəfdarıdır...


Türkiyədə konstitusiya dəyişikliyi ilə əlaqədar keçiriləcək 16 aprel referendumuna sayılı günlər qalır. Ölkəmizdə də referendumla bağlı proseslər böyük maraq və diqqətlə izlənilməkdədir. Maraqlıdır, Azərbaycanın tanınmış mətbuat və ictimaiyyət nümayəndələri Türkiyədə keçiriləcək referendumda iştirak etsəydilər, "evet”, yoxsa "hayr” deyərdilər?


"Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov "evet” tərəfdarı olduğunu bildirdi: "Türkiyə bizim böyük dostumuz və qardaşımızdır. Türkiyə inkişaf etməklə, daim müasirləşən bir dövlətdir. Onun bugünkü rəhbərliyi uzun müddətdir ki, təkbaşına ölkəyə rəhbərlik edir. Çoxdan türk xalqı da, biz də gözləyirdik ki, vahid bir partiya Türkiyə dövlətini uğurla inkişaf etdirsin. Eyni zamanda Türkiyəni gözü götürməyən, hər an ona gizli ya da aşkar şəkildə maneələr yaradan, onu parçalamağa, zəiflətməyə çalışan qüvvələr çoxdur. Ancaq buna baxmayaraq, Türkiyə bizim ürəyimiz istəyən istiqamətdə inkişaf edir. Hesab edirəm ki, referendumda xalq ”evet" desə, bu, Türkiyənin daha da qüdrətlənməsinə, möhkəmlənməsinə, inkişafına dəstək olacaq. İnanıram ki, 16 apreldə hamı "evet” deyəcək və beləliklə, biz Türkiyənin yeni inkişafının şahidi olacağıq".


"Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan da "evet”dən yana olduğunu vurğuladı: "Hazırda Türkiyə Cümhuriyyətində çox ciddi proseslər gedir. Kənar güclər orda Ərdoğan rejimini dəyişmək üçün bəzi cəhdlərə baş vurdu. 2013-cü ilin dekabrında anti-korrupsiya hərəkatı adıyla başladılan proses məhz Ərdoğanın güclü lider qabiliyyəti ilə dəf edildi. Bu proses nisbətən yumşaq dəyişikliyi nəzərdə tuturdu. 17 dekabr 2013 hadisələri 2014-ün martın 30-da keçiriləcək bələdiyyə seçimlərində AKP-nin səs qaybının çox olmasına hesablanmışdı həm də. Hakim partiyanın, onun liderlərinin imicini zədələyib, xalqın səsindən məhrum etmək, bununla da hakim partiyanın iqtidara nəzarət paketinin bir qismini ələ keçirmək planları mövcud idi. Lakin bu cəhd alınmadı. Türkiyə seçicisi bu olanlara rəğmən, 30 mart (2014) bələdiyyə seçkilərində Ərdoğanın partiyasına səs verdi, AKP qazandı. Bunun ardından Türkiyədə iqtidarı dəyişməyin daha radikal üsuluna baş vuruldu. 2016-cı ilin 15 iyul gecəsi hərbi qiyam cəhdi oldu.

Image result for Azər Ayxan

Əgər bu qiyam baş tutsaydı, bəlkə də Türkiyə üçün daha pis nəticələrə gətirəcəkdi. Hərbi çevrilişdən sonra heç bir ölkə, cəmiyyət xoşbəxt olmayıb. Bu baxımdan, ötən ilin yayında Türkiyə məhz Ərdoğanın və Türkiyə xalqının sayəsində faciənin kəndarından döndü. Mənim fikrimcə, hazırda qardaş ölkədə ”demokratiyamı, Türkiyəmi" dillemması yaşanır. Mən "evet”dən yanayam. Çünki Ərdoğanın güclənməsi indiki anda Türkiyənin ayaqda qalması deməkdi. Əksinə, Ərdoğan getsə, Türkiyəni 77 yerə bölmək istəyən hegemon qüvvələr bu planlarını maneəsiz həyata keçirə biləcəklər. Mən orda monarxiyanın, diktaturanın qurulacağına inanmıram. Ərdoğan istəsə də, bunu bacarmaz. Çünki Türkiyə cəmiyyətindəki vəziyyət buna imkan verməz. Türk xalqı imperiyalar qurub, cümhuriyyət yaradıb. Onun gücü böyükdür. Sadəcə, Türkiyənin bu həssas və təlatümlü dövrdə dövlət kimi qala bilməsi lazımdır. Sonrakı illərdə hər şey öz yoluna düşəcək. Qardaş ölkənin çevrəsində, yaxınlığındakı qonşu dövlətlərdə baş verənlər çox təhlükəlidir. Türkiyəni Yaxın Şərqdə baş verən dəhşətli oyunlardan qorumaq üçün Ərdoğan kimi güclü bir liderə ehtiyac var. Demokratik proseslər 10-15 il ləngisə, qorxusu yoxdur, amma Türkiyə Cümhuriyyətinin parçalanması, bölünməsi geriyədönməz hal ala bilər. Bu aqibətdən yayınmaq lazım".

Image result for Ruslan Bəşirli


Avropa.info saytının rəhbəri Ruslan Bəşirli də heç şübhə etmədən "evet” dediyini bildirdi: "Heç şübhə etmədən ”evet" deyərdim. Bunun səbəbləri çoxdur. Bəziləri Türkiyədəki referendumda ”evet" demənin qardaş ölkədə avtoritar rejim qurulması ilə nəticələnəcəyini hesab edirlər. Mən düşünürəm ki, bu düşüncə tərzi yanlışdır. Referendumdan "evet” çıxacağı təqdirdə yalnız icra hakimiyyətində idarəetmə bir şəxsin əlində cəmləşəcək. Bu vaxta kimi Türkiyədə icra hakimiyyətində ikili hakimiyyət mövcud idi və bu bir çox problemlərlə müşahidə olunurdu. Türkiyənin tarixinə nəzər yetirdikdə, hətta Mustafa Kamal Atatürklə İsmət İnönü yaxın dost olmalarına baxmayaraq, biri prezident, biri baş nazir olduqdan sonra idarəetmədə fəsadlar yaşandı. Çünki ikili hakimiyyət mövcud idi. Eyni zamanda yaxın tarixdə biz Cəlal Bayar-İsmət İnönü, Cəlal Bayar-Adnan Menderes, Əhməd Nejdət Sezər-Ecevit qarşıdurmalarına da şahid olmuşuq. Bu, ikili hakimiyyətin problemləri idi və Türkiyəni geri aparırdı. Hakimiyyət böhranları eyni zamanda iqtisadi inkişafa da mane olurdu. Lakin hakimiyyət təkcə icra hakimiyyəti ilə yekunlaşmır. Qanunverici hakimiyyət və məhkəmə hakimiyyəti də mövcuddur. Qanunverici hakimiyyətin və məhkəmə hakimiyyətinin mövqeləri yeni düzəlişlə daha da möhkəmlənəcək, Türkiyədə hakimiyyət böhranları geridə qalacaq və bu da qardaş ölkənin inkişafına səbəb olacaq".

Image result for Elxan Şahinoğlu


Politoloq Elxan Şahinoğlu isə qısa cavabla "Mən parlamentarizmin tərəfdarıyam”, - deyə bildirdi.

Image result for Tural Abbaslı


AĞ Partiyanın rəhbəri Tural Abbaslı da "evet” tərəfdarlarındandır: "Bu məsələdə həm mənim, həm də AĞ Partiyanın mövqeyi birmənalıdır. Biz güclü Türkiyə və güclü Azərbaycan üçün ”evet" tərəfdarıyıq. Yəni heç düşünmədən "evet” deyərdim".





[email protected]