Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyətinin Avropa Parlamentinə səfəri davam edib. İctimaifikir.az xəbər verir ki, Avropa Parlamentinin dəvəti ilə aprelin 9-dan Belçikada işgüzar səfərdə olan Milli Məclisin nümayəndə heyəti səfərin sonuncu günündə də bir sıragörüşlər keçirib və müzakirələr aparıblar. Görüşlərdə Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Fuad Muradov iştirak ediblər.
Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə komitəsinin sədri xanım AnnaFotiqa ilə keçirilən görüşdə Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionda sülh və sabitliyin təmin olunmasına maneə törətməsi və Avropa İttifaqının regionda sülhün təmin olunmasında daha fəal rol alması ətrafında fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətimiz, həmçinin Avropa Parlamentinin üzvləri Sandra Kalniete, İvo Vayql, Knut Flenkenştayn və Heydi Hautala ilə də görüşlər keçirib. Görüşlərdə parlamentlərimiz arasında əməkdaşlığın mövcud durumu və gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.
Nümayəndə heyətinin Brüsselə səfəri başa çatıb.