Başına pul qoyulan terrorçular, prezidentlər və siyasətçilər

Onların yerini deyən, öldürən milyonları qazanır...

 Yer kürəsinin hər yerində axtarışda olan insanlar var. Onlar bəzən böyük-böyük dövlətləri, liderləri, güc strukturlarını öz arxalarınca süründürürlər. İllər boyu axtarışda olanların başına böyük hallarda pul da qoyulur. Həm də fantastik məbləğlərdə. "Yeni Müsavat” bu hekayələri nəzərə çatdırır. Kimin başına nə qədər pul qoyulub? O pullar kimə və necə yetirilib?

Əsgəri yaxalasanız, 200 min dollar alacaqsınız...


2014-cü ildə Ukrayna hərbçilərinin cəsədlərini lağa qoyan "yığma qoşun döyüşçüsü”nün tutulması üçün mükafat elan edilib. Ukraynalı biznesmen Rusiya Federasiyasının əsgəri Dmitri Qrisuku tutana 200 min dollar ödəməyə söz verib.
Naməlum qalmağı arzulayan Ukrayna biznesmeni öldürülmüş Ukrayna hərbçiləri ilə bağlı videonu sosial şəbəkəyə çıxardan Rusiya əsgərinin tutulması üçün 200 min dollar mükafat təyin edib. Bu haqda facebook səhifəsində ukraynalı jurnalist Yuri Butusov yazıb.


"Mənim şirkətim orduya, milisə, Milli Qvardiyaya və Antiterror Qrupuna ciddi dəstəyini göstərir. Amma mən öz şəxsi vəsaitimdən daha bir mükafat təyin etmək istəyirəm. Silahlı qüvvələrin, hüquq-mühafizə orqanlarının və ya Ukrayna xüsusi xidmət orqanlarının bölməsi Rusiya əclafı Dmitri Qrisuku sağ və ya ölü ələ keçirən 200 min dollar mükafat alacaq və bankda müstəqil hesaba keçiriləcək”, - deyə biznesmen Butusova bildirib.


Jurnalist bildirib ki, biznesmenin belə mükafatı elan etməsinə səbəb Sankt-Peterburqdan olan rusiyalı Dmitri Qrisuku öldürülən Ukrayna hərbçiləri ilə fotonu və videonu gördükdən sonra şoka düşməsi səbəb olub.


Xatırladaq ki, videoyazıda o, öldürülmüş ukraynalıların parçalanmış cəsədlərinin yanında gəzişir və nə gördüyünü şərh edir.


Bəşər Əsəd üçün 450 min dollar?

Image result for Bəşər Əsəd


2012-ci ildə Suriya prezidenti Bəşər Əsədin öldürülməsi üçün Ərəb şeyxi tərəfindən göstəriş verilib. Səudiyyə Ərəbistanın öndə gedən dini liderlərindən olan Əli əl-Rəbii Suriyada günahsız insanlara qarşı törədilən amansız qətl hadisələrindən qəzəblənərək Bəşəd Əsədi öldürənə 450 min dollar pul və xeyli sayda qiymətli hədiyyələr verəcəyini bildirib.


2015-ci ilin oktyabrında Suriyada rejim qüvvələrinə qarşı vuruşan "Əl-Nüsra” Cəbhəsinin lideri Əbu Məhəmməd əl-Culani digər qruplaşmalara birlik çağırışı edib. Culani twitter hesabında dərc olunan və 21 dəqiqə 6 saniyə davam edən səs yazısında Suriyada Rusiyanın müdaxiləsinə qarşı birləşməyin vacib olduğunu deyib. "Əl-Nüsra” Cəbhəsinin lideri həmçinin Dəməşq rejiminin tərəfində vuruşan "Hizbullah”ın rəhbəri Həsən Nəsrulah və Suriya prezidenti Bəşər Əsədi öldürənə mükafat veriləcəyini açıqlayıb. Əsədin başına 3 milyon, Nəsrullahı öldürənə isə 2 milyon avro veriləcək. Culani onları öldürən şəxsin təhlükəsizliyinin "Əl-Nüsra” Cəbhəsi tərəfindən təmin ediləcəyini söyləyib.


2015-ci ilin avqustunda Rusiyanın baş nazirinin keçmiş müavini Boris Nemtsovun ölümündə şübhəli bilinən Çeçenistanın Daxili İşlər Nazirliyinin keçmiş batalyon döyüşçüsü Zaur Dadayev cinayəti törətmək üçün sifarişçidən 500 min rubl (7 700 ABŞ dolları - red.) avans alıb. Bu haqda Dadayev dindirilmə zamanı bildirib. Dadayev istintaqda adı hallanan Rusikin ona sifarişin icra olunması təqdirində 15 milyon rubl vəd etdiyini deyib. Rusiya İstintaq Komitəsində Dadayev həbs olunarkən onun üzərində tapılan 100 min rublun da həmin hadisəyə görə alındığını düşünürlər.


2015-ci ildə Suriyadakı Rusiya qoşunları "Əl-Nüsra" Cəbhəsi yaraqlılarına endirilən aviazərbələrdən sonra islamçıların hədəfinə çevrilib. Onlar hər rus əsgərinin başına 1 milyon Suriya lirəsi məbləğində mükafat təyin ediblər. Bu barədə məlumatı rusiyalı jurnalist İlya Varlamov öz bloqunda yayıb. Jurnalist bu zaman "Əl-Nüsra" Cəbhəsinin twitter səhifəsinə istinad edib. "Yerli islamçılar, İŞİD yox, ”Əl-Nüsra" Cəbhəsi bir rus əsgərinin başına 1 milyon Suriya lirəsi, yəni təxminən 10 min ABŞ dolları pul mükafatı təyin edib" - deyə İ.Varlamov yazır.

Image result for David Haines


2014-cü ildə ABŞ şotlandiyalı David Hainesin başını kəsən şəxsin başına pul mükafatı qoyub. İngilis əsilli "Cihadçı Con” ləqəbli İŞİD (özünü İraq və Şam İslam Dövləti kimi təqdim edən terror təşkilatı) üzvünün saxlanmasına yardım edəcək şəxslərə 9,75 milyon dollar mükafat veriləcək. Conun tutulması üçün amerikalı və ingilis milli kəşfiyyatçıları bölgədə və İngiltərədə ciddi araşdırma aparırlar. ABŞ prezidenti Barak Obama isə İŞİD-in Suriyadakı qalası kimi bilinən Rakkada saxlandığı iddia olunan Conun öldürülməsi ilə bağlı təlimat verib.


Conun milli kəşfiyyat nümayəndələrinin kimliyini təsbit etdiyi deyilir. Onun terror təşkilatına qoşulmazdan əvvəl paytaxt Londonda yaşadığı məlum olub. Conun ailə üzvlərinin sorğuya cəlb olunduğu deyilir.


2014-cü ildə Ukraynanın Kremençuq şəhərinin meri, Azərbaycanın Gəncə şəhərində doğulmuş Oleq Babayevin qatillərinin adını söyləyənə mükafat veriləcək. Merin dostları O.Babayevi qətlə yetirən haqqında məlumat verənə 100 min qriven mükafat vəd edib. Merin dostları pul yığılması üçün xüsusi fond yaradıblar. "Fonda artıq 100 min qriven (8,5 min dollar) yığılıb. Tanışları zəng edir, yeni vəsaitlər hazırlayırlar ki, cinayətkarlar tapılsın”, - deyə Ukraynanın xalq deputatı Yuri Şapoval bildirib.

Image result for Oleq Babayev


Milisdən bildirirlər ki, Oleq Babayevin qətli sifarişli olub. Hüquq-mühafizə orqanları bir neçə versiya üzərində işləyirlər. Qətl siyasi, biznes və ya məişət xarakterli ola bilər.


Xatırladaq ki, Oleq Babayev evinin yaxınlığında öldürülüb. Ona 3 dəfə atəş açılıb. Atəş açan naməlum şəxs və ya şəxslər avtomobillə hadisə yerindən uzaqlaşıblar.


2015-ci ilin may ayında ABŞ hökuməti İŞİD terror qruplaşmasının 4 lideri haqda informasiyaya görə üst-üstə 20 milyon dollar mükafat ayırıb. Ən böyük məbləğ - 7 milyon dollar hörgütün liderlərindən olan Mustafa əl-Kaduli ilə bağlı informasiya üçün vəd edilib.


Bundan əlavə, Amerika hökuməti Əbu əl-Adnani və Gürcüstan əsilli Tarxan Batiraşvili üçün hərəsinə 5 milyon ayırıb. Tarik əl-Xarzinin başına isə 5 milyon dollar qoyulub.


Putinin başına 100 milyon dollar?

Image result for Putin


Başına pul qoyulanlardan biri də Rusiya prezidenti Vladimir Putin olub. Bu ilin fevral ayında onun başına pul qoyulub. Vilayət rəhbərinin müavini Boris Filatov yeni bəyanatla çıxış edərək, Rusiya prezidenti Vladimir Putinin fiziki məhvinə görə 100 milyon dollar vəsait ödəməyə hazır olduqlarını bildirib. Filatov alternativ variant da təklif edərək, Rusiya dövlət başçısının fiziki məhvi alnmayacağı təqdirdə onun hakimiyyətdən getməsinə cəhd edənlərə də analoji civarda qonorar ödəməyə hazır olduğunu dilə gətirib. Qubernator müavini Filatov isə fikrini belə əsaslandırıb ki, iki qardaş xalqın üz-üzə gəlməsinin, günahsız əsgər və zabitlərin gərginlik altında qalmasının təkcə bir günahkarı var - o da Vladimir Putindir. Yeni təklifin şərtləri və tezisləri mayın 5-nə qədər bəyan ediləcək. Qeyd edək ki, ilk bu tip addımlar vilayət qubernatoru İqor Kolomoyski tərəfindən atılmışdı. O, separatçıları və müxtəlif çaplı silahları təhvil verənlərə müəyyən miqdarda pul ödəyəcəyini demişdi...
Müsəlman dünyasının qəzəbinə səbəb olan "Müsəmanların məsumiyyəti” filminin yaradıcısının başına 100 min dollar pul qoyulub.


Pakistanın dəmir yolu naziri Hacı Qulam Əhməd Bilur filmin yaradıcısını öldürənə 100 min dollar pul verəcəyini vəd edib. Nazir həmçinin bəyan edib ki, müsəlmanları təhqir etdiyi üçün sözügedən filmin rejissoru öldürülməlidir. Hacı Qulam Əhməd Bilur "Taliban” və "Əl Qaidə” terror qruplaşmalarına da Amerikalı rejissorun öldürülməsi ilə bağlı müraciət edib.


Qeyd edək ki, internet vasitəsilə yayımlanan "Müsəmanların məsumiyyəti” filmi Məhəmməd (s) peyğəmbəri təhqir etdiyi üçün müsəlman dünyasının ciddi narazılığına səbəb olub. Bir sıra müsəlman ölkələrində filmə etiraz olaraq ABŞ səfirliklərinə silahlı basqınlar edilib. Bu ölkənin Liviyadakı səfiri isə narazı kütlə tərəfindən yandırılaraq öldürülüb.
2014-cü ildə isə Ukraynada "LayfNyus” əməkdaşlarının başına pul qoyulmuşdu. Bu barədə "LayfNyus” telekanalının baş redaktoru Anatoli Suleymanov məlumat yayıb. Onun sözlərinə görə, telekanalın bir neçə əməkdaşının başına 20 min dollar mükafat qoyulub.


Bundan əvvəl bildirilmişdi ki, "LayfNyus” jurnalistləri Oleq Sidyakin və Marat Sayçenko Ukrayna Milli Qvardiyası tərəfindən Donetsk vilayətinin Kramatorsk şəhəri ərazisində saxlanılıb. Media-holdinqin rəhbərliyi Rusiya Xarici İşlər Nazirliyinə onların sərbəst buraxılmasına kömək üçün müraciət edib: "Əməkdaşlarımızın bəzilərinin başına 10 min dollar mükafat qoyulması haqqında 100 faizlik məlumat var. Ancaq indi mükafat 20 min dollara qaldırılıb”, - deyə Suleymanov "Rusiya xəbər xidmətin”ə bildirib.


Suleymanovun sözlərinə görə, telekanalın jurnalistləri Oleq Sedyakin və Marat Sayçenko Kramatorskda Milli Qvardiyanın BMT nişanlı helikopterlər tətbiq etməsi haqqında materialı çıxandan sonra təqib olunmağa başlayıb.

Öldürənə 130 min dollar, yerini deyənə 13 min dollar

Bu ilin mayında Misirin Sina yarımadasındakı tayfalar İŞİD-ə biət etdiyini açıqlayan "Sina vilayəti” adlı təşkilatın liderlərindən olan Şadi əl-Muininin başına mükafat qoyub. Ərəb mediası xəbər verir ki, Ailələr və Tayfa Gəncləri Birliyi onu öldürənə 130 min dollar, yerini söyləyənə isə 13 min dollar mükafat veriləcəyini açıqlayıb.


Birlikdən verilən məlumata görə, Muininin Qəzzaya qaçdığına dair dəqiq məlumatlar var. Terabin tayfasının liderlərindən olan Musa ed-Delh isə Sina yarımadasında İŞİD-lə silahlı qarşıdurmaya getməyəcəyini söyləyib.


Qeyd edək ki, Misir ərazisində fəaliyyət göstərən və orduya hücumları ilə tanınan "Ənsar Beyt əl-Makdis” qruplaşması İŞİD-ə biət etdiyini açıqlayandan sonra "Sina vilayəti” adlandırılıb.


Hüsnü Mübarəkin başı 1 milyon dollaradır?


2009-cu ildə İranda Misir prezidenti Hüsnü Mübarəkin başına pul qoyulmuşdu. İran İnqilab Keşikçiləri Korpusu nəzdində fəaliyyət göstərən "Bəsic” təşkilatının tələbələrdən ibarət qanadı bəyan edib ki, H.Mübarəki qətlə yetirə biləcək şəxsə 1 milyon dollar mükafat veriləcək. Təşkilat bu addımını Misirin sərhədyanı Rəfah keçid məntəqəsini fələstinlilərin üzünə bağlaması ilə əsaslandırıb. "Bəsic” Misirin dövlət başçısını "terrorçu” adlandırmaqdan da çəkinməyib. "Beynəlxalq terrorçu olan Hüsnü Mübarəki dünyanın istənilən nöqtəsində qətlə yetirə biləcək şəxsə 1 milyon dollar mükafat veriləcək”, - deyə təşkilatın bəyanatında bildirilir.


İranın daha bir birliyi bu qərarı dəstəkləyib. Tehrandan Qəzzaya könüllülərin səfərbərliyi ilə məşğul olan Beynəlxalq İslam Şəhidləri Hərəkatının nümayəndəsi Firuz Rəcayi jurnalistlərlə söhbətində bildirib ki, onlar H.Mübarəkin qətli ilə bağlı mükafat ayrılmasına dəstək verirlər. O, lazım gələrsə, bu mükafatın məbləğinin daha da artırıla biləcəyini istisna etməyib.




[email protected]