Aprelin 13-də Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə əlil-arestant Rauf Sultanovun kassasiya şikayətinə baxılacaq. R.Sultanov 2016-cı ildə bakı Apelyasiya Məhkəməsinə (BAM)müraciət edərək barəsindəki həbs qərarının prezident sərəncamına uyğunlaşdırılmasını istəyib. Həmin sərəncama görə Cinayət Məcəlləsində əlavə və dəyişikliklər edilib. Dəyişikliklərə görə, ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan işlər üzrə dəymiş ziyan tam ödənildikdə şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan alternativ cəzanın təyin olunması nəzərdə tutulurdu.

R.Sultanov işi üzrə belə bir cəzanın təyin edilməsini istəmişdi. Bununla əlaqədar 21 oktyabr 2016-cl ildə Qədim Babayevin sədrliyi ilə şikayətə baxılıb, amma əlil-arestantın cəzası həbsə alternativ cəza ilə əvəzlənməyib. Hakim əlil-arestant haqda əvvəl çıxarılmış cəzanı ədalətli hesab edib.
İttiham aktına görə, R.Sultanov Nəsimi sakini Naidə Manafovadan 3500 manat borc alıb. Həmin pulu 6 ay sonra qaytarmalı olan R.Sultanov 15 gün gecikdirib. Borc sahibi isə Nəsimi polisinə üz tutub. Polisdə R.Sultanovun əməlini dələduzluq kimi qiymətləndiriblər. Ona Cinayət Məcəlləsinin 178-ci- dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.
İbtidai istintaq zamanı R.Sultanov pulu qaytarıb. Bildirib ki, xəstəliyi ilə əlaqədar pulun ödənişini gecikdirib. Üstəlik pulu N.Manafovadan alarkən öz avtomobilini də girov kimi ona təqdim etdiyini müstəntiqin diqqətinə çatdırıb. Qarşı tərəf onun sözlərini təqsdiqləyib. Bu etiraf müstəntiqi 1-ci qrup əlilə dələduzluq ittihamını irəli sürməyə mane olmayıb. 1-ci qrup əlil özünü ittiham üzrə təqsirli bilmədiyindən ittiham aktına imza atmayıb. İş məhkəməyə göndərilib. Məhkəmədə ittiham aktı elan olunarkən R.Sultanovun ittihamla razı olması məlum olub. R.Sultanov isə bəyan edib ki, o, ittiham aktı ilə razı deyil. Hakim ittiham aktını R.Sultanova təqdim edərək imzasını tanıyıb-tanımadığını xəbər alıb. R.Sultanov isə ittiham aktındakı imzanın ona məxsus olmadığını bildirib. Belə bir halda məhkəmə xətşünaslıq ekspertizası təyin olunub. Ekspertiza ittiham aktında təqsirləndirilən Rauf Sultanovun adı qarşısındakı imzanın ona məxsus olmaması haqda rəy verib. İmzanın saxtalaşdırılması faktı ortadadır. Amma araşdırılmır. İş materiallarından da görünür ki, R.Sultanova qarşı şikayət və tələb yoxdur. Bu günə qədər onun 1-ci qrup əlil olması da Azərbaycan məhkəmələri tərəfindən nəzərə alınmır.