Ter-Petrosyandan Qarabağla bağlı növbəti sensason açıqlamalar

Ermənistanın keçmiş prezidenti Azərbaycan ərazilərini işğal etdiyini şəxsən təsdiqlədi; Bakı məxfi danışıqlarla bağlı sirləri açan sabiq prezidentin dediklərinə reaksiya vermir; Tofiq Zülfüqarov: "Bu iddialara aydınlıq gətirilməlidir”

 Qarabağ probleminin indiki mərhələdə həll olunmayacağı təqdirdə Ermənistanı gözləyən böyük faciələrin anonsunu verən, elə sülh mesajları nəticəsində "müharibə partiyasına” biabırçı şəkildə uduzdurulan keçmiş prezident Levon Ter-Petrosyan növbəti ilginc açılamaları ilə diqqəti özünə cəlb edib. O, Ermənistan televiziyasına müsahibəsində işğalçı ölkənin vətəndaşı olduğunu etiraf edərək deyib ki, hazırkı durumda problem Ermənistanla Azərbaycan arasında yox, İrəvanla dünya birliyi arasındadır.

"Biz, yəni həm Azərbaycan, həm də Ermənistan dünyanın ən nüfuzlu təşkilatlarının - BMT və ATƏT-in bərabərhüquqlu üzvləriyik. Münaqişənin həlli ilə əlaqədar prinsipləri də nə Azərbaycan, nə Ermənistan, nə də Qarabağ müəyyənləşdirir. Onu beynəlxalq birlik müəyyənləşdirir” deyən eks-prezident qeyd edib ki, danışıqlarda masaya qoyulan təkliflər yeni deyil, üstəlik, bu təklifləri Bakı və ya İrəvan yox, beynəlxalq təşkilatlar verib: "İndi isə məsələ daha konkret qoyulub. Artıq nə mən, nə münaqişə tərəfləri hər hansı yeni plan irəli sürə bilərik. Ortada münaqişənin nizamlanması üçün ”Madrid prinsipləri" adlandırılan plan var. 2007-ci ildən bəri məhz bu plan üzərində müzakirə aparılır". Onun sözlərinə görə, indiyədək tərəflərə 6 belə plan təqdim edilib: "Paket, mərhələli, ”ümumi dövlət", Ki-Uest planı, daha sonra ABŞ-ın Minsk Qrupunu iradəsi xaricində irəli sürdüyü plan və nəhayət, "Madrid prinsipləri”.


"Bu prinsiplərlə bağlı həmsədrlər arasında da fikir ayrılığı yoxdur. Onların sırasında ərazilərin geri qaytarılması və güc tətbiq etməməklə bağlı öhdəlik var. Bundan başqa, Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə hüququ, əlavə olaraq, təhlükəsizlik mexanizmlərinin tətbiqi, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi və s. də planda yer alır. Ter-Petrosyanın sözlərinə görə, əvvəllər mübahisəli məsələlər çox olsa da, indi onların sayı 2-3-ə enib” - Ter-Petrosyan bildirib.


Erməni müxbirin "Ermənistan güzəştlərə hazırdır, Azərbaycan yox” sualına Ter-Petrosyan belə cavab verib: "Azərbaycan güzəştlərə hazır olmasaydı, Minsk Qrupunun apardığı prosesdə iştirak etməzdi. Yəni hər iki tərəf güzəştlərə hazırdır. Sadəcə, onlar mümkün qədər üstünlük qazanmağa çalışırlar. Bu da təbiidir. Doğrudur, hansısa mərhələdə hər iki tərəf bu plana da ”yox" deyə bilər. Ancaq bu, hələ ki baş verməyib".


"Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanımağa hazırdırmı” sualına isə eks-prezidentin reaksiyası belə olub: "Bu, tamamilə başqa məsələdir və bəlkə də heç Azərbaycandan asılı deyil. Bəlkə də bu məsələni də beynəlxalq birlik müəyyən edəcək. Qarabağın statusunu Azərbaycan yox, Minsk Qrupunun həmsədrləri müəyyən edəcək. Vəssalam. Sadəcə, bu, onlar üçün birinci dərəcəli məsələ deyil. Odur ki, bu istiqamətdə ciddi səy göstərmirlər. Münaqişənin həll olunmaması da tərəflərin deyil, vasitəçilərin günahıdır”.


Zəruri qeyd: Ter-Petrosyan unudub ki, Azərbaycan ərazi məsələsinin müzakirə predmeti olmayacağına israrlı olmasaydı, çoxdan güzəştli sülhə razılıq verərdi. Bakı Dağlıq Qarabağ ermənilərinə ölkəmiz daxilində muxtar respublika statusundan artığını vermək niyyətində deyil.


Özünü "çoxbilmiş” kimi göstərən eks-prezident Qarabağ ermənilərinin nə zaman qatılacağını bildiyini deyib, lakin "açıqlaya bilmərəm” əlavəsini edib. "Ümumiyyətlə, mən Ermənistanla Azərbaycan arasında müzakirələrin sonuncu mərhələsində razılaşdırıla biləcək məqamları da bilirəm. Bunlar çox deyil. Əsas odur ki, artıq böyük ixtilaflara son qoyulub və razılaşdırılmalı olan 2-3 məqam qalıb. Onlar gizli olduğundan, açıqlaya bilmirəm” - o bildirib.


Ter-Petrosyanın sonrakı dedikləri isə ciddi etirafdır: "Ermənistanın da, Qarabağın da əhalisi bu 20 ildə ciddi beyin travması alıb. Müntəzəm şəkildə qələbədən danışmaqla, əraziləri geri verməyəcəklərini deməklə, ”dənizdən dənizə Ermənistan" yaratmaq xülyaları ilə, qalib ordudan, 1994-cü ilin zəfərlərindən bəhs etməklə, millətin məsələlərə açıq gözlə baxmaq hissini yox ediblər. Gəlin Qarabağ məsələsinə daha konkret, daha yaxından baxaq. Ərazilərin qaytarılması məsələsinə bir az açıq gözlə baxaq. Ən ağrılı problem budur. Xalqı çaşdıran politoloqlar, siyasətşünaslar belə bir fikir formalaşdırmağı sevir: kim ərazilərin geri qaytarılmasından danışırsa, o xaindir, qorxaqdır, türkdür, nə bilim nədir..." Daha sonra isə S.Sərkisyan hakimiyyətini düşünməyə çağırıb: "Hər kəs anlamalıdır ki, biz beynəlxalq ailənin üzvüyük və bu ailənin qaydalarına əməl etməyə borcluyuq. Biz BMT və ATƏT-in sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü ilə bağlı prinsiplərini qəbul etdiyimizə dair imzalar atmışıq. Bu sənədlər vasitəsilə sərhədlərin güc tətbiqi ilə dəyişdirilməsinin yolverilməzliyini qəbul etmişik. Demək, buna əməl etməliyik. Bu prinsipləri biz də qəbul etmişik, Azərbaycan da. Dünya isə bu prinsiplərin pozulması ilə bağlı heç bir bəhanəni tanımır”.

Image result for Ter-Petrosyan


Ter-Petrosyan faktiki olaraq BMT TŞ-nin qətnamələrini dərhal yerinə yetirməyə çağırıb. Deyib ki, biz Qarabağın nəzarəti altında olan Azərbaycan ərazilərini "tarixi Ermənistan” da, azad olunmuş ərazilər də adlandıra bilərik, oraya müqəddəs ərazilər və sair də deyə bilərik: "Amma beynəlxalq hüquqda belə kateqoriyalar yoxdur və ola da bilməz. Bunlar xülyadır”. "Bəs həmin ərazilər sizin vaxtınızda azad edilmədimi” sualına Ter-Petrosyanın cavabı belə olub: "Biz ”azad edildi" deyə bilərik. Beynəlxalq birlik isə başqa cür adlandırır: "işğal!”" Jurnalistin "belə çıxır ki, oranı siz işğal etmisiniz” sualına eks-prezident səmimi şəkildə "beynəlxalq birliyə görə, bəli!” cavabını verib.


Ətraf ərazilərin qaytarılmasının qarşılığında Ermənistanın nə qazanacağına gəldikdə, eks-prezident iddia edib ki, ötən illər ərzində Azərbaycan bir sıra ciddi güzəştlərə gedib. "Biz beynəlxalq qurumların - BMT-nin, ATƏT-in Qarabağın öz müqəddəratını təyin etməsi haqqını qəbul etməsinə nail olmuşuq. Bundan böyük nə güzəşt gözləyirik?”, - deyə sabiq prezident bildirib.

Image result for Tofiq Zülfüqarov


Keçmiş prezidentin dediklərini şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirdi ki, əslində Ter-Petrosyan bəzi məsələlərdə cığallıq edir: "Öz müqəddəratını təyinetmə məsələsi əslində Lissabon sammitindən qalmadır, orada qəbul olunan yekun sənəddə Azərbaycanın daxilində öz müqəddəratını təyinetmədən söhbət gedirdi”. Eks-nazir bildirdi ki, Ermənistanın ətraf rayonların qaytarması ilə bağlı əsas məsələ açıq qalır: "Bu da ondan ibarətdir ki, ətraf ərazilərin işğaldan azad edilməsinin əvəzində Ermənistan nə qazanacaq? Yaxud Dağlıq Qarabağ Azərbaycanın daxilində olacaq, yoxsa ayrı tələb qoyulur? Bu mənada Ter-Petrosyan da cığallıq edir və hər şeyi açıqlamır”.


Ancaq T.Zülfüqarov əlavə etdi ki, keçmiş prezidentin mövqeyi xələfindən kəskin fərqlənir:"Ter-Petrosyan deyir ”sərhəd" Dağlıq Qarabağı ətraf ərazilərdən ayıran xətdir. Yəni onun fikrincə, "sərhəd” keçmiş muxtar vilayətin ərazisinin ətrafından keçir. Sərkisyan isə deyir ki, yox, referendum keçirdik, Dağlıq Qarabağın "sərhəd”i indiki təmas xəttidir".


Qeyd edək ki, rəsmi Bakı Ter-Petrosyanın iddialarına münasibət bildirmir. XİN-də hesab edirlər ki, hər bir fərd kimi, rəsmi statusu olmayan keçmiş prezidentin dediklərinə də reaksiya verməyə ehtiyac yoxdur. T.Zülfüqarov isə hesab edir ki, Ter-Petrosyanın dediklərinə rəsmi münasibət olmalıdır: "Ter-Petrosyan gizli razılaşmaların olduğunu iddia edirsə, buna aydınlıq gətirilməlidir. Yalnız Şuşaya bayraq sancacağımızı deməklə iş bitmir”.




[email protected]