Mirvari Qəhrəmanlı: "Siyasi məhbus siyahısına qol çəkənlər gərək peşəkar olsunlar”

Aprelin 1-də siyasi məhbusların yeni siyahısı açıqlanıb. Bununla bağlı Siyasi Məhbusların Müdafiə Mərkəzinin növbəti toplantısı keçirilib. Musavat.com xəbər verir ki, bu barədə Facebook sosial şəbəkəsində məlumat yayılıb. Toplantıda siyasi məhbuslarla bağlı durum müzakirə olunub.
İclasda son zamanlar həbsdə olan bəzi siyasi məhbuslar azadlığa çıxdığına, siyasi motivlərlə yeni həbslər olduğuna görə siyasi məhbus siyahısının yenilənməsi qərara alınıb. Ümumilikdə 9 nəfərin adı siyahıdan çıxarılıb, 6 nəfərin adı siyahıya daxil edilib.
Qərara alınıb ki, azadlığa çıxdığına görə aşağıdakı şəxslərin adları siyasi məhbus siyahısından çıxarılsın;
1. İkram Rafiqoğlu (jurnalist)
2. Asif Lətifov- Prezident qvardiyasının keçmiş əməkdaş
3. Əbdül Əbilov- blogger
4. Elvin Abdullayev- AXCP üzvü
5. Zahidov Rüfət- Qənimət Zahidin qohumu
6. Zahidov Rövşən- Qənimət Zahidin qohumu
7. Kişiyev Namiq- dini fəal
8. Nicat Əliyev- dini fəal
9. Zeynalabdin Bağırzadə (AXCP üzvü, Naxçıvan)
Eyni zamanda həbsi siyasi motivlərlə müşahidə olunduğundan və AŞPA- nın siyasi məhbuslarla bağlı məlum kriteriyasının tələblərinə cavab verdiyindən aşağıda adları qeyd olunan şəxslərin siyasi məhbus siyahısına daxil edilməsi qərara alınıb:
1. Elçin İsmayıllı (jurnalist, AXCP üzvü)
2. Mehman Qələndərov- blogger
3. Mehman Hüseynov- jurnalist- blogger
4. Sərdar Babayev (Hacıhəsənli)- dini fəal
5. Elxan İsgəndərov- MBH üzvü
6. Elnur Fərəcəov- AXCP üzvü
Beləliklə, hazırda Siyasi Məhbusların Müdafiə Mərkəzinin tərtib etdiyi siyasi məhbus siyahısında 162 nəfərin adı var.
Yeni siyasi məhbus siyahısı birmənalı qarşılanmayıb. Bu sahə ilə məşğul olan təşkilatlar, şəxslər arasında ikitirəlik yaranıb. Bir qisim hesab edir ki, ölkədə bu sayda siyasi motivlərlə həbs olunmuş şəxslər var. Bunun əksini düşünüb, siyahının şişirdilməsi ilə bağlı fikirlər irəli sürənlər də kifayət qədər çoxdur.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı "Yeni Müsavat”a açıqlamasında ölkədə Siyasi Məhbusların Müdafiə Mərkəzi adında qurum tanımadığını söylədi: "Belə mərkəzin adını ilk dəfə eşidirəm, amma bu sahədə yeni qurum yaradılıbsa, bunu müsbət qəbul etmək lazımdır. Ən azından siyasi məhbusların olmamasına onlar da çalışırlar. Yaxşı olardı ki, belə siyahıları xarici təşkilatlara göndərənə kimi, ölkə daxilindəki aidiyyəti qurumlara göndərəydilər. Əsaslandırmalıdırlar ki, bu şəxsləri niyə siyasi məhbus kimi qəbul edirlər. Düşünmürəm ki, hökumət bu siyahıdan qıcıqlanacaq. Beynəlxalq aləmdə siyasi məhbusların kriteriyaları var. Bunları əsaslandırıb, siyahını hökumətin qarşısına qoymaq lazımdır. Bir də görürsən ki, inzibati həbs cəzası alanları, cərimələnənləri siyasi məhbus elan edirlər. Çalışmaq lazımdır ki, siyasi məhbus siyahısına qol çəkənlər peşəkar insanlar olsunlar. Birmənalı şəkildə mən də deyirəm ki, ölkəmizdə siyasi məhbuslar var. 160 nəfərlik siyasi məhbus siyahısının hazırlanmasında iştirakım yoxdur. O siyahı ilə o zaman razı ola bilərəm ki, məhkəmələrin monitorinqini aparım, işlərlə yaxından tanış olum. Heç vaxt kiminsə fikri ilə oturub duran adam deyiləm. Monitorinq Qrupunun hazırladığı siyahıda iştirakım var. Hər ilin əfv öncəsi siyasilərin azad olunmasını ölkə başçısından xahiş edirik. Əfv üçün ərizə yazmayan şəxslərin belə azad olunmasını prezidentdən xahiş edirik. 160 nəfər bilmirəm ki, siyasi məhbuslardır yoxsa yox. Amma bəzi şəxslər var ki, onları ümumiyyətlə, siyasi məhbus hesab etmirəm. Lakin onların da adı siyahılarda var. İstənilən halda ölkədə siyasi məhbuslar var və ölkənin imici baxımından onlar azad olunmalıdırlar”.