MSK siyahı açıqladı

Azərbaycanda siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2016-cı il üzrə maliyyə hesabatını təqdimetmə müddəti aprelin 1-də başa çatıb. MSK-nın yaydığı xəbərə görə, dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan MSK-ya 22-si maliyyə hesabatı təqdim edib.
MSK həmin partiyaların adlarını açıqlayıb.
Bunlar hakim Yeni Azərbaycan Partiyası, Azərbaycan Mübarizləri Partiyası, Azərbaycan Liberal Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Kommunist Partiyası, Böyük Quruluş Partiyası, Müsavat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Müasir Müsavat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vəhdət Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Birlik Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası və Azərbaycan Respublikaçılar Partiyasıdır.
Artıq üç ildir ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Siyasi partiyalar üç ildir maliyyə hesabatını MSK-ya təqdim edirlər. Əvvəlki illərdə partiyaların bəziləri maliyyə hesabatını təqdim etməsələr də, MSK indiyədək Ədliyyə Nazirliyinə müraciət etməyib. MSK-nın bu dəfə necə davranacağı isə hələ məlum deyil.
YAP-çı deputat Siyavuş Novruzov bir müddət əvvəl Milli Məclisdə çıxışında "Siyasi partiyalar haqqında” Qanuna dəyişiklik edilməsi təklifini vermişdi. O təklifini belə əsaslandırmışdı ki, siyasi partiyaların MSK-ya hesabat verməsini nəzərdə tutan qanun qəbul edilsə də, buna əməl olunmur: "Ona görə də əgər kimsə öz gəlirləri barədə hesabat vermirsə, onunla bağlı tədbir görülməlidir. Baxmayaraq ki, bir sıra partiyaların kifayət qədər cangüdənləri, avtomobilləri var, təbii ki, bunlar hava ilə dolanmırlar. ”Siyasi partiyalar haqqında" Qanuna dəyişiklik edildi ki, siyasi partiyalar maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim etsinlər. Lakin bir sıra siyasi partiyalar Mərkəzi Seçki Komissiyasına hesabat vermirlər. Həmin partiyaların kifayət qədər cangüdənləri, işçiləri var, ancaq hesabat vermirlər. Qanunvericilikdə elə normalar tətbiq etməliyik ki, bunun qarşısını alaq".
Qeyd edək ki, ölkədə dövlət qeydiyyatından keçən 55 partiyadan 11-i parlamentdə təmsil olunur və dövlət büdcəsindən maliyyələşir. Qalanlarından təxminən 15-ə yaxının müəyyən fəaliyyəti hiss olunur. Təxminən yarısının isə heç bir fəaliyyəti yoxdur. Qanunda iki il fəaliyyəti olmayan partiyanın qeydiyyatının ləğvi tələbi də əksini tapır.
MSK-nın açıqladığı maliyyə hesabatı verən partiyaların sırasında adı olmayan partiyalar sırasında məşhur nüfuzlu təşkilatların da adına rast gəlinmir. Məsələn, ADP-nin, KXCP-nin, AMİP-in, VİP-in adı siyahıda deyil.
ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, dövlət büdcəsindən maliyyələşməyən partiyadan maliyyə hesabatının tələb olunması məntiqsiz və gülüncdür: "Bizim partiyaya dövlət büdcəsindən bir manat da olsun vəsait daxil olmur. Partiya ona verilməyən, olmayan vəsaitin hesabatını verməlidir?! Nə sürücüm, nə mühafizəçim var, nə də partiyamızda maaşla işləyən işçilər var. Partiyamızın rəhbər orqanında təxminən 15 nəfərə yaxın adam var ki, onlar da ictimai əsaslarla fəaliyyət göstərirlər. MSK-nın partiyalardan illik maliyyə hesabatı tələb etməsi isə qanunlara, Konstitusiyaya ziddir. Yalnız xüsusi hallarda Maliyyə Nazirliyi partiyanın maliyyələşdirilməsi ilə bağlı hesabatını tələb edə bilər. Digər tərəfdən isə dövlət büdcəsindən maliyyələşdirilməyən partiyalardan hansı məntiqlə və haqla maliyyə hesabatı tələb edilir?! Adama deyərlər ki, sən mənə maliyyə verirsən ki, hesabatını da tələb edəsən. Gündə qanuna kefləri istədiyi bir dəyişiklik edəcəklər müxalifət partiyaları da onların dediyi ilə oturub-duracaq?! Lap tutaq ki, maliyyə hesabatını bəhanə edib partiyaların fəaliyyətini qadağan elədilər, guya bundan sonra Azərbaycanda müxalifət olmayacaq!? Qadağan edəndə aşkar fəaliyyət gizli fəaliyyətə keçə bilər ki, bu daha pis olar. Partiyaların qapadılması ölkədə yaranmış vəziyyətdən çıxış yolu deyil”.
VİP sədri Əli Əliyev isə bildirdi ki, hesabatı martın 29-da MSK-ya təqdim ediblər. Ola bilsin ki, texniki xəta üzündən VİP-in adı siyahıda deyil: "İstisna deyil ki, MSK-nın siyahısının davamı gəlsin. Çünki bu ilki qədər MSK ciddi informativ iş görmürdü. Ola da bilər ki, siyasi mübarizədə bu müddəanı dəstəvuz etsinlər və kimlərəsə təzyiq göstərilsin. Onsuz da Azərbaycanda aparılan siyasət nəticəsində nəzarətdə olmayan qurumların sıradan çıxarılma taktikası mövcuddur. Bu da yeni birisi olsun. Düşünürəm ki, onsuz da aparılan işlər instusional olaraq siyasi rəqiblərə qarşı yönəlib. Ölkə azadlıqlar ölkəsi deyil, qadağalar məkanına çevrilir. Özü də bu qadağalar daha çox siyasi opponentlərə qarşı tətbiq edilir. Bizim adımızın həmin siyahıda olmaması ilə bağlı isə əlavə maraqlanacağıq”.
AMİP katibi Elşən Mustafayev isə dedi ki, Azərbaycan Milli İstiqlal Partiyası 2016-cı il üçün maliyyə hesabatını audit rəyi də daxil olmaqla hər il olduğu kimi tam tələb olunan qaydada MSK-ya təqdim edib: "Ümid edirik MSK saytında hesabat verən patiyaların siyahısında bizim adımızın olmaması texniki səhvdir. Buna baxmayaraq həftənin əvvəlində MSK ilə əlaqə saxlayıb bu məsələni bir daha aydınlaşdıracağıq. Düşünürəm ki, heç bir problem yoxdur - baxmayaraq ki, AMİP dövlətdən maliyyələşmir, qanunun tələbini yerinə yetirərək addım atmışıq”.