Türkiyəli analitik: "Ankara ilə Moskvanın yaxınlaşması Azərbaycanın maraqlarına cavab verir, 16 aprel referendumundan sonra iki qardaş ölkənin mövqeyi daha da güclənəcək...”
Dağlıq Qarabağ məsələsində Azərbaycanın arxalandığı, güvəndiyi əsas dövlət sözsüz ki, qardaş Türkiyədir. Türkiyə olmasaydı, yəqin ki, bu məsələdə Azərbaycan qat-qat güclü təzyiqlərə məruz qalar, hətta təklənərdi. İndinin özündə Qarabağla bağlı vaxtaşırı həm Rusiyanın, həm də Qərbin (ABŞ-ın) ikili standart yanaşmasının şahidi oluruq, Azərbaycan tənha olsaydı, əleyhimizə durum daha ağır olardı.
![]()
Türkiyənin ən yüksək çinli rəsmiləri, öncəliklə iqtidarında hansı siyasi qüvvənin olmasından asılı olmayaraq, rəhbər şəxsləri zaman-zaman bəyan ediblər və indi də bəyan edirlər ki, Dağlıq Qarabağ problemi həm də Türkiyənin problemidir. Bu, ən əvvəl o anlama gəlir ki, Qarabağla bağlı Azərbaycanı sıxışdırmaq istəyənlər öz qarşılarında Türkiyəni də görəcəklər. Eyni zamanda bunu da bəyan edirlər ki, Azərbaycanın bəyəndiyi sülh anlaşmasını Türkiyə də məqbul sayacaq.
Qardaş ölkənin dəstəyi yalnız şifahi bəyanatlarla bitmir sözsüz ki. Son illər iki təbii müttəfiq ölkə arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq, əlaqələr daha yüksək səviyyəyə çatıb. Vaxtaşırı keçirilən ortaq hərbi təlimlər, Türkiyənin Azərbaycana ən müasir döyüş sistemləri ("Qasırğa” zenit-raket kompleksləri və s.) verməyə davam eləməsi buna bariz sübutdur.
Bundan əlavə, o da faktdır ki, qardaş ölkənin rəsmi şəxsləri bütün beynəlxalq tribunalarda, iki və çoxtərəfli görüşlərdə daima Dağlıq Qarabağ problemini də qaldırır, bu konfliktin həllinin yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkünlüyünü dönə-dönə diqqətə çatdırırlar. Son olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ayın əvvəllərində Moskvaya etdiyi səfər çərçivəsində eyni prinsipial mövqeyi sərgiləyib. Türkiyənin ekspert dairələri də bu məsələdə birmənalı mövqe tutur.
***
"Türkiyə həmişə Azərbaycanın yanında olacaq. Və mən əminəm ki, 16 aprel referendumundan sonra Azərbaycan və Türkiyənin mövqeyi güclənəcək”. Musavat.com-un məlumatına görə, bu barədə türkiyəli publisist və politoloq Yılmaz Altunsoy "Sputnik” beynəlxalq multimedia mətbuat mərkəzində keçirilən mətbuat konfransında söyləyib. Ekspert Ermənistanla sərhəd məsələsinə də toxunub: "Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini azad etməyincə, Türkiyə Ermənistanla sərhədləri açmayacaq. Qoy Azərbaycanın buna heç bir şübhəsi olmasın”. Onun sözlərinə görə, Ankara ilə Moskvanın yaxınlaşması Azərbaycanın maraqlarına cavab verir.
"Rusiya ilə pozitiv münasibətlər Türkiyəyə lazımdır. Ancaq Moskva Ankaradan müstəsna olaraq Kremlin maraqlarına cavab verəcək siyasət yürüdüləcəyini gözləməsin. Biz Rusiyadan asılı olmayacağıq. Türkiyə artıq əvvəlki Türkiyə deyil. Biz müstəqil siyasət yürüdəcəyik. Rusiya Avrasiya məkanında güclü mövqeyə sahib olmaq istəyirsə, o zaman Türkiyəyə ehtiyacı var” - türkiyəli analitik sonda əlavə edib.
***
Bu, doğrudan da belədir. Belə bir ehtiyacı Moskva həmçinin Yaxın Şərq, Suriya məsələsində açıq hiss edir. Ancaq hələ ki belə bir imperativ Suriya böhranının həllində kardinal dönüşə gətirməyib. Bir sıra təhlilçilərə görə isə Yaxın Şərq böhranının yoluna qoyulmasında Ankara-Moskva əməkdaşlığı digər bölgələrdəki (məsələn, Cənubi Qafqaz, Qarabağ) konfliktlərin yoluna qoyulması üçün yaxşı presedent rolunu oynaya bilər.
Lakin bütün hallarda bölgədəki şərtlər, Ermənistanın Rusiya ilə tandemdə de-fakto qeyri-konstruktiv xətt üstünlük verməsi hər şeydən öncə Azərbaycan-Türkiyə ittifaqını bütün sahələr üzrə ən yüksək səviyyəyə qaldırmağı diktə edir.