Ermənistanın "Haykakan jamanax” qəzeti prezident Serj Sarksiyanla bağlı sensasion məlumat yayıb. Musavat.com-un erməni mediasına istinadən verdiyi xəbərə görə, prezidentlik müddəti başa çatandan sonra Sarksiyan müdafiə naziri olmaq fikrindədir. İddialara görə, 2018-ci ildə keçiriləcək prezident seçkilərindən sonra bu, baş verərsə, S.Sarksiyanın tərcümeyi-halında üçüncü eyni hadisə olacaq.
Serj Sarkisyan 1989-cu ildən 1993-cü ilə kimi separatçı "Dağlıq Qarabağ Respublikası”nın özünümüdafiə qüvvələri komitəsinə rəhbərlik edib. 1993-1995-ci illərdə Ermənistanın müdafiə naziri olub. Bir müddət digər vəzifələri tutduqdan sonra 2000-2007-ci illər arasında yenidən müdafiə naziri işləyib. 19 fevral 2008-ci ildən isə Ermənistanın prezidentidir və ölkə qanunlarına görə üçüncü dəfə seçilmək şansı yoxdur.
Erməni qəzeti xatırladıb ki, Ermənistan prezidenti özü də müdafiə naziri olmaq istəyini təsdiqləyib. S.Sarkisynın hərbi formada Qarabağ ərazisinə qanunsuz səfərini və oradakı çıxışını xatırladan erməni mediası bildirib ki, Dağlıq Qarabağdakı hərbçilər qarşısında o, açıq mətnlə müdafiə naziri olmaq istəyini izhar edib. "Bu günlərdə müzakirə olunur ki, növbəti 5 il müddəti üçün Ermənistanın taleyini kimə etibar etmək olar. Hər kəs özünə bu sualı da verməlidir ki, bəs, bu illər ərzində ölkənin inkişafını təmin etmək üçün müdafiəsini kim təşkil edə bilər”. Qəzet hesab edir ki, bununla S.Sarkisyan öz namizədliyini irəli sürmüş olub. Ancaq son vaxtlaradək konstitusiya dəyişiklikləri nəticəsində parlamentli üsul-idarəyə keçən Ermənistanda S.Sarkisyanın baş nazir vəzifəsini tutacağı iddiaları səslənirdi.