Amerikanın Montana ştatındakı Qreyt Follz şəhərindəki ictimai kitabxananın keçmiş abunəçisi 1982-ci ildə ordan götürdüyü kitabı geri verib.

Bu barədə lenta.ru saytı "Great Falls Tribune”ya istinadən xəbər verib. Kitabxana Riçard Metison adlı müəllifin "Bid Time Return” adlı kitabını poçt vasitəsilə alıb. Göndərilən poçt məhsuluna izahat xarakterli məktub da əlavə olunub. Məktubun müəllifi boynuna alıb ki, kitabı 35 il boyunca özündə saxlayıb. Həmin müddət ərzində o, kitabı təkrar-təkrar 25 dəfə oxuyub və yazıçının avtoqrafını da alıb.
Keçmiş abonent deyib ki, kitab bu illər ərzində tamamən sıradan çıxıb. Ona görə də onu bir neçə dəfə restavrasiya ediblər. Amma bu proses ərzində kitabın ancaq birinci səhifəsindəki möhür yerində qalıb. Bununla yanaşı, kişini vicdan əzabı rahat buraxmırdı. O, kitabı kitabxanaya geri qaytarmağa qərar verib və onun içinə 200 dollar da qoyub: "Günahımın yuyulmasına ümid edirəm”. Kitabxananın müdiri Keti Mora isə deyib ki, kitabın qayğısına qalmaq üçün oxucunun sərf etdiyi məbləğ isə insanı şoka salır.