"MTN işi” çərçivəsində MSK katibinin qardaşının da həbsi tələb olunur
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun şəriki dövlətlərarası axtarışa verilib. İnterpolun saytında yerləşdirilən məlumatda qeyd olunur ki, 1972-ci il təvəllüdlü Ayaz Kərimov vəzifə səlahiyyətlərini aşma və özgəsinin əmlakını ələ keçirməkdə təqsirləndirilir. A.Kərimov Azərbaycanı tərk etdiyi üçün onun barəsində beynəlxalq axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub. APA-nın məlumatına görə, "Caspian Telekommunications” şirkətinin rəhbəri olan Ayaz Elxan oğlu Kərimovun əmlaklarına da həbs qoyulub. Onun əmlakı - Abşeron rayonundakı torpaq sahəsi 70 min manat, "Harley Devidson” markalı motosikleti 12.500 manat, "AKEY” MMC-nin adına rəsmiləşdirilmiş "Maserati Quatroporte” markalı avtomobil 155 min 733 manat 8 qəpik, "Jaguar XJ” markalı avtomobil 140 min 529 manat məbləğində qiymətləndirilib.
Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçirdiyi bir neçə tenderin qalibi olmuş "Caspian Telekommunications” şirkətinin rəhbəri Ayaz Kərimov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovla dost olub. Onların həmçinin biznes şəriki olduqları bildirilir. RYTN-də baş vermiş qanun pozuntuları ilə bağlı başlanılan cinayət işi üzrə A.Kərimovun barəsində 16 dekabr 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılıb, lakin o, cinayət təqibi orqanından gizləndiyinə görə istintaqa dəvət etmək və ona ittihamı elan etmək mümkün olmayıb. Bu səbəbdən də həmin tarixli qərarla barəsində axtarış elan edilib və Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Maraqlıdır ki, "MTN işi” üzrə bütün oxlar Eldar Mahmudovun üzərinə yönəlsə də, nədənsə axtarışa verilən, həbsə alınanlar başqaları olur.
Bu arada "MTN işi” üzrə zərərçəkənlər Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədovun qardaşı Yasin Məmmədovun cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə ölkə rəhbərliyinə müraciət yazıblar. N.Məmmədovun qardaşı Yasin Məmmədov ləğv olunmuş MTN-də İstintaq Baş İdarəsinin şöbə rəisi işləyib. Hazırda DTX-də fəaliyyətini davam etdirir. Bu məqam zərərçəkənlərin kəskin etirazına səbəb olub. Y.Məmmədovun adı MTN generalları ilə bağlı cinayət işində bir neçə epizodda hallanır, zərərçəkənlər ondan şikayətlənir, pullarının qaytarılmasını tələb edirlər. MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, polkovnik Füzuli Əliyev və digərlərinin cinayət işində zərgər Rauf Həsənovdan hədə-qorxu ilə 300 min dollar alınması epizodu var. Dubaydan və Türkiyədən qızıl-zinət əşyaları gətirib, Bakıda Mərkəzi Univermaqda onların satışı ilə məşğul olan R.Həsənov deyir ki, MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini olmuş Füzuli Əliyev onu nazirliyə çağırıb, qızıl qaçaqmalçılığında günahlandırıb.
Həbs olunmamasından ötrü 100 min dollar pul istəyib. Onun sözlərinə görə, ortada heç bir fakt, sübut olmasa da, qorxduğu üçün həmin pulu çalışıb verəcəyini deyib və buraxılıb. Amma pulu düzəldə bilməyib. 2-3 həftə sonra hüzr mərasimindən qayıdanda onu saxlayıb MTN-in Səbayel şöbəsinə gətiriblər. Oradan da F.Əliyev və işçiləri onu MTN-in əsas binasına, İstintaq İdarəsinin müstəntiqi Yasin Məmmədovun yanına aparıblar. Müstəntiq də ona sənəd göstərərək həbs olunduğunu bildirib. Zərərçəkən istintaqa ifadəsində deyib ki, Y.Məmmədov ondan cinayət məsuliyyətinə cəlb olunmaması və sərbəst buraxılmasından ötrü 500 min dollar tələb edib. O, günahsız olduğunu, deyilən pulu ödəməyə maddi imkanı çatmadığını deyəndə isə müstəntiq məbləği bir qədər də artırıb - 600 min dollar tələb edib. Rauf Həsənovun sözlərinə görə, bir neçə saat davam edən təzyiq, hədə-qorxudan sonra Y.Məmmədov rəisinin 300 min dollara razılıq verdiyini söyləyib: "Yasin Məmmədov dedi ki, evimizdə axtarış aparılmalıdır. Dedim ki, anam xəstədir, xahiş edirəm belə şey eləməyin. Söhbət əsnasında Yasin dedi ki, səhər tezdən banklar açılan kimi gedib 300 min dollar kredit götürüb çatdırım. Biz Yasinlə söhbət eləyəndə Füzuli Əliyev də dəfələrlə gəlib-gedir, söhbətin nəticəsi ilə maraqlanırdı. Mən qorxudan Y.Məmmədova 300 mini toplayıb çatdıracağıma söz verdim və MTN-dən çıxdım”.

Zərərçəkənin dediyinə görə, həmin gecə dost-tanışdan pul toplayıb, 300 min dolları düzəldib və Y.Məmmədova zəng edərək, pulun hazır olduğunu deyib. Onlar nazirliyin binasının yanında - Mərkəzi Klinik Xəstəxananın qapısında görüş təyin ediblər. Görüşə Y.Məmmədov və F.Əliyev birlikdə gəliblər. Zərərçəkən deyir ki, 300 min dolları manata çevirib, pul dolu sellofan torbanı şəxsən F.Əliyevin özünə verib: "Qayıdıb evə çatandan təxminən yarım saat sonra Yasin Məmmədov zəng eləyib dedi ki, puldan 200 dollar çatmır. Yenidən ora qayıdıb Yasin Məmmədova 200 dolları verdim”.
Bu hadisə 2010-cu ildə baş versə də, o vaxt götürdüyü borcları hələ də verib qurtara bilmədiyini deyən Rauf Həsənovun sözlərinə görə, həmin olaydan sarsılan anası bir qədər sonra dünyasını dəyişib.
"Yeni Müsavat”a ləğv edilmiş MTN-dəki qanunsuzluqlarla üz-üzə qalmış iş adamlarından, sahibkarlardan, qızıl-zinət əşyaları alveri edən şəxslərdən onlarla müraciətlər daxil olub. Qəzetin 28 oktyabr 2015-ci il tarixli sayında "Ermənistanı matəmə qərq edən azərbaycanlıya MTN-də divan tutulub” ( http://musavat.com/news/olke/ermenistani-mateme-qerq-eden-azerbaycanliya-mtn-de-divan-tutulub_301443) . ( html ttp://musavat.com/news/olke/ermenistani-mateme-qerq-eden-azerbaycanliya-mtn-de-divan-tutulub_301443.html)
sərlövhəli yazı dərc olunub.
Redaksiyamıza müraciət edən Kəlbəcər köçkünü, hazırda Gəncədə məskunlaşmış Ramiz Əliyev də Yasin Məmmədovun qanunsuz hərəkətlərindən şikayət etmişdi.
Həmin yazıdan sitat:
"Dövlət mənə 45 manat təqaüd verir. Həmin pulla mən xəstə övladımı, 2-ci qrup əlil yoldaşımı, xəstə anamı və 2 uşağımı saxlaya bilmərəm. Ona görə də qızıl alverçisinə çevrilmişəm. Bunu məni tutan MTN-çilərə də dedim. Dedilər ki, sənin kim olduğunu səndən yaxşı bilirik. Mənim Qarabağ veteranı olduğumu, kəşfiyyatçı olmağımla bağlı məlumatları, döyüş yolum haqda danışdılar. Üstəlik, dedilər ki, sən 1992-ci il mayın 8-də Kəlbəcərdə ermənilərin "AN-24" təyyarəsini vurmusan, təyyarədə olan erməni dövlət xadimləri ölüblər. Buna görə də Ermənistanda rəsmi matəm elan olunub. Təyyarəni vurduğuma görə mənə o dövrdə Kəlbəcərin icra başçısı İlham Həsənov 10 min rubl mükafat da vermişdi. Amma həmin təyyarədə ermənilərin dövlət xadimlərinin olduğunu, bu hadisəyə görə Ermənistanda matəm elan olunduğunu mənə MTN-də dedilər. İşi MTN-in İstintaq İdarəsinin müstəntiq qrupunun rəhbəri Yasin Məmmədov aparırdı. Ona dedim ki, bunları bilirsənsə, heç olmasa məni zaminə buraxın. Əli ilə 1 işarəsi göstərdi. Soruşdum, dedi ki, 100 min gətir, səni zaminə buraxaq. Erməni təyyarəsini vurduğuma görə bu məbləği istədiyini xəbər aldım. Cavab verdi ki, Azərbaycan təyyarəsini vursaydın, 300-400 min alardıq. Əsəblərim dözmədi, qışqırdım, qollarımı tutdular. Yasin Məmmədov kresloya yayxanıb dedi ki, get yat, ağlın başına gələr”.
R.Əliyev də hələ o dövrdə ölkə prezidentinə, baş prokuror Zakir Qaralova, milli təhlükəsizlik nazirinin 1-ci müavini Mədət Quliyevə müraciət ünvanlamışdı.
Həmin müraciətində ona qarşı qanunsuzluqlara yol vermiş şəxslərin cəzalandırılmasını istəmişdi.
Sitat: "Mənim yoldaşım və ağır xəstə olan övladım həbs olunana qədər Tiflisdə müalicə olunurdular. Bu gün ölkədən çıxışıma qadağa qoyublar. Həmin qadağanın götürülməsinə göstəriş verin. Ailəmin durumu bərbaddır. Əli Əliyev günahsızdır, ona vurulan mənəvi və maddi ziyanı ödəsinlər. Məni düşmən etdikləri şəxslərdən aldıqları pulları qaytarsınlar. Məndən ermənilərin qisasını alan istintaqçılardan bunun səbəbini də soruşsunlar. Mən onların hansı qohumunu öldürmüşəm ki, belə qisas alırdılar? Prezidentimizə arxayınam, Yasin Məmmədov kimilər Azərbaycan xalqına, sahibkarlara qənim kəsiliblər. Bunlar mütəşəkkil qrupdurlar, onları cəzasız buraxmaq xalqı, sahibkarları təhlükədə qoymaqdır”.