Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi təxirə salınıb.
İctimaifikir.az Musavat.com-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilməli olan məhkəmə prosesi təqsirləndirilənlərdən "Təmir Təchizat Servis” MMC-nin direktoru olmuş Bayram Vəliyev səhhətinin ağırlaşması səbəbindən təxirə salınıb.
Bayram Vəliyev məhkəmə binasına gətirilsə də vəziyyəti ağırlaşdığı üçün prosesdə iştirak edə bilməyib. O məhkəməyə xərəkdə gətirilib. Bel ağrılarından əziyyət çələn B.Vəliyev bir neçə gün əvvəl əməliyyat olunub.
Məhkəmə prosesi aprelin 5-nə təyin edilib.
Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.