Millimizin alman məğlubiyyəti və gələcək ümidlər...

Natiq Muxtarlı: "Turnir cədvəlinə görə ümidsizliyə qapılmayaq”; Fazil Mustafa: "Ümidverici oyun oldu”

Millimizin alman məğlubiyyəti və gələcək ümidlər...

Azərbaycan milli komandası martın 26-da gələn il Rusiyada keçiriləcək Dünya Çempionatının seçmə mərhələsində növbəti oyununu keçirdi və Almaniya yığmasına böyük hesabla məğlub oldu. 1-4 hesablı məğlubiyyətdən sonra yığmamız qərarlaşdığı C qrupunda dördüncü pilləyə düşdü.

Aktivində 7 xalı olan millimiz qrupun lideri almanlardan 8, ikinci sıradakı Şimalı İrlandiyadan 3, Çexiya yığmasından isə 1 xal geri qalır. Almaniyaya məğlubiyyətdən dərhal sonra oyunla bağlı ölkə ictimaiyyəti iki hissəyə parçalandı, sosial şəbəkələrin bir anda əsas mövzusu millilərimiz oldu. Əksəriyyət Azərbaycan millisini alınan nəticədən daha çox oyununa görə tənqid edir, futbolçularımız doğma azarkeşlər önündəki oyunlarına görə ciddi qınaq obyekti ilə üzləşirlər. Amma bununla belə, onları müdafiə edənlər də az deyil. Komanda.az saytının redaktoru Natiq Muxtarlı Almaniya ilə oyun öncəsindən qələbə ümidlərimizin olmadığını söylədi: "90 dəqiqə ərzində müəyyən ümidverici amillərə rast gəlmək mümkün idi. Ən azından Almaniya kimi güclü milliyə qarşı hücum qurmaq potensialımız ortaya çıxdı. Oyunun müəyyən anlarında millimiz topu özündə çox saxlamağı da bacarırdı. Etiraf edək ki, Almaniya kimi komandaya qarşı Braziliya kimi milli də topu özündə saxlamağa çətinlik çəkir. Bu baxımdan, millimizin oyunu ümidverici amillərə yol açdı. Bu oyun eyni zamanda Berti Foqtsun dövründəki milli ilə Robert Prosineçki millisi arasındakı fərqi üzə çıxardı.

Məlum oldu ki, yığmamıza lazım olan oyun stili budur. Futbolçularımıza öz oyun texnikalarını nümayiş etdirmək üçün şərait yaradılmalıdır. Foqtsun vaxtında baxımsız oyun nümayiş etdirir, bütün hallarda məğlub olurduq. Almaniya qarşısında topladığımız təcrübə bizə qarşıdan gələn Şimalı İrlandiya, Çexiya və Norveçlə oyunlarda lazım olacaq. Almaniya oyunu onu da göstərdi ki, Azərbaycan futbolçularının bəzilərinin ustalıq səviyyəsi olduqca aşağıdır. Oyun ərzində buraxdığımız səhvlər bunu göstərdi. Almaniya kimi komanda belə səhvləri bağışlamır. İndi bu səhvlər üzərində işləməliyik. Bu oyunda diqqət yetirsəniz görərsiniz ki, əsas səhvləri Əfran İsmayılov və Məhəmməd Mirzəbəyovun olduğu cinahlardan buraxdıq. Rəqib də bu cinahların zəif olduğunu görüb, bütün hücumlarını bu istiqamətdən qururdu. Digər rəqiblər də sözsüz ki, bizi təhlil edərkən, bu nüansları diqqətə alacaqlar. O cinahlardakı boşluqlar mütləq doldurulmalıdır. İsmayılov və Mirzəbəyovun yerinə mütləq oyunçu tapılmalıdır.

Onlar əvəzedilməz futbolçu deyillər. Ümumi götürəndə bu oyunda futbolçularımızın çəkinməməsi, istəkli olmaları bizə ümidlənməyə əsas verir. Xüsusilə 3-4 oyunçunu daha çox bəyəndim. Bunlar Pavel Paşayev, Dmitri Nazarov, Qara Qarayev və Ramil Şeydayev idi. Bu oyunçulardan ikisi Azərbaycan futbolunun deyil, Rusiya və Almaniya futbolunun yetirmələridir. Aydın hiss olunur ki, onlar yaxşı məktəb keçiblər. Yaxşılardan olan yeganə futbolçumuz Qara Qarayevin ölkə xaricinə getməsinə mütləq şərait yaradılmalıdır. Onun potensialını tam açması üçün xaricdə olması mütləq vacibdir. Kamran Ağayev, Əfran İsmayılov və Məhəmməd Mirzəbəyovun oyunda yad elementlər kimi görünmələri açıq şəkildə göründü. İkincilik uğrunda mübarizədə bu səhvlər mütləq aradan qaldırılmalıdır. Hazırda yer aldığımız qrupda elə vəziyyətdir ki, hər oyundan sonra yeni dəyişikliklər yaranır. Almaniyanı çıxmaq şərti ilə, San-Marino istisna olmaqla, yerdə qalan ölkələr ikincilik üçün əvvəlcədən mübarizə aparırdılar. Bu yeri tutmaq üçün şanslarımız kifayət qədər yüksəkdir. Çünki Şimalı İrlandiya və Çexiya kimi milliləri ölkəmizdə qəbul edəcəyik. Səfərdə görüşəcəyimiz Norveç o qədər də potensiallı deyil, bunu Şimalı İrlandiya ilə oyunda gördük. Bu baxımdan, Norveçi səfərdə də məğlub edə bilərik. İndiki turnir cədvəlinə görə ümidsizliyə qapılmayaq. Sadəcə, hər oyundan maksimum nəticə ilə ayrılmağa köklənmək lazımdır”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa millimizin qrupda ikinci olmaq şanslarının çox aşağı olduğunu düşünür: "Şimalı İrlandiya hazırda yüksəlişdə olan yığmadır. Onu keçmək Azərbaycan üçün çox çətindir. Çexiyanı da kənara qoymaq olmaz. Görünən odur ki, qrupda ikincilik savaşının Şimalı İrlandiya və Çexiya arasında gedəcəyi daha realdır. Ölkəmiz daha çox bu qrupda 4-cü olmaq üçün nələrsə edə bilər. Norveç və San-Marinonu qabaqlamaq mümkündür. Almaniya ilə oyun, açığı, xoşuma gəldi. 1-1-dən sonra ikinci və üçüncü toplar sırf təcrübəsizlikdən buraxıldı. İrəlidə olan oyunçular qısa paslardan daha çox fərdi aldatmalara üstünlük verməyə başladılar. Bunu alman futbolçulara etmək doğru deyildi. Xüsusilə İsmayılov orada sadə formada topu geriyə atmalı olduğu halda seçdiyi yol qolla nəticələndi. Qapıçının da əlverişli yer seçməsi çox önəmli idi. Nazarovun qolu çox gözəl idi. Almaniya kimi yığmaya qarşı bu qolu vurmaq böyük uğurdur. Almaniyanı udmaq kimi gözləntim yox idi. Amma futbolçularımız meydanda kifayət qədər diri qala bildilər. Özlərinə məxsus şəkildə ən azı müdafiə oluna bildilər. Mənim üçün ümidverici oyun oldu. İndiki heyətimiz kifayət qədər mobildir. Açığı, Almaniya ilə oyunun bu şəkildə tənqid olunmasının əleyhinəyəm. İnsanlar nəticə üzərində fikir yürüdə bilərlər. Amma bu yığma Braziliyada həmin ölkənin qapısından 7 top keçirən millidir. O zaman hamı Braziliyadan üz döndərməli idi? Məğlubiyyət yaxşı hal deyil, mən də üzülürəm”




[email protected]