Sabiq nazirin oğlu Anar Məmmədov “Paşa Bank”a borcunu ödəyib

Hüquqşünas Nihat Axundov deyir ki, "Garant” holdinqin əmlakları üzərindən həbs də götürülüb

 Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun təsisçilərindən olduğu "Garant” holdinqin əmlakları üzərinə həbs qoyulub. Qərar "Paşa Bank” ASC-nin iddiası əsasında Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən çıxarılıb. Qərar bu ilin yanvarında çıxarılıb və orada deyilir ki, cavabdeh tərəf heç bir səbəb göstərmədən apelyasiya şikayətindən imtina edib.


Ziya Məmmədov oğlu Anar Məmmədovun əmlakına məhkəmə qərarı ilə həbs qoyulması ilə bağlı məsələdən danışıb. O, gununsesi.info-ya bildirib ki, informasiyadan xəbərsizdir:"Mən bilmirəm söhbət nədən gedir. Oğlumun fəaliyyəti, daha doğrusu, işləri ilə məşğul olmuram. Ona görə də mən bu sualı cavablandıra bilməyəcəm”.


Məlum olub ki, "Paşa Bank” ASC-nin keçmiş nəqliyyat nazirinin ailəsi ilə mülk üstündə bir neçə məhkəmə çəkişməsi var. Anar Məmmədov və şirkətlərinin "Paşa Bank”a kredit borcu var. Hazırda A.Məmmədov Londonda yaşayır.


Məsələ ilə bağlı "Yeni Müsavat”ın əməkdaşının suallaırnı cavablandıran "Garant” holdinqin hüquqşünası Nihat Axundov deyib ki, holdinqin "Paşa Bank”la kredit məsələsi olub və bitib: "Həmin məsələ artıq yekunlaşıb və verilmiş qərarlar da məhkəmələr tərəfindən ləğv olunub. Hazırda ”Garant" holdinqlə "Paşa Bank” arasında heç bir mübahisə, "Garant” holdinqin "Paşa Bank” qarşısında isə hər hansı bir öhdəliyi yoxdur".


Nihat Axundov bildirib ki, "Garant” holdinqin əmlakları üzərinə həbs qoyulması qaldırılmış iddianın təminetmə tədbiri olub: "Qərar çıxarılmışdı, şikayət verildi və həmin qərarlar da ləğv olundu. Hazırda mətbuatda istinad olunan qərarların heç biri qüvvədə deyil”.


N.Axundov "Garant” holdinqin "Paşa Bank”dan götürdüyü kreditin həcmini açıqlamayıb. Deyib ki, hazırda həmin kreditlər tam şəkildə ödənilib: "Hazırda tərəflər arasında kredit mübahisəsi yoxdur”.


N.Axundov A.Məmmədovun Londondan Azərbaycana qayıdıb-qayıtmayacağı ilə bağlı suala cavab verməkdən imtina edib. Vəkil A.Məmmədovun ölkədə olmadığı müddətdə "Garant” holdinqin təsisçilərinin dəyişmədiyini də bildirib: "Anar Məmmədov ”Garant" holdinqin təsisçilərindəndir".


Məhkəmə çəkişmələrinin mahiyyəti haqda vəkil konkret danışmayıb: "Qərarlar olub və artıq həmin qərarlar yuxarı instansiya məhkəmələri tərəfindən ləğv olunub”.


Qeyd edək ki, məhkəməyə cavabdeh qismində "Garant İnşaat Sənaye” MMC, "Garant Holding” MMC, "Azpod” MMC və Anar Məmmədov çıxarılıb. Abşeron Rayon Məhkəməsi onlara məxsus bir neçə əmlaka ("Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllə”də yerləşən müəssisə (eyni zamanda əmlak kompleksi), "Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A” ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki "Nərimanov rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5" ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsi) həbs qoyub.

Dekabrın 2-də verilən qərara görə, məhkəmə işi tamamlananadək həmin əmlakların bağışlanması, satılması, məhv və istismar edilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilib. ”Paşa Bank" ASC cavabdehlər - "Garant İnşaat Sənaye” MMC-yə (əvvəlki "Azbentonit” sement və tikinti qatqıları zavodu), "Garant Holding” MMC-yə, "Azpod” MMC-yə və Anar Məmmədovun özünə qarşı qarşı iddia qaldırıb. Söhbət 1 milyon 141 min 203 manat 17 qəpikdən gedib. Bu, bankdan götürülən kredit, kredit faizləri və hesablanmış cərimənin toplam məbləğidir. Bank məhkəmədən borcun ipoteka predmetinə yönəldilməsinini də tələb etmişdi. Apelyasiya şikayəti verən "Garant İnşaat Sənaye” MMC banka olan borcu müqabilində 2 milyon 300 min manatdan yuxarı dəyərdə əmlak təminatı verdiyini göstərmişdi. Şikayətdə vurğulanmışdı ki, Abşeron Rayon Məhkəməsinin qərarında bu hal nəzərə alınmayıb və "qeyri-mütənasib olaraq, tərəflərin mülkiyyət hüquqlarının həyata keçirilməsi kobud şəkildə pozulub”. Ancaq daha sonra Anar Məmmədov şikayətini geri götürüb. "Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllə”də tikinti sektorunda da fəaliyyət göstərən "ZQAN Konstrakşn” MMC, "Məmməd Araz küçəsi, ev 25V” ünvanında isə keçmiş "Bank of Azerbaijan” ASC-nin 18 saylı filialı yerləşirdi.


"Paşa Bank” ASC eyni iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə də müraciət edib. Burada istəyinə nail olmayan bank oktyabrın 31-də Bakı Apelyasiya Məhkəməsində əmlakın üzərinə həbs qoydura bilib. Son nəticəsi barədə tərəflərin məlumat vermədiyi bu prosesdə bankın borcluları "Garant Holding”MMC, "Zqan Holdings Limited” şirkəti (Birləşmiş Ərəb Əmirlikləri), "Azpod” MMC və "Ameritex LLC” MMC olub. Bu işlə bağlı məhkəmə çəkişməsinin nə yerdə olduğu barədə hələ də bilgi yoxdur.




[email protected]