İsveç parlamenti spikerinin kürsüsündə əyləşən azərbaycanlı jurnalistin oğlu...

Rahib Kazımlı: "Bu arzunun reallaşması da mümkündür”

İsveç parlamenti spikerinin kürsüsündə əyləşən azərbaycanlı jurnalistin oğlu...
Hazırda İsveçdə yaşayan "Yeni Müsavat”ın keçmiş əməkdaşı Rahib Kazımlının oğlu Sahibin İsveç parlamentindəki fotosu sosial şəbəkələrdə böyük maraq doğurub.


6-cı sinif şagirdi olan Sahib Kazımlı Stokholm məktəbində əla qiymətlərlə oxuyur, şəkli məktəbin əsas korpusunun foyesində vurulub. Martın 26-da S.Kazımlı və digər əlaçı şagirdlər İsveç parlamentində olaraq, deputatlarla, parlamentin sədri ilə görüşüblər. Parlament sədri Urban Ahlin öz kreslosunu və ədalətli polemika rəmzi olan 140 illik çəkici Sahibə etibar edib. Şagirdlər parlamentin plenar iclasında iştirak edərək, deputatların ölkənin problemləri ilə bağlı müzakirəsinə qulaq asıblar. İsveçə köç edən azərbaycanlı jurnalistin oğlunun bu cür qürurverici fotosu ictimaiyyətdə xüsusi rəğbətlə qarşılanıb. Məsələ ilə bağlı internet üzərindən keçmiş əməkdaşımız Rahib Kazımlının təəssüratlarını öyrənməyə çalışdıq. R.Kazımlının sözlərinə görə, oğlunun parlamentə-riksdaqa gedişi ilk dəfə imiş:

Rahib Kazimli adlı şəxsin şəkli.


"Düzü, heç biz də nəticənin belə olacağını gözləmirdik, düşünürdük ki, həmişə olduğu kimi, bir az gəzib dolaşacaqlar, verilən informasiyalara qulaq asacaq, bununla da bitəcək. Amma göründüyü kimi, hər şey fərqli oldu. Şagirdlər riksdaq binasının demək olar ki, ən böyük əhəmiyyətli hissələrini gəzib, parlament haqda məlumatları dinlədikdən sonra deputatlarla və parlamentin spikeri ilə ünsiyyətdə olublar”.


"Sahib gələcəkdə spiker olmağı arzulayırmı” sualımıza R.Kazımlı bu cür cavab verdi:

Image result for Rahib Kazımlı


"Sahib evə gələndə bunun ona necə təsir etdiyini, nə vaxtsa parlamentə seçilmək istəyib-istəmədiyini soruşdum. Onun cavabı belə oldu ki, bunu istisna etmir. Əslində bunun özü də diplomatik cavabdır və burda uşaqları məhz bu cür danışmağa öyrədirlər. Yəni hələ zamanı çatmamış, qeyri-müəyyən məsələlərdə qəti cavab vermirlər. Bunu ən azı mən istərdim və bunu onun özünə də dedim. Evə gələndə reaksiyasından bu fikrimin onun da xoşuna gəldiyini anladım. Hər halda, bunu gələcək göstərəcək və burdakı imkanları nəzərə alsaq, bu arzunun reallaşması da mümkündür. Hər şey Sahibin özündən asılıdır”.
R.Kazımlının sözlərinə görə, bu cür təcrübədən təkcə İsveç ölkəsi yararlanmır. Bunun isə əhəmiyyəti ondan ibarətdir ki, uşaqlar hələ erkən yaşlarından yaşadıqları ölkənin necə idarə edildiyini, özlərinin vətəndaş olaraq bu idarəetmədə hansı imkanlara malik olduqlarını öyrənirlər: "Hələ Sahib bağçaya gedən zaman orda 3-4 yaşında uşaqların səsvermə yolu ilə gündəlik gəzinti yerini müəyyən etdiklərini görəndə təəccüblənmişdim. Uşaqların öz hüquqlarını bilməsi və bundan istər məktəbdə, istərsə də ailədə yararlanmaları da bu siyasi tərbiyənin nəticəsidir”.


Qeyd edək ki, Avropanın əksər ölkələrində, eləcə də ABŞ-a daxil olan ştatlarda bir qayda olaraq şagirdlər tez-tez parlamentə aparılır, onların ciddi məsələlərə dair iclaslarda müzakirələri dinləməsi təmin edilir. Azərbaycanda da bu cür tədbir ötən ilin 1 iyununda keçirilmişdi. Belə ki, parlamentin sonuncu plenar iclasında bir qrup uşaq da iştirak etmişdi. 2007-ci ilin 1 iyun ayında isə Milli Məclisdə Azərbaycan Uşaq Parlamentinin ilk iclası olmuşdu.




[email protected]