Bəhreyndə 14 nəfərlik terrorçu qruplaşma zərərsizləşdirilib

Bəhreynin hakimiyyət orqanları ölkənin yüksək vəzifəli şəxslərinə hücum planlaşdırmış 14 nəfərlik terror özəyini müəyyənləşdirdiyini açıqlayıb.

 Bu barədə "Reuters" xəbər verib.

Xəbərdə bildirilir ki, terror özəyinin üzvləri fevralın sonlarında polisləri daşıyan avtobusun partladılmasında şübhəli bilinirlər. Xatırladaq ki, həmin hadisə vaxtı hüquq-mühafizə orqanlarının 5 əməkdaşı xəsarət alıb.

Bəhreynin "BNA" agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verib ki, qruplaşma üzvləri İrana köçmüş iki Bəhreyn vətəndaşının nəzarəti altında olub. Onlardan biri ABŞ tərəfindən beynəlxalq terrorçu elan edilib.

Agentliyin məlumatına görə, saxlanılmış qruplaşma üzvlərindən 6-ı İranın İslam İnqilabı Keşikçiləri Korpusunun elitar bölmələrinin nəzarəti altında hərbi düşərgələrdə hazırlıq keçib. Daha beş nəfər "Hizbullah" hərəkatının özəkləri tərəfindən İraqda, digər üzvlər isə Bəhreyndə təlim keçiblər.




[email protected]