Mirvari Qəhrəmanlı: "Ümid yenə təsadüflərədir...”
Ötən ilin dekabrında Xəzər dənizində baş verən qəzada itkin düşən daha bir neftçinin meyiti bayram günlərində tapıldı. 8 uşaq atası Güloğlan Zülfüqarovun cəsədinin aylar sonra tapılması digər itkin neftçilərin meyitlərinin tapılacağına olan ümidləri artırıb.
Hazırda hər kəsdə ən çox sual doğuran son üç ildə Xəzərdə baş verən qəzalarda cəsədləri bu günə qədər tapılmayan itkin neftçilərin sayıdır. Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı "Yeni Müsavat”a açıqlamasında ümumi statistikanı açıqladı: "Hazırda itkin düşən neftçilərdən neçəsinin meyiti tapılmayıb. Hamısı ümumi şəkildə, yəni Günəşli yatağında baş verən faciədə itkin düşənlərdən başlayaraq, ondan sonra baş verən hadisələrdə itkin düşənlərin statistikası belədir:
23 oktyabr, 2014-cü il. Bakıdan 40 kilometr cənubda yerləşən Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin sahəsində 441 nömrəli platformanın uçması baş verib. Həmin vaxt SOCAR-ın məlumatına görə, platformada olan 41 neftçidən 37-si evakuasiya olunub. İtkin düşən 4 neftçidən üçünün cəsədi platformadan iki kilometr aralıda aşkar olunub. 1 nəfər tapılmayıb. Həmin vaxt ərazidə 30 nəfər işçi olub.
2014-cü il noyabrın 7-də "Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsində 2-ci mədən ərazisində 310 və 312-ci meydançalar arasında 60 metr uzunluğunda estakadanın uçması nəticəsində 5 nəfər işçi dənizə düşüb. Dənizə düşən işçilərdən 3-ü xilas olunub, 2-i həlak olub.
2015-ci ilin 4 dekabrında Azneft İstehsalat Birliyinin tərkibinə daxil Neft Daşları Neft və Qazçıxarma İdarəsinin 501-ci meydançasında qasırğa nəticəsində içərisində işçilər olan iş otağı estakadadan ayrılaraq dənizə düşüb. Nəticədə 3 nəfər suya düşüb. Cəsədləri hələ də tapılmayıb.
2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğın baş verdi. Ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan 11 nəfər işçinin həyatına son qoydu, 19 nəfər neftçi itkin düşüb, 33 nəfəri isə xəsarət alıb. Eyni zamanda həmin gün Neft Daşlarında baş vermiş qəza nəticəsində SOCAR-ın Nəqliyyat İdarəsinin 3 nəfər işçisi itkin düşüb.
15.12.2016-cı il tarixində səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr saniyə sürəti ilə əsən güclü külək "Azneft” İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi uçmuş, estakadanın həmin hissəsi və ona bitişik olan meydança və üzərindəki yaşayış budkası dənizə düşüb. Hadisə nəticəsində Neft Yığım Məntəqəsində növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) itkin düşüb. Sonradan yalnız bir neftçinin cəsədi tapılıb ailəsinə təhvil verilib. NHMT ekspertinin rəyinə görə, həmin estakada qəzalı vəziyyətdə olub, həmin sahəyə işçi buraxılmamalı və istismar müddəti bitdiyi üçün (istismar müddəti 30 ildir) sökülməli idi. Estakada 1978-ci ildə tikilmişdi. Qəza son 3 ildə həmin idarədə onlarla işçinin ölümü ilə nəticələnən 4-cü hadisədir.
İtkin düşən son 10 neftçi. Tapılanlar:
1956-cı il təvəllüdlü Həsənağa Hacıəliyev (fevralın 1-də)
1957-ci il təvəllüdlü Qurbanov Vidadi Cümşüd oğlu (fevralın 17-də)
1974-cü il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğlu (fevralın 28-də)
1957-ci il təvəllüdlü mexanik Elçin Həsənov (martın 4-də)
1971-ci il təvəllüdlü maşinist Ramiz Abbasov
1965-ci il təvəllüdlü Zülfüqarov Güloğlan (martın 20-də)
İlham Qafarov faciənin səhəri gün (dekabrın 16-da)
Axtarışda olanlar: Zülfüqarov Azay, Bəhramov Cavid,
Əsədov Samir".
M.Qəhrəmanlı cəsədləri tapılmayan neftçilərin axtarışlarına da toxundu: "Əvvəlki qəzalar zamanı itkin düşənlərin tapılmaması dediklərimə əsas verir. Yenə də onu qeyd edirəm ki, qəzalar zamanı təşkil olunan axtarış işlərini qeyri-qənaətbəxş hesab edirəm. Xilasetmə sahəsində peşəkarlığın olmaması, qəzalar zamanı xilasetmə işlərinin təşkil oluna bilməməsi, hadisə yerində zamanında gəlib çatmamaları, lazımı texnika ilə təchiz olunmama və s. Bunlar dediklərimin sübutudur. Və Günəşli yatağında gedən xilasetmə işlərinin təşkili bunun sübutudur. Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsində baş verən qəzada itkin düşənlərin cəsədlərinin tapılmasına görə yerli əhaliyə təşəkkür etmək lazımdır. Cəsədləri görən, tapan balıqçılar və yerli əhali olub. 2015-ci ildə baş vermiş qəza vaxtı itkin düşən neftçilər 2016-cı ilin iyununda ölmüş hesab olunublar.2016-cı ildə də itkin düşən neftçilər də bu ilin iyununda ölmüş hesab olunacaq. Ümid isə yenə də təsadüfədir”.