Avropa Məhkəməsinin hicabla bağlı qərarı etiraz doğurdu

Kənan Rövşənoğlu: "Bu, Avropada anti-İslam meyllərinin gücləndiyini göstərir”; Mehriban Zeynalova: "Yaxşı olar ki, terrorizmlə mübarizənin başqa yollarını axtarsınlar”


Avropa Məhkəməsi iş yerində hər hansı siyasi və ya dini simvolların, o cümlədən hicab taxılmasının qadağan edilməsini qanuni hesab edib. Qərarda bildirilir ki, qadağa müştərilərin deyil, beynəlxalq şirkətlərin işçilərin "neytral geyinməsi” ilə bağlı tələblərinə əsaslanmalıdır. Xatırladaq ki, Belçikada G4S şirkətinin resepşnı hicabsız işləmək istəmədiyi üçün qovulmuşdu. Belçika kasasiya məhkəməsi işi Avropa Məhkəməsinə göndərmişdi. Bu, Aİ-nin ali məhkəmə instansiyasının iş yerində hicab taxılması ilə bağlı çıxardığı ilk qərardır.


Avropa Məhkəməsinin bu qərarı təkcə müsəlman ölkələrində deyil, qeyri-müsəlman dindarların da narazılığına səbəb olub. Avropa Ravvinlər Şurasının sədri Pinxas Qoldşmidt Avropa Ədalət Məhkəməsinin (ECJ) iş yerlərinə işçilərin "dini rəmz” xarakterli geyimləri qadağan etməsinə icazə verən qərarının Avropadakı dini azadlıqları məhdudlaşdıran bir mesaj olduğunu deyib.


Qoldşmidt açıqlamasında belə qeyd edib: "Bu qərar Avropanın dini azlıqları üçün dostca olmayan bir mesaj olacaq. Bu da cəmiyyət daxilində nifrət və əcnəbi düşmənçiliyinin artmasına yol aça bilər. İstər müsəlman geyimi, istər yəhudi kipası və ya tsitsiti, istərsə də sikxlərin baş örtüyü olsun, hər hansı bir dini xarakterli əşyaların daşınmasının qadağan edilməsi, imanlı insanların hüquq və azadlıqlarını məhdudlaşdırmaq cəhdidir”.


Bu qərar Azərbaycan ictimaiyyətində tərəfindən də birmənalı qarşılanmayıb.


Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu, Avropada anti-İslam meyllərinin gücləndiyini göstərir: "İlk baxışdan da görünür ki, qitədə artan irqçilik və İslam düşmənliyin təsiri var. Çünki daha əvvəl belə hal olmayıb.

Image result for Kənan Rövşənoğlu


Doğrudur, ayrı-ayrı yerlərdə çağırışlar var idi. Amma bir məsələni dəqiqləşdirmək lazımdır ki, bu qərar baş örtüsü barədədir, yoxsa niqab. Çünki niqab daha əvvəl Fransada qadağan olunmuşdu və bunu təhlükəsizlik məsələləri ilə izah edirdilər. Bu müəyyən mənada anlaşılan idi. Terrorçular daha çox niqabdan istifadə etdikləri üçün yoxlama tədbirləri zamanı üzün görünməsi vacibdir".


Ekspert hesab edir ki, bu qərar Şərqlə Qərb arasında bir uçurumun yaranmasından xəbər verir: "Mənə görə bu, Şərqlə Qərb arasında növbəti uçurumdur. Avropada bir neçə milyon müsəlman yaşayır, onların içərisində hicablılar da var. Eyni zamanda Avropa bütün müsəlman aləmi ilə əməkdaşlıq edir. Məsələn, bir yəhudinin və ya sinkxin, özünəməxsus geyim və ya başörtüsü ola bilər. Bunu qadağan etmək, Avropanın özünün də müsəlman aləmi ilə əlaqələrinə zərbə olacaq. Bu qərar demokratiya, ifadə və vicdan azadlığının olması ilə bağlı arqumentləri əzir. Bu da tədricən mədəniyyətlər arasında uçurumu dərinləşdirəcək”.

Image result for Mehriban Zeynalova


"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalova da bildirdi ki, bu, Avropanın bütün dünyada təbliğ etdiyi insan hüquqlarına, vicdan azadlığına ziddir: "Avropa dövlətlərinin öz qaydaları və qanunları var. Digər tərəfdən, Şərq ölkələrində hicaba çox önəm verilir. Avropaya tutulan iradın səbəbi isə odur ki, Qərb insanların dini azadlığı, geyim seçimi və sairlə bağlı demokratik dəyərlər təbliğ edir. Avropada qısa geyinənlərə qadağa qoymurlar ki... Bu, insanların seçim hüquqi kimi dəyərləndirilir. Ancaq hicab məsələsinə münasibət fərqli olur. Bu bir qədər də təhlükəsizlik məsələsi ilə bağlı məqamdır. Ancaq Avropa Məhkəməsinin bu qərarı insan haqlarının pozulması kimi qiymətləndirilir. Çünki Avropanın ali sənədlərində də göstərilir ki, hər bir kəsin dini azadlığı var, o dini azadlıqdan irəli gələn azad geyim seçimi hüququ var. Terrorizmlə bağlı bu cür qadağaların tətbiq edilməsi anlaşılandır. Ancaq digər tərəfdən insan hüquq və azadlıqlarına ziddir. İnsan haqları məsələsi bəzi məqamlarda Avropa üçün problemlər yaradır. O baxımdan, Avropanın bu cür bəyanatları onun əsas strategiyası olan demokratiyaya, insan hüquqlarına ziddiyyət təşkil edəndə bütün dünya ona qarşı çıxır. Bəzi insanlar var ki, bu geyim onun gündəlik həyatıdır, bununla yaşayır. Onlar hicabı atmasalar, təhsil hüququndan, əmək hüququndan məhrum olunacaqlar. Görün burada nə qədər ziddiyyətli məqamlar ortaya çıxır. Ona görə də yaxşı olar ki, terrorizmlə mübarizənin başqa yollarını axtarsınlar. Hazırda bütün dünya terrorizmlə çalxalanır. Ona görə də yaxşı olar ki, terrorçunu müəyyən etmək üçün başqa alətlərdən istifadə olunsun”.

Image result for Səidə Qocamanlı


Hüquq müdafiəçisi Səidə Qocamanlı da bildirdi ki, bu qərar insan haqlarına ziddir:"Avropa ölkələri İnsan Hüquq və Azadlıqları üzrə Avropa Konvensiyasına qoşulublar və həmin konvensiyada da birmənalı şəkildə deyilir ki, irqi, dini, milli mənsubiyyətindən asılı olmayaraq hər bir kəsin hüququ var. Bu qadağa isə hicablı xanımların hüquqlarını pozur. Bu da sözsüz ki, insan hüquqlarının pozulmasının təzahürüdür”.





[email protected]