“Qaçqınkom”da heç zaman Gülnarə Muxtarova adlı əməkdaş çalışmayıb”

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülnarə Muxtarovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Başlanan məhkəmə istintaqı ilə bağlı bir sıra media orqanlarının yazılarında dələduzluqda təqsirləndirilən Gülnarə Muxtarovanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin vəzifəli şəxsi olduğu qeyd edilib. 

“Qaçqınkom”da heç zaman Gülnarə Muxtarova adlı əməkdaş çalışmayıb”

Yazılarda qeyd edilib ki, ötən ilin martında Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakişi Behbudov, Yaqub Qarayev, Kamal Qasımov və digərlərinə qarşı dələduzluq etmiş Bakı şəhər sakini Gülnarə Muxtarova saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ümumilikdə 30 nəfəri aldadaraq onlardan 139 000 manat alması müəyyən edilib.

O, həmin şəxslərə Qaradağ rayonu "Ümid” qəsəbəsində məcburi köçkünlər üçün tikilən binalardan mənzil verəcəyini deyib. Bu yolla onların adını siyahıya salmaq üçün külli miqdarda pul alaraq, dələduzluq edib. Bəzi KİV-lərdə bu barədə xəbərlər "Qaçqınkom”un ev vermək adı ilə köçkünlərin pulunu mənimsəyən vəzifəli şəxsinin məhkəməsi başlayıb" şəklində gedib.


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti bununla bağlı açıqlama verib. "Yeni Müsavat”a verilən açıqlamada bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda Gülnarə Muxtarova adda vəzifəli şəxs, əməkdaş olmayıb: "Komitədə heç zaman Gülnarə Muxtarova adlı əməkdaş çalışmayıb”.




[email protected]