Hazırda bir sıra keçmiş siyasi məhbuslar var ki, onlara tətbiq edilən ölkədən çıxışları ilə bağlı qadağalar hələ də aradan qaldırılmayıb. Doğrudur, üzərlərindən bu qadağa götürülən şəxslər də var.
Əsasən ötən ilin bu vaxtlarından etibarən yaya qədər əfv və məhkəmə qərarları ilə azad olunan şəxslərin üzərində qadağalar var. Onlardan hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun, eləcə də jurnalist Rauf Mirqədirova ölkəni tərk etmələrinə icazə verilib və hazırda Azərbaycana qayıtmaq fikrində deyilir. Amma araşdırmaçı jurnalist Xədicə İsmayıl, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev, REAL-ın icraçı katibi Natiq Cəfərli kimi şəxslərin üzərində bu məhdudiyyətlər var.
İ.Əliyevə beynəlxalq tədbirdə iştirak etmək üçün məhkəmə qərarı ilə müvəqqəti çıxışına icazə verilsə də, ölkəyə qayıtdıqdan sonra onun üzərindəki bu qadağa tam olaraq aradan qaldırılmayıb. Hazırda o, məhkəmə qərarı olmadan ölkəni tərk edə bilməz. Həbs edilməsələr də, bu məhdudiyyətlə üzləşən tanınmışlar da var. REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlı, vəkil Əsabəli Mustafayev bu qəbildəndir.
Müsavat başqanının müavini Tofiq Yaqublu azad olunduqdan sonra ilk dəfə ölkədən çıxanda ciddi problemlərlə üzləşdiyini bildirdi: "Bəli, həbsdən çıxandan sonra ilk dəfə ölkədən çıxmaq istəyəndə mənim üçün ciddi problemlər yaradıldı. Lakin ondan sonra problem qaydasına düşüb, elə bir problemim yoxdur. Ölkədən sərbəst kənara çıxa bilirəm”.
Ötən ilin martındakı əfvlə azadlığa çıxan REAL-ın İdarə Heyətinin üzvü, hüquq müdafiəçisi Rəsul Cəfərov ölkədən çıxış qadağası olmadığını söylədi: "Əfvlə azadlığa çıxan hər kəs ölkədən çıxa bilir, o cümlədən mən də. Sadəcə, ölkədən çıxıb geri qayıtdığımız zaman xüsusi prosedur qaydasında yoxlamaya, sorğu-suala məruz qalırıq. Bundan əlavə, məhkumluq üzərimdə qaldığından nə Vəkillər Kollegiyasına üzv ola bilirəm, nə də seçkilərdə iştirak edə bilirəm. Əfvlə azadlığa çıxdığın zaman, əgər ölkədən çıxışına qadağa yoxdursa, çıxıb qayıda bilirsən”.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, bir il öncəki əfvlə azad olunan Anar Məmmədli çıxış məhdudiyyətinin olmadığını bildirdi: "Əfvlə çıxanlara bu, şamil olunmur. Amma şərti azadlığa çıxanlara bu qadağa var”.
"Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov azadlıqda olduğu bir il ərzində ölkədən çıxmadığını qeyd etdi: "Hələ ki ölkədən kənara çıxmamışam. Güman edirəm ki, heç bir məhdudiyyət yoxdur, belə ki, buna heç bir əsas da görmürəm”.