Adam oğrusu Fikrət Qocanın oğlunu öldürübmüş
![]()
Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın 57 yaşlı oğlu Yalçın Qocayev öldürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu, M.Cəlal küçəsində yerləşən şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində keçinib.
Xalq şairi Fikrət Qoca "Yeni Müsavat”a açıqlamasında bildirib ki, oğlunun öldürülməsindən məlumatsız olublar: "Elə bilirdik ki, çox pis şəkildə yıxılıb və həkimlər gələnə kimi keçinib. Sonradan bizə dedilər ki, belə bir hadisə olub”. Mən oğlumu itirmişəm. Daxili İşlər Nazirliyi çox sağ olsun ki, bu məsələyə aydınlıq gətirib. Amma bunun da heç bir təsəllisi yoxdur. Çünki mənim bir oğlum var idi. O da öldü. İstəyirlər 100 adam tutsunlar. Bunun mənə xeyri var? Əlbəttə ki, səbəbini açıb öyrənəcəklər ki, onu kimlər niyə öldürüb” deyə, xalq şairi bakupost.az-a bildirib.
Şair qeyd edib ki, oğlunun hansı səbəbdən öldürüldüyünü bilmir: "Mən onu belə qudurtmamışam ki, atasına görə lovğalıq etsin. O, çox ağıllı və savadlı bir oğul idi. Ən yüksək vəzifələrdə belə işləyib. Oğlum hər şeyin qədrini bilirdi. Onun nə düşməni ola bilərdi ki?”
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ruslan Məmmədov, eyni təvəllüdlü Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Pərviz Hüseynov tutulublar. İlkin məlumatlara görə, həmin gün hər 3 şəxs əvvəldən tanıdıqları Y.Qocayevin iş yerinə gələrək orada içki məclisi qurub. Məclis tərəflər arasında mübahisə ilə nəticələnib. Y.Qocayev özündən çıxmış R.Məmmədovu sakitləşdirmək istəyib. Əvəzində sonuncu onun başına yumruq zərbəsi endirib. Y.Qocayev yerə yıxılandan sonra hər 3 şəxs onun otağını tərk edib. Nəsimi Rayon Polis İdarəsindən bu məlumatı təsdiqləyiblər.
Sonradan hadisə yerinə təcili tibbi yardım gəlib. Həmin vaxt Y.Qocayev artıq keçinibmiş. Hadisə yerində Y.Qocayevin cansız bədənini müayinə edən məhkəmə tibb ekspertlərinin ilkin qənaəti belə olub ki, mərhum yerə yıxılma zamanı aldığı xəsarət nəticəsində dünyasını dəyişib. Sonradan meyitin ətraflı müayinəsi isə onun başına küt alətlə vurulan zərbənin təsirindən dünyasını dəyişdiyini ortaya çıxarıb. Araşdırmalar zamanı həbs edilən 3 şəxsdən biri, birbaşa Y.Qocayevin ölümündə təqsirləndirilən R.Məmmədovun əvvəllər adam oğurluğuna görə həbsdə olduğu üzə çıxıb. Digər 2 şəxsin - Elnur Nəhmədov və Pərviz Hüseynovun cinayət haqda bilib xəbər verməməkdə ittiham ediləcəkləri gözlənilir