Bu ölkə diplomatlarının Türkiyəyə gəlməsi yasaqlanıb, hava sərhədindən istifadə qadağan olunub
![]()
Avropada türk nazirlərə ərəb qaçqını kimi davranılmasının ortaya çıxardığı gerçəklik...
Türkiyə Hollandiyanın onun referendum üzrə təşviqatı ilə bağlı nazirlərini ölkəyə buraxmaması və Rotterdamdakı konsulluğunun qarşısında toplaşan türklərə qarşı güc tətbiq edilməsi ilə əlaqədar bir sıra cavab tədbirləri keçirir. Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş qarşı tərəfdən üzr gələnədək Türkiyənin 4 tədbir aldığını elan edib.
Baş nazirin müavini deyib ki, Hollandiya səfirinin tələblər yerinə yetirilməyənədək Türkiyəyə geri qayıtması qadağan olunub. Hollandiya ilə yüksək səviyyəli münasibətlərin təxirə salınması qərarlaşdırılıb. Bu ölkə diplomatlarının Türkiyəyə gəlməsi və diplomatik uçuşlar yasaqlanıb: "Hollandiya səfirinin Türkiyəyə dönməsinin yasaqlanması, əvvəlcədən planlaşdırılmış rəsmi tədbir və görüşlərin təxirə salınması, diplomatik olan uçuşlara verilən iznlərin qaldırılması və hava sahəsindən istifadəyə izn verilməməsi, Türkiyə Böyük Millət Məclisi ilə Hollandiya parlamenti arasındakı dostluq qrupunun Türkiyə tərəfindən ləğv edilməsi”.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə deyib ki, holland xalqını hədəfə almaq niyyətləri yoxdur: "Onlara zərər verməyəcəyik. Çünki bu, onların xətası deyil. Holland xalqı Türkiyənin dostudur. Hollandiya hökumətinin irqçi lider Valdersdən zərrə qədər fərqi yoxdur. Hollandiyada baş tutacaq seçkilərdə kimin qalib gələcəyinin önəmi yoxdur. İstənilən halda, Valdersin tərəfdarları xoşbəxt olacaqlar”.
Qeyd edək ki, Hollandiyanın ultrasağçı Azadlıq Partiyasının lideri Qrit Valders Çavuşoğlunun səfərinin ləğvi ilə bağlı kampaniya başlatmışdı.
Bu arada Almaniya kansleri Angela Merkel Hollandiyaya tam dəstək və həmrəylik təklif edib.
Almaniya və Hollandiyanın ardınca Avstriya hökuməti də Türkiyə siyasətçilərinin bu ölkədə seçki kampaniyalarının keçirilməsini qadağan edib. Bu barədə Avstriya baş naziri Kristian Kern açıqlama yayıb. O, "Türk nazirlər referendum üçün Avstriyada seçki kampaniyası keçirmək istəsə, buna mane olmağa çalışacağam. Cəmiyyətin təhlükəsizliyinə görə belə cəhdin qarşısını almalıyam”-deyib.
"Hollandiyada türk nazirlərə qarşı ərəb qaçqınlar kimi davranılmasına səbəb nədir? Avropa dəyərləri getdikcə öləziyirmi?
Əvəzində millətçilik önə çıxırmı? Belə biz vəziyyətin yaranmasında Avropaya kütləvi ərəb qaçqını axını da rol oynayırmı” suallarına Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva diqqətçəkən açıqlamalar verib.
Y.Hacıyeva "Yeni Müsavat”a bildirdi ki, Türkiyə nazirlərinin Hollandiya ərazisinə girişinə imkan verilməməsi təxribatdır. Nəzərə alınsa ki, Türkiyə NATO-nun üzvüdür və Türkiyə ərazisində İncirlikdə Hollandiyanın da hərbçiləri, hərbi təyyarələri var. Belə faktın mövcud olduğu bir zamanda Türkiyə nazirini gətirən təyyarənin Hollandiyaya enməsinə icazə verilməməsi münasibətləri korlamalı idi: "Bunu Hollandiya hökuməti nəzərə almalı idi. Görünən odur ki, Türkiyənin xarici işlər nazirinə qarşı böyük hörmətsizlik edilib. Nazirin timsalında bütün Türkiyə dövlətinə hörmətsizlik olub. Hollandiya Avropa Parlamentində qondarma ”erməni soyqırımı" iddialarına əsas dəstək verən ölkələrdəndir.
AKP-nin Hollandiyada mitinq keçirmək istəyi anlayışla qarşılanmalı idi. Çünki Hollandiyada yüz minlərlə türk seçici var, böyük türk diasporası fəaliyyət göstərir. Bu vətəndaşlar ikili pasporta malikdirlər-həm Hollandiya, həm Türkiyə vətəndaşlığı daşıyırlar. Həmin vətəndaşlar Türkiyədə keçirilən referendumda seçici olaraq iştirak etmək hüququna malikdirlər. Hollandiya bu qədər insanın seçki kampaniyasında iştirak etmək hüququnu kobud şəkildə pozmuş oldu. Bu hadisə illərdir hər kəsin istinad etdiyi, arxalandığı Avropa dəyərlərinin sarsıdılması idi. Hollandiya hökuməti bu addımı ilə özünün türk vətəndaşlarının da hüquqlarını pozmuş oldu. Eynilə digər Avropa ölkələri də insanların seçki kampaniyasında iştirak hüququnu pozur. Azad seçki, seçki hüququ, insan haqları məsələlərində örnək olan Avropada belə bir durumun yaranması təəssüf doğurur.
Avropada yaşayan Türkiyə vətəndaşlarının seçki kampaniyalarında iştirak etmək haqqını BMT-nin İnsan Haqları Konvensiyası da tanıyır. Hollandiya, Almaniya, Danimarka və digər Avropa ölkələri də bu konvensiyaya qoşulan ölkələrdir. Deməli, indi onlar özlərinin qoşulduğu BMT konvensiyasını da pozmuş olurlar".
Ekspert vurğuladı ki, özü üçün insan haqlarının hər şeydən üstün olduğunu bəyan edən bir ölkənin seçki mitinqi keçirmək istəyən öz vətəndaşlarına qarşı qadağa qoyması, o cür sərt davranması, Türkiyə nazirlərinə qarşı isə qanunları pozan ərəb qaçqınlara davranırmış kimi davranmaları Avropa dəyərlərinin tapdanmasıdır: "Nəzərə almaq lazımdır ki, Türkiyə islam müsəlman dövlətləri içində ən dünyəvi, sekulyar böyük dövlətdir. Avropa ən azından bu amili nəzərə almalıdır. Baş verənləri izlədikdə belə mənzərə yaranır ki, Avropada hakimiyyətə gəlmək üçün millətçilik, dini ayrı-seçkilik ciddi bir karta çevrilir. Siyasi liderlər radikal millətçi mövqe ortaya qoymadan uğur qazanmayacaqlarını düşünürlər. Bu da Avropa dəyərlərinin sarsılmaqda olduğu təhlükəsindən xəbər verir. Liberal dəyərləri radikal millətçilik üstələyir. Bu proses Avropanın özünə böyük problemlər gətirə bilər. Demokratik dəyərlər, liberal dəyərlər öləziyir”.
Y.Hacıyeva vurğuladı ki, böyük miqrant axınının da belə vəziyyətin yaranmasında təsiri var. Avropa böyük miqrant axınından, xüsusilə də qanunlara məhəl qoymayan, radikal əhval ruhiyyəli ərəb miqrantların axınından ciddi narahatlıq keçirir: "Bunun təsiri altında Avropada özünüqoruma instinkti kimi millətçilik əhvalı baş qaldırır. Avropa cəmiyyətinə inteqrasiyası mümkünsüz görünən 4 milyon ərəb qaçqını problemi Avropanı silkələyir və artıq fəsadlarını göstərir. Özünü Ərəbistan səhrasındakı kimi aparan ərəb qaçqınların axını faktoru da Avropada millətçiliyi artırır, Avropa dəyərlərinin isə zorən də olsa arxa plana keçirilməsinə gətirir. Bu gedişlə Avropa ölkələrində qarşıdakı seçkilərdə millətçilər önə çıxacaqlar. Avropada millətçilər hakimiyyətə gəlirlər. Avropa özünü bu şəkildə qorumaq yolunu tutur”.
Avropanı bilən siyasilərdən sayılan Yeni AXCP-nin sədri Razi Nurullayev isə bildirdi ki, əslində son zamanlara qədər Avropada türklərə qarşı heç vaxt ərəb və Afrika qaçqınlarına olan münasibət olmayıb. Türkiyə coğrafi baxımdan Avropaya daxil ölkədir, o biri yandan isə şanlı Osmanlı İmperiyasının adını daşıyan ölkədir. Avropalılar da bilir ki, türklər o zamanlar istədikləri yerlərdə barbarlıq etməyiblər, qanun və qaydalara əməl ediblər. Əgər Avropanın tarixini araşdırsaq, məhz avropalıların özlərinin bir-birini və digər xalqları qan içində boğduğunun şahidi olarıq.
R.Nurullayev qeyd etdi ki, Türkiyə XİN başçısının terrorçu kimi qarşılanması və təyyarəsinin geri göndərilməsi, quru sərhədi ilə gələn nazirin "arzu olunmayan şəxs” elan olunması elə Avropanın öz dəyərlərinə hörmətsizliyidir. Niderland və Almaniya öz ölkələrində fundamental azadlıqları və sərbəst toplaşmaq hüququnu pozub: "Ərdoğanın uzun müddət hakimiyyətdə qalması Avropanı çox narahat edir. Çünki Türkiyə güclənir, şərtlər irəli sürür, boyun əymir və dünya iqtisadiyatının aparıcı ölkələrindən birinə çevrilir. Referendum isə Ərdoğanın daha da güclənməsinə xidmət edir. Avropa liderləri güclənmiş Türkiyə istəmirlər. Bəlkə də Avropanın qan yaddaşında Osmanlı qalıb və onlar Ərdoğanın timsalında yeni Sultan Süleyman görməyə başlayıblar”.