EİTİ nümayəndəsi: "Azərbaycan tələbləri yerinə yetirməlidir"

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (The Extractive Industries Transparency Initiative - EITI) kollegiya iclasında Azərbaycan "islah tədbirlərini tam yerinə yetirməmiş kimi" qiymətləndirilib.

EİTİ nümayəndəsi: "Azərbaycan tələbləri yerinə yetirməlidir"

"Bu o deməkdir ki, ölkə bu mərhələdə tələbləri yerinə yetirməyib. Bu o deməkdir ki, onlar tələbləri yerinə yetirməlidir", qurumun Orta Şərq və Afrika üzrə regional direktor və direktor müavini Eddie Rich BBC Azərbaycancaya bildirib.

"İdarə Heyəti onu qeyd etmək istəyir ki, bəzi sahələrdə inkişaf olsa da, vətəndaş cəmiyyəti məkanı ilə bağlı tələblərdə əhəmiyyətli irəliləyiş əldə olunmayıb", o əlavə edib.

O rəsmi Bakının, Azərbaycanın bu qurumda fəaliyyətinin dayandırılması kimi izah edilən bu addıma şərhinin nə olduğunu xəbərdar olmadığını qeyd edib.

Təşkilatın saytında bildirilir ki, 26 iyul 2017-ci ildə ölkənin islah tələblərini yerinə yetirib-yetirmədiyi məsələsinə üçüncü tərəf qiymətləndirmə çərçivəsində baxılacaq.

Cənab Rich izah edir ki, Azərbaycan bütün qoyulmuş standartlara çata bilsə, o zaman "standartlara uyğun" kimi qiymətləndirilə bilər.

EITI dünyada mədən hasilatı ilə məşğul olan şirkətlərin şəffaflığını təmin etmək üçün çalışan və Britaniyada yaradılmış qurumdur.

Azərbaycan ona qoşulmuş ilk ölkələrdən biridir və bu qurumda fəaliyyətilə bağlı BMT mükafatına layiq görülüb.

Lakin vətəndaş cəmiyyətinə basqılar barədə məlumatlardan sonra onun qurumda üzvlüyünün səviyyəsi aşağı salınıb.

Ötən ilin oktyabrın 26-da təşkilat, Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etmək üçün 6 ay vaxt vermişdi.

2015-ci ilin aprelində EİTİ-ın 14 illik üzvü olan Azərbaycanın statusu tamhüquqlu üzvlükdən namizədə qədər azaldılıb.

Qurumun standartlarını yerinə yetirmək üçün hər ölkə EITI Standartında göstərilən şəffaflıq tələblərini həyata keçirdiyini göstərən müstəqil qiymətləndirmədən keçməlidir. Bu, "EITI Attestasiyası" adlanır.
Azərbaycan bu attestasiyadan keçməli olmuş ilk ölkədir (BBC).




[email protected]