Həyat yoldaşını döyərək öldürməkdə təqdirləndirilən şəxsin cinayər işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"İctimaifikir.az" Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Namiq Əkbərzadənin cinayət işi üzrə məhkəmə prosesi hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilib.
Bildirək ki, qətlə yetirilən 2 uşaq anası 37 yaşlı Dilarə Hüseynovadır. Onu qətlə yetirməkdə təqdirləndirilən şəxs isə 1974-cü il təvəllüdlü əri Əkbərzadə Namiq İsa oğludur.
İlkin araşdırmalar zamanı məlum olub ki, əri tərəfindən vəhşicəsinə döyülərək öldürülən Dilarə Hüseynova Bakı Biznes və Koorperasiya Kollecində müəllim işləyirmiş.
Əkbərzadə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ölümə səbəb olduqda) və 120.1-ci maddələri ilə təqsirli bilinir.
Əkbərzadə həyat yoldaşını taxta ilə döyərək qətlə yetirib.
Martın 9-da baş tutan məhkəmə prosesində qətlə yetirilən şəxsin hüquqi nümayəndəsi kimi tanınan bacısının mülki iddiası elan edilib. Mərhumun bacısı dəfn mərasiminə 2 min manat xərc çəkdiklərini və bu məbləğin təqsirləndirilən şəxs tərəfindən ödənilməsini istəyib. Məhkəmə vəsatəti qəbul edib və qərar elan edilərkən baxılacağı bildirilib.
Dövlət ittiamçısı ittiham aktını elan edib. İttihama görə, Əkbərzadə arvadını mübahisə zamanı taxta ilə döyərək öldürüb.
Əkbərzadə elan olunan ittihamla özünü təqsirli bildiyini söyləyib.
Daha sonra prosesdə Namiq Əkbərzadə ifadə verib. O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini deyib. Əkbərzadə arvadı ilə aralarında daim mübahisə olduğunu deyib.
"Hər şey üstündə mübahisəmiz olub. Çox vaxt onu uşaqların xətrinə yola vermişəm. Həmin gün qayınanam da bizə gəlmişdi. Onlar da bizim aramızdakı mübahisələrdən xəbərdar idilər. Qayınanam, baldızım, qaynımla heç bir problemimiz yox idi. Heç birinə "pisdir" deyə bilmərəm. Sadəcə arvadımda çatışmazlıq var. Həmin gün qayınanam dedi ki, "gəl söhbət edək. Nə məsələdir?" Dedim, həmişə olanlar, qızında çatışmazlıq var. O da zarafatla dedi ki, "səndə də var". Mən də cavab verdim ki, məndə yox, qızında çatışmazlıq var. Sonra çıxıb digər otağa getdim. Öz aralarında zarafatlar etdilər"- deyə Əkbərzadə ifadəsində söyləyib.
Əkbərzadə "arvadımda çatışmazlıq var idi" deməsini belə izah edib: "Onun çatışmazlıqları əqli deyildi. Özünü apara bilmirdi, söyüş söyürdü, danışıqlarını bilmirdi. Həmin gün qayınanam gələndə dedi ki, "bu uşaqlardan biri də səndən deyil". Qayınanama da dedim ki, gör qızın necə səy-səy danışır. Getdi otağa. Arxasınca gedib dedim ki, bu nə sözdür deyirən? Uşaq kimdəndir? Dedi ki, "yaxşı eləmişəm". Əsəbləşdim əlimdə olan taxta ilə başına iki dəfə vurdum. Uşaqların yatmağını gözlədim. Sonra polisə getdim".
Daha sonra prokurorun suallarını cavablandıran Əkbərzadə söyləyib ki, arvadı ilə münasibətləri son 4 ildə pozulub: "Həyatdan sönmüş adam idi. Xoşbəxt olmaq istəmirdi. Hər gün yatanda əlini qaldırıb Allahdan ölümünü istəyirdi. Deyirdi ki, "səndən bezmişəm". Amma səbəbini də demirdi. İlk dəfə idi ki, mənə bu sözləri deyirdi. Heç vaxt onu vurmamışdım. Həmişə yola vermişəm".
Əkbərzadə məhkəmə zamanı sualları cavablandırarkən qeyd edib ki, arvadını öldürmək üçün vurub.
Müəllimə işləyən arvadını öldürməkdə təqsirləndirilən Əkbərzadə mərhumun ailə üzvlərinin vəkilinin "sizin təhsiliniz nədir" sualına aqressiv cavab verib.
O deyib ki, təhsili orta olsa da ali təhsillilərdən savadlıdır: "Orta məktəbi çox yaxşı oxumuşam. Şəklim həmişə şərəf löhvəsində olub. Mən çox ali təhsillidən savadlıyam. Elə səndən də savadlıyam".
Əkbərzadə vəkillərin suallarını cavablandırarkən arvadını yatdığı zaman öldürmədiyini qəzəbli şəkildə söyləyib: "Pəhləvan deyildi ki, onu yatan yerdə vurum? Niyə gücüm çatmayacaqdı? Otağa girdim, işığı yandırdım, sözümü dedim. Yataqda idi. Başından vurdum, parçalandı. Yaxşı eləmişəm".
Əkbərzadə istintaqa ifadəsində arvadının ona xəyanət etdiyini və buna görə də onu vurduğunu deyib. Əkbərzadə bu sözlərini təsdiq etdiyini, amma bu haqda əlavə heçnə danışmaq istəmədiyini bildirib.
Mərhumun qardaşı Əli Hüsrynov da məhkəmədə ifadə verib.
O, Əkbərzadənin narkotik vasitə istifadəçisi olduğu üçün bacısı ilə aralarında soyuqluq yarandığını bildirib.
Ə.Hüsrynov bacısının daim hədələndiyini, təhdid və təhqir olunduğunu söyləyib: "Hətta öldürəcəm deyirdi. Bizdə səs yazısı da var. Deyirdi ki, "uşaqlar böyüsün səni öldürəcəm". Yalandan deyir ki, bacımda çatışmazlıqlar olub. Bu özünü apara bilmirdi, bacımı söyürdü. Namiqdə qadınlara qarşı xof var".
Məhkəmədə o da məlum olub ki, mərhum 2013-cü ildə ərindən boşanmaq istəyib. Qətlə yetirilən müəllimənin qardaşı Əli məhkəmədə deyib ki, bacısımı bu fikrindən ailəsi ilə birlikdə daşındırıb.
"Moskvadan zəng edib bacıma deyirdi ki, "səni gəlib öldürəcəm. Evinizi yandıracam". Bu da mentalitet məsələsi idi. Düşündük ki, boşanmasınlar, uşaqları var"- deyə Əli bildirib.
Məhkəmənin növbəti iclası martın 16-na təyin edilib.