“Azərbaycanı Venesuelanın aqibəti gözləmir”

Neft ölkəsi defolt ola bilər, "qara qızıl” bahalaşmasa, bu ölkə çıxılmaz duruma düşəcə

“Azərbaycanı Venesuelanın aqibəti gözləmir”
Neft ölkələrindən olan Venesuela defolt olmaq təhlükəsi ilə üzləşib. Bu ölkənin hazırda cəmi 10,5 milyard dollar qızıl ehtiyatı qalıb və bu ehtiyatlar da sürətlə əriməkdədir. Ölkə bu ilin sonuna qədər təxminən 7,5 milyard dollar borc ödəməlidir. CNN kanalı xəbər yayıb ki, Venesuelanın pulunun nə vaxt qurtaracağını demək çətindir: "Pul bitəndə isə böyük ehtimalla ölkə özünü defolt elan edəcək”.


Qeyd edək ki, ölkənin hazırda sahib olduğu 10 milyard ehtiyatın 7,7-si qızılladır. Ölkə neft qiymətlərinin enməsi səbəbindən kəskin maliyyə problemləri yaşayır. Hətta xam neftin 1 bareli 100 dollar olduqda, Venesuela büdcə tərəfindən planlaşdırılan xərcləri çətinliklə təmin edirdi. Qiymətlər endikdən sonra vəziyyət daha da pisləşdi. Əsas olaraq, idxal həcmi iki dəfə azaldı ki, bu da əksər məhsulların defisitinə gətirib çıxardı. Hazırda Venesuelanın ödənilməmiş xarici borcu 71 milyard dollardır. Onlardan 10 milyard dolları 2017-ci ildə qaytarılmalıdır.


Eksperlər hesab edir ki, hər şey bu il ölkənin tədiyyə balansının necə formalaşmasından asılı olacaq. Analitiklərin hesablamalarına görə, neftin bir bareli orta hesabla 46 dollar olsa, Venesuelanın tədiyyə balansında kəsir yaranmayacaq. Yəni prinsipcə Venesuela bu il qaytarmalı olduğu borclarını ödəmək üçün pul tapacaq. Lakin ölkədə iqtisadi böhran pik həddədir. Beynəlxalq Valyuta Fondu proqnozlaşdırır ki, bu il ölkədə inflyasiya 1660 faiz olacaq, gələn isə 3000 faizə yaxınlaşacaq.


Bu mənada OPEC ölkələrindən Venesuela da Azərbaycan kimi neftin qiymətinin aşağı olmasından daha çox narahat idi və hasilatın azaldılması üçün hamıdan çox can atırdı. Lakin digər neft ölkələri - İraq, İran, Anqola, Səudiyyə Ərəbistanı bütün çətinliklərə baxmayaraq neftin ucuzlaşmasını Venesuela kimi fəlakət hesab etmir.


Rusiya, ümumiyyətlə, neftin barelinin 40 dollar olmasını pis hesab etmir, ona görə də neft bazarının oyunçuları Venesuelanı xilas etmək üçün hansısa riskli addımlara getməyəcəklər.


Bəs görəsən, Venesuelada yaşanan durum nə zamansa neft ölkəsi olan Azərbaycanda da təkrarlana bilərmi?

Hər iki ölkənin iqtisadi durumunu və neft gəlirlərindən asılılıq səviyyəsini qiymətləndirən iqtisadçı ekspert Vüqar Bayramov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanın ötən il ən başlıca hədəflərindən biri valyuta ehtiyatlarının qorunub saxlanılması oldu: "Nəzərə alsaq ki, neft gəlirlərinin azalması səbəbindən valyuta ehtiyatlarının azalması da gözlənilən idi. Ancaq 2017-ci ildə Dövlət Neft Fondundan daha çox transfer nəzərdə tutulub. Çünki 2017-ci ilin dövlət ehtiyatlarının həcmi 32,5 milyard manat olacaq ki, onun da 6,1 milyard manatı birbaşa büdcəyə transfer olunacaq, 7,5 milyard manatı isə Mərkəzi Banka transfer edəcək”.


İqtisadçının sözlərinə görə, neftin qiymətinin 55 dollar ətrafında sabitləşməsi Azərbaycanın vəziyyətini yüngülləşdirir: "Ancaq bir məqam da önəmlidir ki, bu il neftin qiyməti daha stabildir. Ən azı ötən iki ayda dünya bazarındakı orta qiymət Azərbaycanın maraqlarına uyğun hesab edilə bilər. Neftin bir barelinin qiyməti hazırda 55-56 dollar intervalında dəyişir ki, bu da Azərbaycan üçün arzuolunan qiymət hesab oluna bilər. Bu, ölkənin əvvəlki neft gəlirlərini bərpa etməsə də, manatın məzənnəsinin qorunması baxımından əhəmiyyət kəsb edir. Birmənalı olaraq bir məqamı qəbul etməliyik ki, Azərbaycan üçün neft bumu arxada qalıb.

Neftin qiyməti nə zamansa yüksək olsa belə, heç zaman həmin dövrə qayıtmaq mümkün olmayacaq”.

Image result for Vüqar Bayramov


V.Bayramovun fikrincə, hazırda Azərbaycanın defolt olmaq təhlükəsi yoxdur: "Ölkənin qısamüddətli hədəfi 2020-ci ilədək olan hədəfdir. 2016-2020-ci illər yaxın hədəf kimi qiymətləndirilir. Yaxın dövrdə defolt olma təhlükəsi yoxdur. Orta və uzunmüddətli dövrdə valyuta ehtiyatlarının həcmi birbaşa islahatların səviyyəsindən asılı olacaq. İslahatlar iqtisadiyyatın sağlamlaşdırılmasına və idarəetmə aparatının təkmilləşdirilməsinə gətirib çıxara bilər. Nəticədə iqtisadi islahatlar valyuta ehtiyatlarının qorunmasına da müsbət təsir göstərə bilər. Lakin hazırkı dövrdə defolt təhlükəsi yoxdur və proqnozlaşdırılmır. Amma sözsüz ki, yenə də bütün hallarda Azərbaycan iqtisadiyyatının növbəti illərdəki inkişaf trayektoriyası birbaşa iqtisadi və struktur islahatların hansı səviyyədə həyata keçirilməsindən asılı olacaq. Hökumət yol xəritəsində nəzərdə tutulan islahatları həyata keçirməklə Azərbaycanı defolt təhlükəsindən xilas edə bilər”.





[email protected]